Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2714/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Adıgözəlov Dəyanət Cənnət oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Adıgözəlov Dəyanət Cənnət oğlu şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12) rəisi Asif Məcidov tərəfindən barəsində guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Belə ki, guya o, yerin təkindən qanunsuz istifadə etməklə təbiətə 14.280 manat zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228ci maddəsinin tələbi pozmuşdur. Mahiyyəti ona aydın olmayan pozuntunun olmasına dair 04 oktyabr 2024-cü il tarixli, 86469 saylı akt tərtib olunmuşdir. Həmin ərazidə doğrudan da yer qazılmaqla qum daşınması nəticəsində yerdə böyük çuxurlar yaranmışdır. Lakin bu çuxurlar uzun illərdən bəri, müxtəlif dövrlərdə orada aparılmış qazıntıların nəticəsində yaranmışdır. Adi insan gözü ilə nəzər yetirdikdə ərazinin köhnə təsirlər nəticəsində qumunun daşınması və həmin səbəbdən də çuxurların yarandığı açıq-aydın görünür. Onu qeyd olunan əraziyə qum daşımağa çağırmışlar və o, mülkiyyətimdə olan “Kamaz” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə həmin əraziyə gəlmişdir. Ərazidə işləyən ekskavator tərəfindən 8 m3 tutumu olan maşınla ümumilikdə 5 dəfə doldurularaq onların qeyd etdiyi əraziyə tökmüşdür. Sonuncu 5-ci dəfəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları maşına yaxınlaşmış, baxış keçirmiş, tərəfindən onlara heç bir maneəçilik törədilməmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri akt tərtib ediləcəyini, qumu daşıdan şəxslər barəsində tədbir görüləcəyi bildirilmişdir. Buna görə də o, akta onların istədiyi kimi qol çəkmişdir. Ona isə həmin 8 kub yükün onun maşınına icazə verilən maksimal yükdaşıma normalarına uyğun gəlmədiyini və buna görə də barəsində 600 manat cərimə qərarı qəbul ediləcəyi bildirdilər. Lakin, sonradan o, nazirliyin əməkdaşlarının qumu qazan və daşıdan şəxsləri nəinki cərimə etmək heç müəyyən etmək də fikirlərinin olmadığını başa düşmüşdür. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aktı və qərarını tamamilə əsassız və qeyri-obyektiv hesab edir, inzibati xəta haqqında qərar maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmişdir. Sonradan əldə etdiyi qərardan görünür ki, onun barəsində 600 manat cərimə olunmağına dair qərar qəbul edilmiş və o, artıq yük daşımağa görə yox, yerin təkindən qanunsuz istifadəyə görə yazılmışdır. Qərarda göstərilmişdir ki, guya xx.xx.2024-cü il tarixində inzibati xəta baş verdiyi an inzibati xəta haqqında MN-2112796 saylı protokol tərtib olunmuşdur. Həmin tarixdə akt tərtib olunaraq aldatmaq yolu ilə imzalatdırsa da, hüquqi akt olan protokol tərtib olunmamışdır, aktdan fərqli olaraq protokol ona təqdim olunmamamışdır. Əgər onun barəsində protokol tərtib olunduğunu bilsəydi o, həmin protokola etirazını bildirər və qeydlərini aparardı. İXM-ə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Əgər xx.xx.2024-cü il tarixində ona məsuliyyət yaradan hallarla bağlı məlumat verilsəydi (ona akta imza ona görə etdirdilər ki, onun məsuliyyəti yoxdur cərimə ilə bağlı, bildirdilər ki məsuliyyət qumu yerdən yükləyib öz fəaliyyətləri üçün aparan şəxslərə şamil edilir) elə həmin yerdə də protokol tərtib edib ona da təqdim etməli idilər. Bundan başqa inzibati icraat aparan şəxs qanunun tələblərin kobud şəkildə pozmaqda davam edərək tərtib etdiklərini bildirdikləri protokola baxılması üçün xx.xx.2024-cü il tarixinə iclas təyin etsələr də artıq xx.xx.2024-cü il tarixinə ona 14.280 manat iddia tələbi irəli sürmüşdür. Bu o deməkdir ki, tərəf ona qarşı qərəzli mövqedə olmuş, prosessual hərəkətlərə də formal əməl etməyə çalışmışlar. İnzibati qərar qəbul edən orqanın fəaliyyəti qərəzli olmaqla İXMin əsas prinsiplərinə birmənalı olaraq zidd qəbul edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixinə ona 14280 manat iddia tələbi irəli sürməsi də özlüyündə ciddi qanun pozuntusudur. Çünki, “Yerin təki haqqında” qanun 48-ci bəndinə əsasən vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Həmçinin ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Hazırki iş üzrə isə əməkdaşlar nəinki qanunu pozmaqla səlahiyyətlərini aşmaqla dəymiş və şişirdilmiş ziyan hesablamış, bununla yetinməyərək ərazi üzrə illərdir təbiətə vurulmuş ziyanları da guya mənim tərəfimdən vurulmuş zərər kimi hesablamışlar. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Sumqayıt şəhəri “Fakel” adlanan ərazidə dəniz kənarından qanunsuz olaraq qum daşınması barədə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında idarənin əməkdaşları tərəfindən ərazidə monitorinq və müşahidələr aparılmışdır. Monitorinq və müşahidələr zamanı sözü gedən ərazidə dəniz kənarından qanunsuz olaraq “Kamaz 5511 Yük” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsi ilə qum daşınması aşkar edilmişdir. Qeyd edilən yük avtomobilini idarə edən şəxsin Adıgözəlov Dəyanət Cənnət oğlu olması müəyyən edilmişdir. Adıgözəlov Dəyanət Cənnət oğlu həmin vaxt sözü gedən ərazidən hər biri 8 m3 olmaqla 05 (beş) kamaz qum daşıdığını etiraf etmiş və bununla bağlı izahat yazmışdır. Araşdırma müddətində ərazinin şəkilləri çəkilmiş və qazılmış sahələrin olması müəyyən edilmişdir. Müvafiq ölçmə işləri nəticəsində ərazidən daha böyük həcmdə qum daşınması öz təsdiqini tapmışdır. Qeyd edilən səbəblərdən də Adıgözəlov Dəyanət Cənnət oğlunun barəsində İXM-in 228-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətçi ərizəsində qeyd edir ki, guya protokolla tanış edilməmişdir. Lakin, protokol ona təqdim edilmiş və onun tərəfindən imzalanmışdır. Bundan sonra 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Adıgözəlov Dəyanət Cənnət oğlu İXM-in 228-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin bildirmişdir ki, Adıgözəlov Dəyanət Cənnət oğlunun barəsində müvafiq inzibati tənbehin tətbiq edilməsi üçün öz etiraf etdiyi hər biri 8 m3 olmaqla 05 (beş) maşın qum daşıması belə kifayət edir. Ətraf mühitə vurulmuş zərərin həcminin müəyyən edilməsi ayrı işdir. İndiki halda yalnız icazə olmadan yerin təkindən istifadə etməyə görə Adıgözəlov Dəyanət Cənnət oğlunun barəsində inzibati tənbehin tətbiq edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Sumqayıt şəhəri “Fakel” adlanan ərazidə dəniz kənarından qanunsuz olaraq **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qumun daşınmasına görə Adıgözəlov Dəyanət Cənnət oğlu Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cəimə edilmişdir. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Adıgözəlov Dəyanət Cənnət oğlu Sumqayıt şəhəri “Fakel” adlanan ərazidə dəniz kənarından qanunsuz olaraq **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qum daşımaqla Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola Adıgözəlov Dəyanət Cənnət oğlunun izahatı əlavə edilmiş və sonuncu protokolla tanış olaraq imzalamışdır. İş materiallarına əlavə edilmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri “Fakel” adlanan ərazidə dəniz kənarından qanunsuz olaraq qum daşınması barədə daxil olmuş məlumata əsasən ərazidə monitorinq və müşahidələr aparılmışdır. Monitorinq və müşahidələr zamanı sözü gedən ərazidə dəniz kənarından qanunsuz olaraq “Kamaz 5511 Yük” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsi ilə qum daşınması aşkar edilmişdir. Qeyd edilən yük avtomobilini idarə edən şəxsin Adıgözəlov Dəyanət Cənnət oğlu olması müəyyən edilmişdir. Adıgözəlov Dəyanət Cənnət oğlu həmin vaxt sözü gedən ərazidən hər biri 8 m3 olmaqla 05 (beş) maşın qum daşıdığını etiraf etmiş və bununla bağlı izahat yazmışdır. İş materiallarına əlavə edilmiş Adıgözəlov Dəyanət Cənnət oğlu tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin adına yazılmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o xx.xx.2024-cü ildə gecə saatlarında “Kamaz 5511 Yük” markalı **- DK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsi Sumqayıt şəhəri “Fakel” adlanan ərazidə dəniz kənarından qum daşıyarkən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirmiş və həmin vaxta qədər ərazidən hər biri 8 m3 olmaqla 05 (beş) kamaz qum daşıdığını etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Adıgözəlov Dəyanət Cənnət oğlu “Kamaz 5511 Yük” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsi Sumqayıt şəhəri “Fakel” adlanan ərazidə dəniz kənarından qum daşıyarkən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən bu hal aşkar edilmiş və bununla bağlı müvafiq inzibati araşdırma zamanı Adıgözəlov Dəyanət Cənnət oğlu izahatında həmin vaxta qədər ərazidən hər biri 8 m3 olmaqla 05 (beş) kamaz qum daşıdığını etiraf etmişdir. Qeyd edilən faktla bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları xx.xx.2024-cü il tarixli akt və eyni tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Adıgözəlov Dəyanət Cənnət oğlu həmin akt və inzibati xəta haqqında protokolla tanış olaraq imzalanmış, lakin həmin sənədlərdə qeyd edilən hər hansı hala dair öz etirazını bildirməmişdir. Bundan sonra 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Adıgözəlov Dəyanət Cənnət oğlu Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cəimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Adıgözəlov Dəyanət Cənnət oğlu Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi öz etirafı ilə yanaşı, iş materiallarına olan digər sübutlarla öz təsdiqini tapmışdır. Qeyd edilən səbəbdən də 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yerin təki” haqqında Azərbaycan Respublikası Qanununun 46-cı maddəsində yerin təkindən özbaşına istifadə edilərsə hüquqi və fiziki şəxslər məsuliyyət daşımaları qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-in 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan Adıgözəlov Dəyanət Cənnət oğlunun şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Adıgözəlov Dəyanət Cənnət oğlunun şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2714/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2714/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver