Məhkəmə qərarları › İş №3(060)-2707/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2707/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2707/2023 24.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin 14 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin 14 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətlə birlikdə, X3 qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müaciət etmişdir. Qərardan şikayət və vəsatət xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. X3 müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərar rəsmi qaydada göndərilməmiş, ancaq o müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Ona görə də müddəti ötürməmişdir. Şikayət vermə müddətinin bərpası barədə vəsatətə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxs X3 öz izahatında bildirmişdir ki, hazırki şikayətinə əlavə etdiyi sənədlər onun rəsmi qeydiyyatda olduğu İsmayıllı rayonu Diyallı kəndinə poçt vasitəsi ilə göndərilmiş, orada isə valideynləri yaşayır. Həmin sənədləri valideynləri qəbul etmişlər, lakin ona məlumat verməmişlər. Bu səbəbdən də barəsində cərimə olmasından xəbərsiz olmuşdur. Müvafiq sənədlər onların ünvanına təxmini sentyabr ayının əvvəlləri və ya ortasında daxil olmuşdur. Həmin sənədləri sonradan valideynləri ona göndərmişdir. Valideynləri tərəfindən ona göndərilmiş sənədləri 04 oktyabr 2023-cü ildə aldığı üçün şikayətində və vəsatətində belə qeyd etmişdir. Həmçinin bildirmişdir ki, o diş texniki işləyir, işi ilə əlaqədar da vaxtı olmadığı üçün bu işlərlə vaxtında məşğul ola bilməmiş, şikayəti gec verməsinin səbəblərindən biri də budur. Buna görə də, ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, müddət bərpa barədə vəsatətdə qeyd edilənlərlə, məhkəmə iclasında vəsatət vermiş şəxsin izahatları arasında ziddiyyət yaranmışdır. Vəsatətdə qərarın rəsmi qaydada göndərilmədiyi, yalnız xx.xx.2023-də əldə edilməsi göstərilsə də, məhkəmə iclasında vəsatət vermiş şəxs izahatında bildirmişdir ki, qərar onun qeydiyyatda olduğu və hazırda valideynlərinin yaşadığı İsmayıllı rayonu Diyallı kəndinə poçt vasitəsi ilə göndərilmiş və valideynləri qəbul etmişlər. Sonradan həmin sənədlər valideynləri tərəfindən ona göndərilmiş və sənədləri xx.xx.2023-cü ildə şəxsən özü əldə etmişdir. Beləliklə müəyyən edilmişdir ki, mübahisələndirilən qərar xx.xx.2023-cü ildə qəbul olunmuşdur və qərarın surəti X1 qeydiyyat ünvanına göndərilmişdir. Bu halı şəxs özü də məhkəmə iclasında etiraf etmişdir. Yalnız bildirmişdir ki, həmin ünvanda hazırda yaşamır, orada valideynləri yaşayır və valideynləri bu barədə ona gec məlumat vermişlər. Həmçinin məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, valideynlərinin yaşadığı ünvana müvafiq sənədlər bu ilin sentyabr ayının əvvəlləri yaxud ortasında daxil olmuşdur. İş materiallarına nəzər saldıqda da müəyyən edilir ki, müvafiq inzibati tənbeh tətbiq etmə haqqında qərarın əsli X3 tərəfindən şikayətə əlavə edilmişdir. Göstərilən səbəblərdən də bir daha təsdiq edilir ki, mübahisələndirilən qərar rəsmi qaydada X1 qeydiyyatda olduğu ünvana göndərilmiş və həmin ünvanda rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən qaydada çatdırılma isə Azərbaycan Respublikasının İXM-nin 57-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sənədin rəsmi qaydada verilməsi hesab edilməldir. Sənədin qəbul edilmə vaxtını isə şikayətçi özü etiraf etmişdir ki, bu ən geci sentyabr ayının ortalarına qədər olmuşdur. Həmin vaxtdan müddət axımı hesablansa belə, qərardan şikayət vermə müddəti ötürülmüş və hazırda müddətin ötürülməsi ilə bağlı hər hansı üzrlü səbəb müəyyən edilməmişdir. Şikayətçi məhkəmə iclasında üzrlü səbəblərdən biri kimi həmçinin diş texniki işlədiyini və işi ilə əlaqədar vaxtında müraciət edə bilmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən hal buraxılmış prosesssual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilərş Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, X1 məhkəmə iclasında öz etirafı ilə müəyyən edilmişdir ki, onun barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərar qeydiyyatda olduğu və valideynləri yaşadığı ünvanda qəbul edilmişdir. X3 isə həmin sənədin qəbul edildiyini etiraf etsə də sənədi qəbul edən şəxslərin, yəni valideynlərinin ona bu barədə gec verməsini və buna görə vaxtında şikayət etmədiyini götərmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələdirilən qərar X2 məxsus ünvanda rəsmi qaydada qəbul edildiyi və buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilməməli, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin 14 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin 14 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatəti rədd edilsin və buraxılmış prosessual müddət bərpa edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin 14 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar