Məhkəmə qərarları › İş №3(060)-2704/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2704/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2704/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 və onun vəkili Vəkil, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Sumqayıt şəhər Polis idarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis kapitanı X3 iştirakları ilə, X1 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə dair işə baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X6 (bundan sonra – şikayətçi) oğlu Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi ona məxsus olan ** DJ *** nömrəli avtomobili ilə nizamlayıcının, işıqforun avtomobilə icazə verdiyi “yaşıl” işığında yol keçmişdir. Lakin yolayrıcını keçmə qaydalarını pozduğu üçün (YPX-nin dediyinə görə) o, cərimə olunmuşdur. İş üzrə onların sübut dedikləri video, hətta müvafiq inzibati qarar, protokol belə ona təqdim olunmamışdır. Şikayətçi məhkəmə iclasında verdiyi şikayətlə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, xx.xx.2023-cü ildə Sumqayıt şəhərinin Sülh bə Bakı küçələrinin kəsişdiyi yerdə işıqforun yaşıl işığı yanan zaman yolu keçmiş və bu vaxt yolu keçməkdə olan “Mercedes Galenvaqen” markalı avtomobillə toqquşmuşdur. Lakin, polis əməkdaşı təqsirin onda olduğunu bildirərək barəsində protokol tərtib etmişdir. Qeyd edilənlərə əsasən şikayətçi şikayətin təmin edilməsini xahiş etdi. Şikayətçinin vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, X4 nizamlayıcının, işıqforun avtomobilə icazə verdiyi “yaşıl” işığında yolu keçmişdir. Belə olan halda o hər hansı qayda pozuntusuna yol verməmişdir. Polis əməkdaşı “Mercedes Galenvaqen” markalı avtomobilin yolayrıcında olduğunu bildirsə də, bu ehtimala əsaslanır. Qeyd edilənlərə əsasən vəkil şikayətin təmin edilməsini xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı, Polis kapitanı X5 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixində Sumqayıt şəhərinin Sülh küçəsi ilə Bakı küçələrinin kəsişməsində X4 nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Videomateriala baxdıqda aydın görünür ki, şikayətçiyə məxsus avtomobil yolayrıcına daxil olduğu zaman toqquşduğu avtomobil artıq yolayrıcında idi. Belə olan halda şikayətçi digər avtomobilin yolayrıcını keçməsini gözləməli idi. Qeyd edilənlərə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, nizamlanan yolayrıcı — hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır (1.12). Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır (76.İV). Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir (76.V). Belə ki, məhkəməyə təqdim edilmiş və işə əlavə edilmiş videodiskdəki görüntülərə baxış keçirilərkən müəyyən edilir ki, şikayətçi işıqforun yaşıl işığı yanan zaman idarə etdiyi avtomobillə yolayrıcına daxil olmuş, bu zaman yolayrıcında olan və yolayrıcını tərk etməmiş avtomobillə toqquşmuşdur. Bununla da o, “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə, X1 şitkayəti əsassız olduğundan rədd edilməlidir. Məhkəmə hesab edir ki, X2 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar