Məhkəmə qərarları › İş №3(060)-2716/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2716/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2716/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin nümayəndəsi, polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1978-ci ildə Azərbaycan Respublikasının ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 2 ünvanında yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 12.08.2021-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, Pionerin yanında küçə ticarəti ilə məşğul olaraq polisin qanuni tələbinə qəsdən məhəl qoymayaraq küçə ticarətini yığışdırmanış, bununla bağlı polisin qanuni tələbinə əməl etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin nümayəndəsi, polis sahə rəisi X6 bildirdi ki, Şəxs 12.08.2021-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, Pionerin yanında küçə ticarəti ilə məşğul olmuş, polis əməkdaşları ona yığışdırmağı bildirsə də arabanın üstünü çadırla bağlamış, polisin qanuni tələbinə əməl etməmişdir. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 12.08.2021-ci il tarixdə saat 17:00 radələrində küçə ticarəti ilə məşğul olarkən polis əməkdaşları ona yaxınlaşmış, ondan malları yığışdırmağı tələb etmişdir. O isə polisin tələblərinə riayət edərək arabanın üstünü örtmüş, polis əməkdaşları getdikdən sonra yenidən açmışdır. Polislər yenidən yaxınlaşmışlar və onu 3-cü bölməyə aparmışlar. O sadəcə olaraq çörək pulu qazanmaq üçün küçədə ticarət etmiş, bununla ailəsini dolandırır, başqa qazanc yeri yoxdur, polislərə də bunu demişdir. Onun polislərə tabe olmamaq fikri olmamış, onların tələbi ilə könüllü olaraq Bölməyə getmişdir. Satdığı mallar tez xarab olan mallar olduğundan onları xarab olmamaları üçün tez satmaq istəmişdir. 2-ci qrup əlildir, ailəlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 Faiq Sahib oğlunun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Sumqayıt ŞPİ-nin RPXT-nin İ bölüyün polis serjantı X9 bildirdi ki, 12.08.2021-ci il tarixdə polis serjantı Namazov Samir və manqa komandiri baş serjantı Rasim Əliyevlə birlikdə xidmət aparan zaman bölük komandirinin göstərişinə əsasən 45-ci məhəllədə dayanacağın ortasında qanunsuz küçə ticarəti ilə məşğul olan şəxsə qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə “yığışdır, küçəni boşalt” göstərişi vermişlər, o ticarəti dayandırmış, malların üstünü örtmüşdür. Onlar oradan aralaşıb getmək istədikdə vətəndaşın yenə ticarətlə məşğul olduğunu görmüş, ona yenə də burada ticarətlə məşğul olmağın qanunsuz olduğunu izah etmişlər. O isə tabe olmayaraq “mən burda satacağam” deyərək qanuni tələblərinə qəsdən, bilərəkdən tabe olmamışdır. Onlar həmin şəxsi avtopatrula əyləşdirib aidiyyatı üzrə 3-cü PB-nə gətirib təhvil vermişlər. Məhkəmə iclasında digər şahidlər - polis serjantı Namazov Samir və manqa komandiri polis baş serjantı Rasim Əliyev şahid X7 göstərdiklərini təsdiq etdilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə -səksən manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları və şahidlərin izahatlarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri var və bu hissədə araşdırma aparılmalıdır. Onun qəsdi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq olmamışdır. Təqdim edilmiş materiallardakı məlumatlar, şahidlərin izahatları Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasına əmin olmağa əsas vermir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun polisin qanuni göstərişinə məhəl qoymayaraq tabeçilik göstərməməsinin nədən ibarət olması, həqiqətən bu hərəkətlərə yol verilməsi inandırıcı və mötəbər sübutlarla təsdiq edilmir. Məhkəməyə də belə sübutlar təqdim edilməmişdir. Bu o deməkdir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur, onun barəsində əsassız yerə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə bu hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs küçə ticarəti ilə məşğul omasının qanunsuz olub-olmaması isə səlahiyyətli orqan tərəfindən araşdırılmalı və nəticəsinə uyğun qərar verilməlidir. Bu barədə araşdırma aparılması üçün materialların surəti Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilməlidir. Həmin inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğundan, onun küçə ticarəti ilə məşğul omasının qanunsuz olub-olmamasının araşdırılması və nəticəsinə uyğun qərar verilməsi üçün materialların surəti Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar