Məhkəmə qərarları › İş №3(060)-2709/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2709/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2709/2022 17.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 saylı binanın qarşısında Zərərçəkmiş şəxs adlı şəxslə mübahisə etmiş və onu söyərək təhqir edərək xırda xuliqanlıq etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 saylı binanın qarşısında Zərərçəkmiş şəxs adlı şəxslə mübahisə etmiş və onu söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində qonşu binada yaşaması ilə bağlı olaraq tanımışdır. O xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvanın blokunun qarşısında onunla rastlaşmamış, onu bıçaqla hədələməmişdir. O üzərində bıçaq gəzdirmir. Həmid prinsipə düşərək onun barəsində bu formada şikayət etmişdir. Belə ki, o yaxınlıqda yaşayan Sultan adlı şəxsin Həmidin mənzilinə getdiyi üçün onunla salamlaşmamasını bildirmişdir. Sultan da bu məsələni Həmidə demişdir. Həmid də buna görə onunla və ailə üzvləri ilə prinsip aparmağa başlamışdır. Qardaşının narkotik vasitə istifadə edən yerdə videogörüntüsünü ona göndərərək sosial şəbəkəyə qoyacağı ilə hədələmiş və onu ona qarşı hər hansı bir hərəkət etməyə sövq etmişdir. Lakin o ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Sadəcə o vatsap sosial şəbəkəsində onun ünvanına nalayiq ifadə bildirdiyi üçün o da Həmidin ünvanına nalayiq ifadələr bildirmiş, lakin onu hədələməmiş, hədə-qorxu gəlməmişdir. Belə ki, Həmid qardaşı X3 narkotik vasitə istifadə etməsi, anası X2 onun ünvanına nalayiq ifadələr bildirməsi ilə bağlı polisə müraciət etmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində yandakı binada yaşayan Tofiq adlı şəxs onun yaşadığı blokun qarşısında onun üzərinə bıçaqla hücum çəkmiş və onun ünvanına küçə söyüşləri söyərək əlindəki bıçaqla onun boğazını kəsəcəi ilə hədələmişdir. Bu zaman tanışı Şahid da onun yanında olmuş və Tofiq adlı şəxsin ona qarşı etdiyi hərəkətlərin şahidi olmuşdur. Tofiq adlı şəxsin dediyi Sultan adlı şəxsi tanımır, Tofiqin onunla şəxsi ədavəti onun həmin binaya köçdüyü andan başlamışdır. Tofiq onun qabağını hər zaman kəsərək pul istəmiş, o da hər dəfə pul vermişdir. Sonradan pul vermədiyi üçün ona qarşı hədə-qorxu gəlmişdir. Tofiq ona demişdir ki, “sənin başına oyun açacam, səni biabır edəcəyəm”. Tofiqin anası onun qapısına hücum çəkmişdir. Tofiqin anası onu və onun ailə üzvlərini təhqir etmişdir. Bununla bağlı məhkəmə qərarı da qəbul edilmişdir. Tofiqin qardaşının narkotik istifadəçisi olduğu sübuta yetirilmişdir. Evində rahat yaşaya bilmir, dost-tanışları onu evinə ötürür, işığı yandıran kimi Tofiq onun evinə gələrək qapını döyür sındırır, hal-hazırda məhkəmənin qabağında Tofiqin dostu onun qabağını kəsərək onu hədələmişdir. Hadisə günü 1-ci mərtəbədə onun qabağını kəsərək divara itələmiş, bıçaqla onu hədələmişdir. Həmin vaxt arxadan onun tanışı düşmüşdür. Tanışı qışqır-bağır saldıqdan sonra Tofiq oradan uzaqlaşaraq getmişdir. Tofiqgil ailəliklə onu təhdid edirlər, bu hadisədən əvvəl də bu ailə ilə münasibətləri pis olmuş, münaqişədə olmuşlar. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini, Şəxs həbs edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid bildirdi ki, Şəxs tanımır, həmin gün Həmidgilə gəlmişdir, Həmidi tələbə vaxtından tanıyır, tədbirlə bağlı Həmidlə danışmaq üçün onlara getmişdir. Danışdıqdan sonra qapını bağlayıb birlikdə aşağı düşürmüşlər ki, harasa getsinlər. Həmid ondan qabaq düşmüşdür. O aşağı düşən zaman aşağıdan səs-küy gəldiyini eşitmişdir. Tofiq əlində bıçaqla Həmidin üstünə şığımışdır. Tofiq adlı qonşusu Hmidin qarşısını kəsərək, əlində olan bıçaqla onun başını kəsəcəyini bildirmiş və ona küçə söyüşləri söymüşdür. Bundan sonra Həmid qışqırmağa başlamış və o Həmidə bildirmişdir ki, təcili 102yə zəng etsin. Tofiq də onun bu sözündən ehtiyat edərək onlara siz işverənsiniz, amma kökünüz kəsəcəm deyərək qaçmışdır. Hadisə binanın girişinin içəri hissəsində baş vermiş, orada onlardan başqa heç kim olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2257/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 70 manat məbləğində cərimə olunmuşdur. Buna səbəb onun Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlər olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 saylı binanın qarşısında xırda xuliqanlıq hərəkətləri etməsi təsdiq edilmir, tərəflər arasında əvvəldən münaqişə vardır, bundan başqa, hadisə vaxtı hadisə yerində heç kim olmamışdır və Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə olan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin baş təhqiqatçısı Səyyad Hacəhmədovun “Cinayət işinin başlanmasının rəd edilməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Sumqayıt şəhər prokurorluğuna müraciət edərək bldirmişdir ki, yandakı binada yaşayan Tofiq adlı şəxs onun yaşadığı blokunda onun üzərinə bıçaqla hücum çəkmiş və onun ünvanına küçə söyüşləri söyərək əlindəki bıçaqla onun boğazını kəsəcəyi ilə hədələmişdir. Material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin əlamətləri olduğundan onun barəsində inzibati təsir tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlər təsdiq edilmir, onların arasında şəxsi münasibətlərlə bağlı mübahisə baş vermiş, məhz şəxsi münasibətlərlə bağlı mübahisə zəminində nalayiq ifadələr işlədilmiş, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar