Məhkəmə qərarları › İş №3(060)-2711/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2711/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2711/2022 21.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxslər (icra sənədi üzrə tələbkarlar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil2 iştirakı ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, 2 uşağı olan, Pioner marketdə satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, borclu Rüstəmova (Nəsirova) Təranə Raqif qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş, azyaşlı uşaqların nənə-babaları ilə görüşmələri üçün hər hansı hərəkət etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012ci il təvəllüdlü X3 babaları Zərərçəkmiş şəxs2 və nənələri Zərərçəkmiş şəxs1 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək cavabdehin istirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. Borclu tərəfindən icra vərəqəsi üzrsüz səbəbdən hələ də yerinə yetirilmir. Hər dəfə Şəxs icra şöbəsinə uşaqları gətirsə də, uşaqlar görüşmək istəmirlər və icra sənədini icra etmək mümkün olmur. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, icra məmuru ona nə vaxt zəng edibsə həmişə uşaqlarını götürüb aparmışdır, uşaqları da həmişə başa salmışdır ki, onlar sizin nənə-babanızdır, uşaqların onlarla görüşməsinə heç vaxt mane olmamışdır. Onlar məhkəmə həyətində oturarkən nənə-baba heç zaman uşaqlarla maraqlanmamış, ancaq məhkəmə zalında iddia irəli sürmüşlər ki, onlar uşaqlarla görüşmək istəyirlər, uşaqlar da bunu görür, hiss edirlər. O uşaqlara heç vaxt deməmişdir ki, görüşməyin. Buna görə də, barəsində olan iş üzrə icraat xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil2 bildirdi ki, o bu ailənin bütün işlərində iştirak etmişdir, bu gün nənə və baba uşaqla ünsiyyət üçün can atırlar, amma bu gün nəvələrinin anasına Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işində o xahiş etmişdir ki, onu bağışlasınlar, bağışlamırlar. Xanım həmin mənzildə olarkən həmin şəxs uşaqların gözü qarşısında anaya şiddət göstərmişdir. Daimi olaraq anaya qarşı şiddət göstərilmiş və ailədə məhz bunun üstündə dağılmışdır. Uşaqların özləri də bildirirlər ki, anaları onların görüşməsini istəsə də, onlar özləri bunu istəmirlər. Protokol əsassız olduğu üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs2 bildirdi ki, o nəvələri ilə görüşmək istəyir, o nəvələri üçün aliment də ödəyir, əgər nəvələri ilə görüşəcəksə ona cəza verilməməsi, görüşməyəcəksə ən ağır cəzanın verilməsini xahiş edir. hesab edir ki, görüşə Şəxs mane olur. Məhkəmə iclasında X1 Söhrab Əli oğlunun göstərdiklərini təsdiq etdi, məhkəmədən Şəxs tənbeh verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin (icra sənədi üzrə tələbkarların), uşaqların izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra sənədinin yerinə yetirilməməsi təsdiq olunmur. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin hallarını və icra sənədinin mahiyyətini nəzərə alaraq məhkəmə azyaşlı uşaqları məhkəmə iclasına dəvət edərək psixoloqun iştirakı ilə onların fikirlərini dinlədi. Məhkəmə iclasında xx.xx.2009-cu il təvəllüdlü X4 bildirdi ki, o anası ilə qalır, atası onlardan ayrı yaşayır, babası və nənəsi onunla görüşmək istəsə də o onlarla görüşmək istəmir. Baba və nənəsindən xoşu gəlmir. Anası onların görüşməsini istəsə də, o özü buna razı olmur. Məhkəmə iclasında xx.xx.2012-ci il təvəllüdlü X9 bildirdi ki, o nənə və babasını istəmir, anası ona zorla desə də, o onlarla görüşmək istəmir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012ci il təvəllüdlü X3 babaları Zərərçəkmiş şəxs2 və nənələri Zərərçəkmiş şəxs1 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək cavabdehin istirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, uşaqlar nənə və babaları ilə görüşməkdən imtina etmişlər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin qaytarılması barədə ərizəsi üzrə xx.xx.2022-ci il tarixli 2(060)-6488/2019 saylı qərardadı ləğv edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-303/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 icra sənədinin icra edilmədən geri qaytarılması barədə 03 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8(105)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, borclu Nəsirova (Rüstəmova) Təranə Raqif qızının şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 12 may 2022-ci il tarixli 8(060)-303/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq X12 Şəxsinin 8419 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə X4 və X9 anaları ilə birlikdə mərkəzə müraciət etmişlər, həkim psixiatr və psixoloq tərəfindən müayinə olunmuşlar, hal-haırda psixi pozuntular aşkarlanmır. Uşaqların dediyinə görə ailə daxili münaqişlərə onların xatirəsində mənfi iz buraxmasını nəzərə alıb, ata tərəfi qohumları ilə görüşmələrinə imtina etmələri güman edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 babaları Zərərçəkmiş şəxs2 və nənələri Zərərçəkmiş şəxs1 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək cavabdehin istirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. Lakin nənə və baba uşaqlarla görüşə bilməmişlər. Buna görə də, icra məmuru tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Borclu uşaqları vaxtlı-vaxtında icra idarəsinə aparsa da, uşaqlar özləri nənə və babaları ilə görüşməkdən imtina etmişlər. Uşaqlar xx.xx.2009cu il və xx.xx.2012-ci il təvəllüdlüdürlər, özlərinin fikri var və onların məcburi qaydada baba və nənəsi ilə görüşdürülməsi mümkün deyildir. İcra yerinə borclu uşaqları gətirir, orada uşaqlar baba və nənəni görür, amma ünsiyyətdən imtina edirlər. Protokolda göstərildiyi kimi, Şəxs üzrsüz səbəbdən icra sənədi üzrə öhdəliyini yerinə yetirməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, icra işində də belə sübut yoxdur. Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiq edilmir. Məhkəmə işin hallarını, uşaqların yaşlarını, tərəflər arasındakı faktiki münasibətləri və bu münasibətlərin uşaqların inkişafına, psixoloji durumuna və tərbiyəsinə təsirini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək xatirinə icra ilə bağlı yaranan problemlərin dərinləşdirilməsi, davamlı olaraq uşaqlara təzyiq (hər iki tərəfdən) göstərilməsi uşaqlara pis təsir göstərə, onların normal inkişafına mane ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan respublikasının qanununun 14-cü maddəsinə əsasən hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. “Uşaq Hüquqları Konvensiyası”nın 12-ci maddəsində göstərilmişdir ki, uşaq özünə təsir edəcək məsələlərlə bağlı öz baxışlarını azad ifadə etmək hüququna malikdir və bu baxışlar nəzərə alınmalıdır. Həmin Konvensiyanın 13-cü maddəsində göstərilmişdir ki, uşaq öz rəylərini ifadə etmək və hər cür informasiya almaq, informasiya və ideyalar vermək hüququna malikdir. Həmin Konvensiyanın 13-cü maddəsində göstərilmişdir ki, uşağın fikir, vicdan və din azadlığına hörmət edilməlidir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar