Məhkəmə qərarları › İş №3(060)-2735/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2735/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2735/2024 30.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytnantı Sərdar Məmmədovun , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri RNM-də ekspres test üsulu ilə müayinə zamanı MET (+) qəbulu təsdiq edildiyindən barəsində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. 4-cü Polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında 4-cü PB-nin sahə rəisi, polis baş leytnantı Sərdar Məmmədov protokola uyğun izahat verərək protokolda qeyd olunmuş xüsusatları təsdiq edib, əlavə olaraq qeyd etdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qaynanası və həyat yoldaşının şikayəti əsasında 4-cü PB-nə dəvət etmişlər. Həmçinin Şəxs anası və övladları tərəfimizdən bölməyə dəvət edilib, onlarla profilaktik söhbətlər aparılıb. Şəxs psixatrop maddə istifadə etdiyini etiraf etmiş, asılılıqdan qutarmaq istəyini bildirmişdir. Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, sonuncu dəfə 3 ay öncə psixotrop maddə olan metamfetamin istifadə etmiş, narkotiki lazımı olanda tanışlarından əldə etmişdir. Hər dəfə istifadə üçün 15-20 manat məbləğində pul xərcləmişdir. Hazırda yaşadığı evinin həyətində avtomobil rənglənməsi sexində rəgsaz işləyərək ailənin dolandırır. Əməlindən peşmandır. Bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə söz verir. Himayəsində dörd azyaşlı övladının, yaşlı anası və atasının olduğunu nəzərə alınmasını məhkəmədən xahiş edir. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə A/2739 saylı, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da müayinə olunmuş, metomfetamin qəbul etməsi faktı aşkar edilmişdir. AR Səhiyyə Nazirliyi Respublika X4 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 7054 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspress test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MET(+) aşkar olunur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş sahə inspektorunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, himayəsində dörd azyaşlı övladının olmasını yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Sərdar Məmmədovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, xüsusilə himayəsində dörd azyaşlı övladının olmasını, ailənin yeganə gəlir mənbəyinin özü olmasını, şəxsiyyətini, onun narkomaniya xəstəliyindən əzab çəkməməsini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun İXM-nin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Hazırkı vəziyyətdə məhkəmə Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qənaətinə gəldiyi üçün, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar