Məhkəmə qərarları › İş №3(060)-2712/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2712/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2712/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyilə, protkolou tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektor, polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektor, polis kapitanı X7 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* protokol tərtib olunmuşdur ona görə ki, “Vaz 21213 minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili AE 02222262 saylı sürücülük vəsiqəsi ilə idarə edən xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Şəxs 327.1, 327.6 və 333.3-cü maddələrinin pozulması halına yol vermiş, dir. Nəticədə İXM-nin 327.1, 327.6 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. X16 rayonu, Yanıqlı kəndində qeydiyyatda olan, xx.xx.1994-cü il təvəllüdlü, X8 məxsus “Toyota Prius minik” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 17 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 17 oktyabr 2022-ci il tarixə təyin edilmiş, həmin iclasda tərəflər və şahid dinlənilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən sübutların təqdim olunması ilə əlqədar işin baxılması 18 oktyabr 2022-ci il tarixə təxirə salınmışdır. 17 oktyabr 2022-ci il tarixdə məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektor, polis kapitanı X7 izahat verərək bildirdi ki, “Vaz 21213 minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində Sumqayıt şəhəri, Yaşıldırı yaşayış massivində yüksək sürətlə avtomobili idarə etdiyindən YPX-nin əməkdaşları tərəfindən saxla əmri verilmiş, lakin sürücü YPX-nin əməkdaşının saxla əmrinə tabe olmayaraq yüksək sürətlə avtomobilini idarə edərək öz hərəkətinə davam edərək qarşıdan gələn “Toyota Pris minik” markalı avtomobilin ön hissəsindən vuraraq zərəçəkmiş şəxs X8 maddi ziyan vuraraq hadisə yerindən qaçmışdır. Sürücü yüksək sürətlə idarə etdiyi avtomobilin idarə etməsini itirərək səkiyə dəymiş və avtomobil su kanalına aşmışdır. Hadisə yerinə X20 cəlb olunmuş sürücüyə və avtomobildə olan digər vətəndaş X9 ilkin yardım göstərilmişdir. Hadisədən sonra sürücü həkim yoxlanışından keçirilmiş və müəyyən olunmuşdur ki, orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətindədir. Nəticədə sürücü Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətdə idarə edərək zərərçəkmiş şəxs X8 maddi zərər vurmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, X2. O, X1 müalicə alır və onun izahatı da Reabilitasiya mərkəzində alınmışdır. 17 oktyabr 2022-ci il tarixdə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində tanışı X6 işlədiyi kafedə 3 qədəh alkoqol içki olan pivə qəbul etmişdir. X4 işdən götürüb Yaşıldərə bağlar ərazisi ilə 20-30 km-sürətlə evə gedərkən arxasınca YPX-nin əmədaşı gəldiyini görmüş, ona saxla əmri verməsinə baxmayaraq o, avtomobili saxlamadan hərəkətinə davam etmişdir. YPX-nin əməkdaşı onu təqib etdiyi zaman o qarşısdan gələn “Toyota Prius minik” markalı avtomobilin ön yan hissəsindən sürtərək hadisə yerindən uzaqlaşmışdır. Daha sonra su kanalının kənar hissəsi ilə hərəkətinə davam edərkən idarə etməni itirərək səkiyə dəymiş və idarə etdiyi avtomobil su kanalına aşmışdır. İlk öncə o avtomobilin yan şüşəsindən çıxmış, daha sonra üzərək avtomobilə daxil olaraq X10 avtomobilin içərisindən çıxartmışdır. Hadisə yerinə X20 gələrək onlara ilkin yardım göstərilmiş və onları ərazi üzrə PB-nə aparmışlar. Hadisə ilə əlaqədar Mətbuata verdiyi məlumatda qarşısını YPX-nın əməkdaşları kəsməsini bildirsə də, o, həmin an həyəcan və stresli olması səbəbindən demişdir. Halbu ki, onların qarşıxını YPX-nin əməkdaşı kəsməmiş, yalnız arxası ilə onu təqib etmişdirlər. Qeyd olunanların nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. 17 oktyabr 2022-ci il tarixdə məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis baş serjantı Şahid izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində xidmət apararkən postaçı yoldaşı YPX-nin inspektoru polis baş serjantı X11 ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi daxilində 20-26 çağrışlı avtopatrulla xidmət apararkən “Vaz 21213 minik” markalı avtomaşının yaşayış zonasında yüksək sürətlə hərəkət etdiyini görmüş və onun dövlət qeydiyyat nişanını görə bilmədikləri üçün müşaiət etmişlər və həmin “Vaz 21213 minik” markalı avtomobili idarə edən şəxs “Toyota Prius minik” markalı avtomobili vuraraq hadisə yerindən uzaqlaşmışdır. Daha sonra “Vaz 21213 minik” markalı avtomobilin qeydiyyat nişan nömrəsini görmüş və həmin hadisəni sənədləşdirmək üçün “Toyota Pris minik” markalı avtomobilin sürücüsünün sənədlərini alıb, sürücünün heç bir xəsarət almadığını görüb həmin “Vaz 21213 minik” markalı avtomobilin arxası ilə hərəkət etmişdirlər. Təxminən 10-15 dəqiqə sonra efir cihaz vasitəsi ilə onlara “Vaz 21213 minik” markalı avtomobilin su kanalına aşması barədə məlumat verilmişdir. Hadisə yerinə gəldikdə müəyyən olunmuşdur ki, “Toyota Prius minik” markal avtomobili vuraraq hadisə yerindən uzaqlaşan **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmin avtomobildə Şəxs və X6 olduğu müəyyən edilmişdir. Dərhal hadisə yerinə X20 cəlb olunmuşdur. Sürücü hadisədən sonra həkim müayinəsinə aparılmış və müayinə zamanı sürücü sərxoş halda avtomobili idarə etməsi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidi və protokol tərtib etmiş şəxsi dinləyib, iş materialına əlavə olunmuş DVD diskələrə və foto şəkillərə baxaraq, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.3-cü maddədən əlavə İXM-nin 327.1, 327.6-cı maddələri ilə də tövsif edilmiş və həmin növ inzibati xətalara baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 327.1, 327.6-cı maddələri ilə məsuliyyət məsələsinə baxıla bilməz. İş materialına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, A/1627 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il tarixdə, saat 03:40-da) 1.709 promil (orta dərəcədə) alkoqol sərxoşluq qeyd olunmuşdur. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi haqqında Qanununun 2.4-cü bəndində qeyd olunur ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarına əlavə edilmiş DVD diskdən və foto şəkillərdən görünür ki, “Vaz 21213 minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoş vəziyyətdə idarə edərək zərərçəkmiş şəxs “Toyota Prius minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X8 maddi zərər vurmuşdur. Həmçinin video görüntüdən görünür ki, Şəxs qarşısını YPX əməkdaşı kəsməmişdir. Şəxs sərxoş halda yüksək sürətlə hərəkət edərək idarə etməni itirib yol kənarındakı səkiyə dəymiş, hadisə nəticəsində avtomobil yol kənarındakı su kanalına aşmışdır. Bundan başqa Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş DVD diskə baxış zamanı Şəxs idarə etdiyi “Vaz 21213 minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin YPX-nın avtopatrul maşını ilə sıxılması və qarşısının kəsilməsi halı müəyyən olunmamışdır. İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla o, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən, saat 11:25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilən Şəxsə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar