Məhkəmə qərarları › İş №3(060)-2731/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2731/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2731/2022 20.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Cəlil Qəhrəmanovun, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə Kürdəmir rayonununda andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Kürdəmir rayonunun Tofiq İsmayılov küçəsi mənzil 13-də qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə bağları fərdi həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs Elşən qızının alın hissəsinə yumruqla, bədən nahiyələrinə oxlovla bədən xəsarətləri yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Cəlil Qəhrəmanov bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs Elşən qızı ilə aralarında yaranan mübahisə zamanı həyat yoldaşı Gülnarı döyərək ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs Elşən qızı ilə top.az hesab yazdığına və evə pul vermədiyinə görə aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı həyat yoldaşına xəsarət yetirdiyi üçün əməlindən peşimandır. Bunların nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Elşən qızı göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. Ailə həyatı qurduğu vaxtdan hal-hazıradək mütəmadi olaraq Ruslanla aralarında münaqişə, mübahisə və dava-dalaşları olmuşdur. Həmçinin həmin məsələlərlə bağlı PB-də dəfələrlə müraciəti olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində həyat yoldaşı Ruslanla aralarında onun Topaz idman mərc oyunlarına pul qoyması ilə bağlı mübahisələri yaranmışdır. Həmin mübahisə zamanı Ruslan onun sağ qoluna bir dəfə oxlovla vurmuşdur. Sonra isə əlində olan oxlovla onun hər iki ayağına bir neçə zərbə endirmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, 11:30 radələrində həyat yoldaşı Ruslan ilə yenidən aralarında Topaz mərc oyununa pul qoyması ilə bağlı mübahisə yaranmış, həmin mübahisə zamanı Ruslan onun alnının sol hissəsinə bir dəfə yumruqla zərbə endirmişdir. Şəxs ilə barışmaq istəmir, onun tənbeh edilməsini xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Rəhman Qurbanov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Elşən qızının müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nə həvalə edilmişdir. İşdə olan MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsindən daxil olmuş 1547 saylı ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Alın nahiyyənin sol hisəsinin dərialtı hematoması, sağ bazunun yuxarı 1\3- nin bayır səthinin qançırı. Qeyd olunan xəsarət küt əşyanın (əşyalar) təsirindən törənmişdir, törənmə müddətinə görə - alın nahiyyənin sol hisəsinin dərialtı hematoması zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla xx.xx.2022-ci il tarixdə, digər xəsarət yəni, sağ bazunun yuxarı 1\3-nin bayır səthinin qançırı, zərərçəkmişin müayinəsindən 2- 3 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi, məsuliyyətini yüngülləşdirən hal peşman olmasıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar