Məhkəmə qərarları › İş №3(060)-2731/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2731/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2731/2025 27.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələri ilə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İXM-in 106cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, iş üzrə bəzi sənədlər düzgün tərtib olunmamış və təqdim edilmiş materiallar natamamdır. Belə ki, müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol İXM-in 157, 232-1 və 510-cu maddələri ilə tərtib edilməsinə baxmayaraq protokolda yalnız qeyd edilmişdir ki, “Şəxs xx.xx.2025-ci il tarixdə mübahisə zəmnində Zərərçəkmiş şəxs döymüşdür”. Göründüyü kimi inzibati xəta haqqında protokolda Şəxs hansı hərəkətləri ilə İXM-in 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi göstərilməmişdir. Bundan əlavə İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya münasibətdə zərərçəkmiş şəxsin kim olması, zərərçəkmiş şəxsə hansı zərərin vurulması, vurulmuş zərərin miqdarı inzibati xəta haqqında protokolda göstərilməmiş, həmçinin vurulmuş maddi zərərin miqdarı barədə iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılarkən iddia edilən inzibati xəta öz təsdiqini tapdığı və müvafiq tənbeh tətbiq ediləcəyi halda tətbiq ediləcək cərimə növündə tənbehin məbləği məhz vurulmuş maddi zərərin miqdarına münasibətdə müəyyən edilir. Ona görə də bu növ işlər üzrə vurulmuş maddi zərərin miqdarının müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası İXM-in 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələri ilə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələri ilə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar