Məhkəmə qərarları › İş №3(060)-2719/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2719/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2719/2024 29.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində tətbiq edilmiş cərimənin silinməsi və barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasında fərqli yanaşma nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarı). Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibatii xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə baxıla bilər (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarı). Həmçinin həmin qərarda qeyd olunur ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir. X2 şikayət ərizəsində yaşadığı ünvanı ünvan 1nformasiya sistemindən görünür ki, X1 qeydiyyatda olduğu ünvan Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbə ərazi dairəsi, Babək qəsəbəsi, Qoşadizə məhəlləsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən hüquqlarının pozulmasını ehtimal edən şəxs inzibati tənbeh haqqında qərardan şəxsiyyət vəsiqəsində qeyd olunan yer və ya inzibati xətanın baş verdiyi yer üzrə inzibati ərazisinə daxil olan rayon məhkəməsinə şikayət verə bilər. İş materiallarında olan şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X2 şikayət ərizəsində mübahisələndirdiyi inzibati xətanın baş vermə yeri Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə-F.Bayramov küçəsidir. Məhkəmə inzibati materialı nəzərdən keçirib hesab edir ki, belə olan halda inzibati material aidiyyatı üzrə baxılması üçün İXM-nin 110.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə cərimə olunmasına dair DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Hakim: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar