Məhkəmə qərarları › İş №3(060)-2705/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2705/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2705/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Qönçə Süleymanlının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə, Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat bağları, ünvan 2n (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Qönçə Süleymanlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 oktyabr 2025-ci il tarixli, MN2326451 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2019 tarixli 2(004)-4283/2019 nömrəli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024 tarixli 2(012)- 734/2024 nömrəli icra sənədləri üzrə 8260 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Qönçə Süleymanlı protokolu elan etmiş və bildirmişdir ki, borclu Şəxs xx.xx.2019 tarixli 2(004)-4283/2019 nömrəli icra sənədi üzrə ümümumilikdə 5200 manat ödəniş etmiş, 6940 manat isə aliment borcu ödənilməmişdir. xx.xx.2024 tarixli 2(012)-734/2024 nömrəli icra sənədi üzrə isə 1320 manat məbləğində borc yığılmışdır. Aliment ödənilmədiyi üçün tələbkar dəfələrlə şikayət etmiş və pulun tam məbləğdə ödənilməsini tələb etmişdir. Borclu Şəxs barəsində axtarış elan edilmiş, hazırda axtarış qərarı ilə icra idarəsinə gətirilmişdir. İcra işi daha əvvəl başqa icra məmurlarının icraatında olmuş və borclu barəsində bütün məcburi icra tədbirləri görülmüşdür. Tələbkar Zərərçəkmiş şəxs telefon vasitəsilə məlumat verərək bildirmişdir ki, o hazırda işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmir və alimentin tam ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətada özünü qismən təqsirli bilərək izahatında qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə anası xəstə olduğu üçün boşanmışlar. O, anası alzheimer xəstəsi olduğu üçün anasına baxır və bu səbəbdən də mütəmadi olaraq işləyə bilmir. O, tərtib edilmiş protokolda qeyd edilən 8260 manat borc məbləğinə etiraz etmədiyini, sonuncu dəfə 2025ci ilin avqust ayında 220 manat pul ödədiyini və hazırda ona vaxt verilərsə 300 manat da ödəyə biləcəyini bildirmişdir. Məhkəmədən ona ödəniş üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, müdafiə etdiyi şəxs Şəxs müəyyən zaman ərzində aliment ödənişi etmiş, lakin hazırda xəstə valideyninə baxdığı üçün maddi vəziyyəti ağırdır. O, hazırda vaxt verilərsə 300 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. Zərərçəkmiş özü də ingilis dili müəllimi işləyir. Həmçinin, icra məmuru tərəfindən bütün icra tədbirləri həyata keçirilməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4283/2019 nömrəli icra vərəqəsindən görünür ki, 08 dekabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 iyun 2019-cu il tarixdən başlayaraq hər ay Şəxs 160 (bir yüz altmış) manat sabt pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4283/2019 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, borclu Şəxs X2 borcunun ödənilməsi üçün xx.xx.2021-ci il tarixədək vaxt verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(012)-1361/2021 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-290/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(060)-648/2021 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-734/2024 nömrəli icra sənədinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4283/2019 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-734/2024 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası üçün vaxt verilmişdir. Borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 4283/2019 nömrəli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 734/2024 nömrəli icra vərəqələri bir icraatda birləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(060)-378/2024 nömrəli qərardadından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 4283/2019 nömrəli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 734/2024 nömrəli icra sənədləri üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4283/2019 nömrəli qətnaməsi ilə Şəxs hər ay sabit pul məbləğində 160 (bir myüz altmış) manat alimentin tutulması müəyyən edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-734/2024 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. İş üzə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrasına dair bildiriş və xəbərdarlıq borcluya təqdim olunmuş, borclu çağırışlara gəlmədiyi üçün barəsində axtarış elan edilməsinə dair qərar qəbul edilmişdir. Borclu ödənişləri tam etmədiyi üçün onun bu günə kimi 8260 manat aliment borcu yaranmışdır. İşin təsviri hissəsində göstərilən hallardan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədlərini qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, borclu Şəxs anasının alzheimer xəstəsi olduğu üçün işləyə bilmədiyini bildirsə də, həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qeyd edilən hal onun qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icra məmurunun tələblərini yerinə yetirmək öhdəliyinin icra edilməsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əvvəllər də eyni xəta ilə inzibati məsuliyyətə cəlb edilsə də, icra sənədləri üzrə ösənişlər etməməsini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar