Məhkəmə qərarları › İş №3(060)-2712/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2712/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2712/2023 30.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, “X1” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli protokola görə “X1” ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2- 6424/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Bununla da, “X1” ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1” ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmilərinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən məhkəmə iclasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1” ASC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “X1” açıq səhmdar cəmiyyətinə ünvanlanmış 6-1-26/2-6424/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli bildirişdən görünür ki, 2022-ci ilə dair emitentin illik hesabatının 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuş, həmin bildiriş 15 sentyabr 2023-cü il tarixdə “X1” ASC-nin Səfər Qurbanov adlı işçisi tərəfindən qəbul edilmiş, lakin ötən müddət ərzində tələb edilən sənəd Mərkəzi banka təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşıdıraraq və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, “X1” ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş «X1» MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l dı : Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən “X1” ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar