Məhkəmə qərarları › İş №3(060)-2734/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2734/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2734/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 idarəsinin nümayəndəsi Musayev Ramil Vəkil oğlunun iştirakları ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsinin (bundan sonra – İdarə) inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 518.1-ci maddəsi ilə Sumqayıt şəhəri, X6 ərazisində yerləşən Şəxs QSC barəsində 07 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023cü il tarixdə Şəxs QSC-yə məxsus kardon zavodunda keçirilən yoxlama zamanı “X1”nın № 01.2001 bənd 1.9-1.9.12; bənd 3.1-3.12; bənd 6.1-6.10-un tələbləri pozulmuşdur. İnzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 məhkəmə iclasında protokolu müdafiə edərək, Şəxs QSC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Protokolu tərtib etmiş orqanın nümayəndəsi Musayev Ramil Vəkil oğlu protokolda qeyd edilən xüsusatları bildirərək Şəxs QSC tərəfindən inzibati xəta hadisəsi törədildiyindən inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də Şəxs QSC İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, 2363 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərara əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2023cü il tarixli 2363 №-li qərardan görünür ki, Şəxs QSC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdən tarixədək planlı müayinə aparılmışdır. İş materiallarında olan yanğın-texniki müayinəsinin xx.xx.2023-cü il tarixli, 2363 №-li aktında aşkar olunmuş pozuntuların məzmunu nəzərdə tutulmuşdur. Aşkar olunmuş pozuntulara obyektin icbari sığorta şəhadətnaməsini təqdim etməməsi, obyektin istehsalat ərazisində yanmaya həssas materialları pərakəndə halda saxlanılması, obyektin elektrik təsərrüfatının EQQQ-na uyğun quraşdırılmaması, obyektin zirzəmisi çəlləklərdə yağ saxlanılması, obyektin təxliyyə planı ilə təmin olunmaması, yanğın avtomobillərinin sərbəst su götürmələrinə şəraitin olmaması aiddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs QSC barəsində Sumqayıt regional X4 idarəsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Bununla da Şəxs QSC İXM-in 518.1-ci maddəsinin tələblərini pozmuşdur. İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs QSC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs QSC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar