Məhkəmə qərarları › İş №3(060)-2717/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2717/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2717/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1977-ci ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, kababçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: 3FKLX29) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025ci il tarixdə, saat 23:05 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində ünvansız nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq əməli törətmiş, eləcə də PB-də söyüş hərəkətlərini davam etdirərək bölmənin iş rejimini pozmuş, polis əməkdaşları tərəfindən intizama dəvət olunsa da, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2717/2025 və 3(060)-2718/2025 nömrəli işlər bir icraatda birləşdirilmişdir və işə 3(060)-2717/2025 nömrəsi ilə işə baxılmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X7 tərtib etdiyi protokollara uyğun olaraq izahat vermiş və bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saat 23:05-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları “Emil” kafesinin qarşısında üç nəfər şəxsin nalayiq ifadələr işlətdiyini eşitmiş, həmin şəxsləri nizam-intizama dəvət etmişlər. Lakin, onlar polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışlar, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişlər. Daha sonra həmin şəxslər Polis Bölməsinə gətirmiş və şəxsiyyətləri müəyyən edilmişdir. Polis Bölməsində də yenidən səs-küy salaraq, söyüş söymüş, polisin iş rejimini pozmuşlar. Qeyd olunanlara əsasən məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokollar üzrə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saat 9 radələrində 13-cü mikrorayonda “Emil” kafesində Nizami və Elxan adlı dostları ilə futbola baxmağa getmiş və orada spirtli içki içmişlər. O, sərxoş olduğu üçün rəqib komandaya qarşı söyüş söymüşdür. “Emil” kafesinin həyətində olarkən isə Elxan telefonla danışarkən nalayiq ifadələr işlətdiyi üçün polis əməkdaşları yaxınlaşıb onlara sakit olmalarını bildirmişdir. Lakin, Elxan polisin sözlərinə məhəl qoymamışdır. Daha sonra polis əməkdaşları onları bölməyə dəvət etsələr də, o, avtomobilə minməkdən imtina etmişdir. O, sərxoş olduğu üçün hər şeyi xatırlamadığını, polis əməkdaşlarına qarşı söyüş söymədiyini və onlara əl-qol atmadığını, bölmədə olarkən yazdığı izahatını təsdiq etdiyini bildirmişdir. O, əməlindən peşman olduğunu, anasının şəkər xəstəsi olduğunu bildirmiş və məhkəmədən barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ-nin Post-patrul xidməti taboru taqım komandiri X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam xidmətdə olarkən Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində olan “Emil” kafesinin yaxınlığında piyada hərəkət edərkən kafenin qarşısında üç nəfərin olduğunu və onlardan bir nəfərin telefonla danışarkən ucadan qışqıraraq nalayiq küçə söyüşləri söydüyünü eşitmişdir. O, həmin şəxsə yaxınlaşıb söyüş söyməməsini tələb etmişdir. Bu zaman telefonla danışan şəxs və onun yanında olan iki nəfər ona qarşı aqressiv hərəkətlər etmiş, onu vurmağa çalışmışlar. Vüqar da arxadan gəlib onu söymüş və yumruq atmaq istəmişdir. Daha sonra o, dərhal avtopatrul çağırmış və digər xidmət yoldaşlarının köməyi ilə həmin şəxsləri Polis Bölməsinə təmin etmişlər. Məhkəmə iclasında Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafə etdiyi şəxsin əməlindən peşman olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Sumqayıt ŞPİ-nin PPXT-nin tağım komandiri polis leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:05 radələrində Ü.Hacıbəyov küçəsində xidməti yoxlayan zaman Emil kafesinin qarşısında piyada hərəkət edərkən kafenin qarşısında 3 nəfərin durduğunu və onlardan bir nəfərin telefonla danışarkən ucadan qışqıraraq nalayiq küçə söyüşləri söydüyünü görüb həmin şəxsə yaxınlaşaraq nalayiq küçə söyüşləri söyməməsini ictimai qaydanı pozmamasını bildirib nizam intizama dəvət etdikdə həmin şəxs aqressiv şəkildə hərəkətlərini davam etdirərək qanuni tələblərinə tabe olmamışdır. O, dərhal hadisə yerinə 9178 çağrışlı avtopatrulu çağırdıqda həmin vətəndaş ordan uzaqlaşıb qaçmaq istədikdə onu saxlayan zaman həmin şəxs onun ünvanına və polisin ünvanına nalayiq küçə söyüşləri söyməyə başlayaraq, ona əl-qol ataraq müqavimət göstərməyə başlamışdır. Bu zaman onun yanındakı iki nəfər şəxs ona arxadan yaxınlaşaraq əl qolunu tutub ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamışlar. O, həmin 2 nəfər şəxsə nalayiq söyüş söyməmələrini və müqavimət göstərməmələrini bildirdikdə həmin şəxslər öz hərəkətlərini davam etdirərək əlqol atıb qolundan tutub dartaraq qanuni tələblərinə tabe olmamışdırlar. Bu zaman hadisə yerinə çağırdığı avtopatrul gəlmiş və həmin şəxslər PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin məsul növbətçisi, polis mayoru Məmmədov Əli tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:15 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mkr, Ü.Hacıbəyov küçəsində saxlanılmış və 1-ci PB-yə təmin edilmiş 3 nəfər şəxs, xx.xx.1973-cü il təvəllüdlü X5, xx.xx.1991-ci il təvəllüdlü X6 və xx.xx.1977-ci il təvəllüdlü Şəxs bölmənin dəhlizində və saxlama otağında olan zaman ucadan səs-küy salaraq bölmənin iş fəaliyyətini pozmuş, nalayiq söyüşlər söyərək saxlama otağının qapısını təpikləyərək kilidini sındırmışdır. Dəfələrlə bu barədə onlara iradlar bildirilsə də, həmin şəxslər öz hərəkətlərinə davam etmişdir. xx.xx.2025-ci il tarixində, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli A/2421 nömrəli tibbi müayinə protokoluna əsasən Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-də verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə dostları Elxan və Nizami və o Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində “Emil” kafesində yeyib-içmişlər. Asayişi pozduqları üçün ərazidə xidmət aparan PPX-nin əməkdaşları onlara yaxınlaşıb nizam-intizama dəvət etmişdir. Onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və onları maşına əyləşdirib Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində nalayiq söyüş söymüşdür. Protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və digər iki nəfər şəxsin xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin saxlanma otağında sərxoş vəziyyətdə nalayiq ifadələr işlətmələri, səs-küy salaraq bölmənin iş rejimini pozmaları müşahidə edilmişdir. Beləliklə, Şəxs tərəfindən polis işçiləri ictimai qaydanın mühafizə edilməsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, şahidin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən inzibati Azərbaycan Respublikasının Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın olmaması və məsuliyyətini ağırlaşdıran halı yəni, əməli törədərkən sərxoş halda olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 23:55-dən hesablanmalıdır. Belə ki, İXM-nin 30.3-cü maddəsinə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə, həmçinin hesab edir ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 23:55-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar