Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2732/2025 27.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 401, M 11, mənzil 3 ünvanında qeydiyyatda olan FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mirelnur Musəvi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 27 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-10009/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı üzrə ödənilməli 20368 manat aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mirelnur Musəvi bildirmişdir ki, tələbkar İcra İdarəsinə ərizə ilə müraciət etmiş, borclunun ona xeyli miqdarda aliment borcu olduğunu bildirmişdir. Borcluya icra sənədində göstərilən tələbi icra etməsi üçün xəbərdarlıq edilsə də və “sms” bildirişlər göndərilsə də, borclu tələbi yerinə yetirməmişdir. Daha sonra borclu barəsində axtarış qərarı qəbul olunmuş və Sumqayıt ŞPİ-yə göndərilmişdir. Bu gün səhər borclu İcra İdarəsinə dəvət olunmuş və izahatı alınmışdır. Borclu bildirmişdir ki, hal-hazırda maddi imkanı olmadığı üçün heç bir ödəniş edə bilmir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu izahatında tələbkara aliment borcu üzrə qəbzlə 600 manat ödədiyini bildirmiş, lakin tələbkarın ərizəsinə əsasən 952 manat ödədiyi məlum olmuşdur. Borclunun tələbkara cəmi 20368 manat borcu var. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, bu günədək borclu ona çox az miqdarda aliment məbləği ödəyib. Borclunun ona indiyə qədər nə qədər ödəniş etməsini isə xatırlamır. Həmçinin, 14 yaşında xəstə oğlunu və 9 yaşında qızını təkbaşına böyüdür. Məhkəmədən borclunun ona aliment borcunun ödəməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Borcunu ödəməsi barədə ona xəbərdarlıq olub, lakin ciddi yanaşmayıb. Hal-hazırda heç bir ödəniş edə bilmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X5 oğlunun və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Alimentin tutulması 10 dekabr 2018-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. 10 manat dövlət rüsumu Şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-10009/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, borcluya icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, tələbkarla razılığa gəlmişdir, tələbkar İcra İdarəsinə ərizə ilə müraciət etmişdir. Buna görə də məhkəmə qərarı icra edilməmişdir. İş materiallarında olan Əmirquliyeva (Cəbrayılova) Vüsalə Hətəm qızının xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, bu günədək ona aliment borcundan cəmi 21 manat ödənilib. İş materiallarında olan Əmirquliyeva (Cəbrayılova) Vüsalə Hətəm qızının xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, bu günədək ona aliment borcundan cəmi 952 manat ödənilib. İş materiallarında olan Əmirquliyeva (Cəbrayılova) Vüsalə Hətəm qızının xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, borclu tərəfindən mütəmadi olaraq ona aliment ödənilmir və hazırda aliment üzrə 10000 manat aliment borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi işinin olmamasıdır. Bu günədək icra sənədi üzrə 601 manat ödəniş edib. İş materiallarında olan Əmirquliyeva (Cəbrayılova) Vüsalə Hətəm qızının xx.xx.2025ci il tarixli ərizəsindən görünür ki, borclunun bu günədək ona olan aliment borcu 20368 manat təşkil edir. Məcburi icra tədbirlərinin görülməsini xahiş edir. Məhkəmə iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, borclu tərəfindən müəyyən miqdarda ödənişlər olsa da, tam icra edilməmiş, nəticədə kifayət qədər yüksək məbləğdə aliment borcu (20368 manat) yaranmışdır. Borclunun müəyyən məbləğlərdə ödənişlər etməsi və iş yerinin olmaması üçün ödənişləri tam etməməsi onun inzibati məsuliyyətdən azad edilmə əsası deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs özünü təqsirli bilməsini yüngülləşdirən hal kimi qiymətləndirilir. Ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 27 oktyabr 2025-ci il tarixdən saat 12:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2025-ci il, saat 12.30-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2732/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2732/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver