Məhkəmə qərarları › İş №3(060)-2731/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2731/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2731/2023 22.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3 və 342.9-cu maddələri ilə Sumqayıt ŞPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3 və 342.9-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-cüi maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, protokol tərtib edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən bir çox normalarının tələbləri gözlənilməmişdir. Belə ki, protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.1, 100.1.2, 100.1.3, 100.1.5-ci maddələrinin tələblərinə əməl edilsə də (yəni, protokolda onun tərtib edildiyi yer, vaxt, protokolu tərtib etmiş şəxsin vəzifəsi məəlumatları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar, həmçinin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan müvafiq maddə), həmin Məcəllənin 100.1.4, 100.1.7, 100.2, 100.3 və 100.4-cü maddələrinin tələblərinə əməl edilməyərək inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları göstərilməmiş və ya izahat verməkdən imtina etmişsə bu barədə qeyd aparılmnamışdır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları və vəzifələrinin izah edilməsi barədə hissədə hər hansı qeyd aparılmamış, şəxsə inzibati xəta haqqında protokolun surətinin verilibverilməməsi bəlli deyil, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, əgər şəxs protokolu imzalamaqdan imtina etmişsə bu barədə protokolda müvafiq qeyd aparılmakmışdır. Nəzərə almaq lazımdır ki, inzibati xətanın törədilmə yeri işin ərazi aidiyyəti, vaxtı cəlb etmə müddəti, mahiyyəti isə tövsif baxımından əhəmiyyətli hallardır və bu çatışmazlıqları aradan qaldırmadan işə baxılması mümkün deyil. İnzibati xəta haqqında protokolun 1-ci sətrində göstərilmiş yer və vaxt isə protokolun özündə də qeyd edildiyi kimi yalnız protolun tərtib edilmə vaxtını və yerini ehtiva edir və bu inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyətini göstərən məlumatlar deyil. Yuxarıda qeyd edilən digər nöqsanlar, yəni şəxsin izahatının alınmaması, protokolla tanış edilməməi və protokolun ona təqdim edilməməsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü müdafiə hüququnun pozulması kimi qiymətləndirilməldir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3 və 342.9-cu maddələri ilə Sumqayıt ŞPİnin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3 və 342.9-cu maddələri ilə Sumqayıt ŞPİ-nin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sədrlik edən: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar