Məhkəmə qərarları › İş №3(060)-2732/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2732/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2732/2024 15.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Javadi Javad tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Javadi Javad Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti İnspektroru Polis Baş X1 tərəfindən onun barəsində 23 oktyabr 2024-cü il tarixli TP6827161 saylı qərar qəbul edilmişdir. O, həmin qərar əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. O, qərarın surətini xx.xx.2024-cü il tarixdə götürmüşdür. Qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməli, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. YPX əməkdaşı ona yaxınlaşaraq manevr qaydalarını pozduğunu, əks istiqamətdə avtomobili idarə etdiyini bildirmişdir. Lakin o, heç bir qayda pozmadığını bildirmişdir. Əgər qayda pozuntusuna yol verilmişsə, kamera görüntülərinin ona təqdim olunmasını bildirmişdir. Lakin ona hər hansı görüntü təqdim edilməmişdir. Belə nəticəyə gəlmək olur ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 23 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş orqanın qərarının qəbul edilməsi üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Onun cərimə edilməsi ilə bağlı məlumat internet informasiya resursunda yaradılmış elektron kabinetinə yerləşdirilsə də, bununla bağlı heç bir görüntü (foto və ya video materiallar) elektron kabinetinə yerləşdirilməmişdir. Bu da İXM-in 38.6-cı maddəsinə əsasən qərarın ləğv edilməsi üçün əsasdır. Eyni zamanda inzibati tənbeh vermə haqqında haqqında qərarı əldə etmək üçün Sumqayıt şəhər DYPŞ-nə gedən zaman belə xəta törətməsi ilə bağlı görüntülər ona təqdim edilməmişdir. Çünki o, heç bir qanun pozuntusuna yol verməmiş və ümumiyyətlə elə bir görüntü mövcud olmadığı üçün Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı da görüntünü ona təqdim edə bilməmiş, nə də müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmamışdır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübuta yetirmək məcburiyyətində deyil. Lakin o, öz təqsirsizliyini sübuta yetirmək məcburiyyətində qalmışdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, onun törətmədiyi bir əmələ görə o, inzibati məsuliyyətə cəlb olunmuşdur. Elektron qərarın əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində onun internet informasiya resursunda yaradılmış elektron kabinetinə yerləşdirilmədiyi üçün 23 oktyabr 2024-cü il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Sumqayıt şəhər DYPŞ-nin YPX inspektroru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli TP6827161 saylı qərarın ləğv edilməsi və barəsində İXM-in 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə şikayət vermiş şəxsin və Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli TP6827161 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Javadi Javad xx.xx.2024-cü il tarixdə saat 16:52-də “Nissan Note” minik markalı, **-ER-*** dövlət nişanlı avtomobili idarə edərkən ünvan 1 ünvanında yol ayrıcını keçmə qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər YPX avtomobilində qeydə alınmışdır. Görüntülərə əsasən “Nissan Note” minik markalı, **-ER- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsindən sola S.Vurğun küçəsinə dönərkən (Dörd Qardaş restoranının yanı) onunla qarşı-qarşıya C.Məmmədquluzadə küçəsində hərəkət edərək sağa dönən və hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrinin normal hərəkətinə maneçilik törətmiş, keçid üstünlüyünə malik digər nəqliyyat vasitəsinin sürücüsünün çevik reaksiyası nəticəsində həmin nqəliyyat vasitəsi “Nissan Note” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmamışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Nissan Note” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Javadi Javad hərəkət üstünlüyünə malik digər nəqliyyat vasitəsinə yol verməməklə yol ayrıcını keçmiş və bununla da İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Javadi Javad şikayətinin dəlili kimi heç bir inzibati xətanı törətməməsini qeyd etməklə yanaşı, həmçinin qeyd etmişdir ki, onun cərimə edilməsi ilə bağlı məlumat elektron kabinetinə yerləşdirilsə də, bununla bağlı heç bir video və ya foto görüntü elektron kabinetinə yerləşdirilməmişdir. Bu isə İXM-in 121.1 və 125.2-ci maddələrinin tələblərinin pozulmasıdır və həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə şikayətçinin qeyd dəlilinə münasibətdə qeyd edir ki, inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-in 122-ci maddəsinə uyğun qaydada icraat aparılır və bu halda inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməlidir. İndiki halda isə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmiş, YPX inspektoru tərəfindən bilavasitə aşkar edilmiş və İXM-in 124-cü maddəsinə uyğun icraat aparılmışdır. Azərbaycan Respublikası İXM-in 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-in 121-ci maddəsi isə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydalarını tənzimləyir. Qeyd edildiyi kimi indiki halda inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, YPX inspektoru tərəfindən bilavasitə aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Javadi Javadın verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Javadi Javadın şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar