Məhkəmə qərarları › İş №3(060)-2744/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2744/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2744/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Hikmət-87 Firmasının direktoru X5, Nümayəndə1 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən "xxxx" Firmasına məxsus yanacaqdoldurma və avtomobillərə texniki qulluq məntəqəsində ətraf mühitin müəssisə istehsal monitorinqi və təsərüffat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatı aparılmamışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 bildirdi ki, müəssisələr tərəfindən ətraf mühitə atılan, axıdılan, yerləşdirilən tullantıların dəqiq uçot-hesabatı aparılmalı, hər ilin sonunda 2TG-(hava), 2TG-(təhlükəli tullantı) və 2TG-(su təsərrüfatı) dövlət statistik hesabatları İdarə ilə razılaşdırılmalı, ətraf mühitə atılan tullantılara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş "Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydalarına və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla) dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödəniş hər ayın 10-dan gec olmayaraq “X11si üzrə Dövlət Fondu"-na ödənilməlidir. Qanunvericillikdə ətraf mühitin çirkləndirilməsinə görə ödəniş məbləği 2 ay ardıcıl olaraq ödənilmədikdə məhkəməyə müraciət olunması və ödəmə məbləği vaxtında ödənilmədiyinə görə hər gecikdirilən gün üçün ödənişin 0,1 %-i miqdarında (dəbbə pulu) cərimənin hesablanması və AR İXM-nin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmamasına görə (vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə) inzibati qaydada cərimə nəzərdə tutulmuşdur. Bu barədə İdarə tərəfindən "xxxx" firmasına 43/739 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu təqdim edilmiş, məktub məntəqə rəisi kimi özünü təqdim etmiş Natiq Kazımov tərəfindən qəbul edilsə də, sonuncu sənədi qəbul etməsi barədə məktubun kötüyünə imza etməmiş, bu barədə idarə əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Qeyd edir ki, bundan sonra 10 oktyabr 2023-cü il tarixdə müəssisənin hüquqi ünvanına təkrarən eyni məzmunda məktub göndərilmiş, lakin məktuba hər hansı cavab verilməmiş, məktubda qeyd olunan tarixdə İdarəyə firmanının hər hansı nümayəndəsi və ya əməkdaşı yaxınlaşmamışdır. Sənədin çatdırılmasını təsdiq edən qəbzin surətinin iş matariallarına əlavə edildiyini bildirir. Bundan sonra yenidən 31 oktyabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvan 1 ünvanına xəbərdarlıq məktubu göndərilmiş, məktubda firmanın nümayəndəsinin 14 noyabr 2023-cü il tarixdə saat 10:00-da idarəyə yaxınlaşmasının zərurliyi ilə bağlı qeydlər edilmiş, lakin yenə də yaxınlaşan və ya bu barədə idarəyə izahat verən kimsə olmamışdır. Məhkəmədə verilən suala cavab olaraq Nümayəndə2 bildirir ki, 31 oktyabr 2023-cü il tarixli məktubun firmaya çatırılmasını təsdiq edən hər hansı sənəd onda yoxdur, bu səbəbdən iş materillarına əlavə edilməsi mümkün olmamışdır. "xxxx" firmasının rəhbərliyinə xx.xx.2022-ci, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə göndərilmiş məktublara cavab verməməsi, inzibati araşdırmada iştirak etməməsi ilə bağlı 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən 14 noyabr 2023-cü il tarixli, 82676 saylı “Akt” tərtib olunmuş və tərtib edilmiş əkta əsasında "xxxx" firması barəsində İXM-nin 239-cu maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında Nümayəndə2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 4 saylı RETSİ tərəfindən "xxxx" firmasında hər hansı yoxlama aparılmadığı üçün Ədliyyə Nazirliyindən yoxlama aparılması ilə bağlı çıxarış əldə edilməmişdir. Bildirir ki, "xxxx" X3 Komitəsinə vermiş olduqları hesabatlardan, o cümlədən 2007-ci il tarixdən "xxxx" əldə etmələrindən məlumatları olmamışdır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən firmaya “Ekoloji Pasportun” verilməsi barədə onun işlədiyi 4 saylı RETSİ-də məlumat olmamış, firma rəhbərliyi tərəfindən onlara məlumat verilməmişdir. Bundan başqa "xxxx" firması tərəfindən müvafiq hesabat elektron kabinet vasitəsilə DSK-nə təqdim edildiyindən və 4 saylı RETSİ-də sənəd dövriyyəsi hələ elektronlaşdırılmadığından həmin hesabatların verilməsindən də onların xəbəri olmamışdır. X10 Komitəsinə təqdim edilmiş hesabatlar onlara da təqdim edilməliydi ki, 4 saylı RETSİ firmannın X11 üzrə Dövlət Fonduna ödəməli olduğu məbləğlər hesablansın. Yəni həmin hesabat öncədən onlara təqdim edilmiş olsaydı, İXM-nin 239-cu maddəsi uyğun olaraq bu məzmunda protokol tərtib etməzdilər, belə ki həmin hesabatda göstərilən rəqəmlər əsasında firmanın Fonda ödəməli olduğu məbləğləri müəyyən etmək olardı. Qeyd olunanlara əsasən "xxxx" Firması barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X1 Nazim oğlu Əzizov ilə eyniməzmunlu izahat verdi və eyni zamanda əlavə olaraq da bildirdi ki, "xxxx" firması tərəfindən yanacaqdoldurma, avtomobillərə texniki xidmət sahələrin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı aparılmamışdır. İstehsal məhsullarının və atılan tullantıların ətraf mühitə təsiri və təbiətdən istifadəyə görə rüsumların miqdarının təyin edilməsi "xxxx" əsasında müəyyən edilir. İşlədiyi 4 RETSİ-də "xxxx" Firmasının Ekologia və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş "xxxx"-un olması barədə məlumat olmamışdır. Belə ki, həmin Pasporta bütün normativ sənədlər yəni ətraf mühitə və atmosferə atılan tullantılar, o cümlədən kanala axıdılan çirkab sularla bağlı normativlər göstərilir. Məhkəmə tərəfindən verilmiş suala cavab olaraq Rafiq Quliyev bildirmişdir ki, həmin "xxxx" onlara təqdim edilmiş olsaydı onlar pasportda göstərilmiş rəqəmlərə uyğun olaraq müəssisəsinin “X11 üzrə Dövlət Fonduna” ödəməli olduğu rüsumları müəyyən edərdi və protokol tərtib etməzdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Hikmət-87 Firmasının direktoru X8 məhkəməyə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxsi tərəfindən "Hikmət 87” firmasının barəsində tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmiş protokol qanunsuz və əsassızdır. Belə ki, protokolda göstərilir ki, firma tərəfindən İXM-nin 239-cu maddəsinin tələbləri pozulmuşdur. Həmin normaya görə Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bitən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına vəzifəli və hüquqi şəxslər barəsində tətbiq edilən cərimə məbləğləri nəzərdə tutulmuşdur. Hesab edir ki, başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. “Hikmət 87” firması olaraq onlar “X11si haqqında” Qanunun 18-ci maddəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq ətraf mühitə dəyən təsirin monitorinqi və uçotunu hesablanmasını apararaq 2007-ci ildə Ekologiya Nazirliyi ilə razılaşdırılmış şəkildə "xxxx" əldə etmiş, məhz bu səbəbdən də protokolda göstərilən uçotun aparılmamasına görə tətbiq edilən cərimə anlayışı yalnışdır. Bu protokol uçotun aparılmaması ilə bağlı "xxxx" olmadıqda tətbiq edilir. Onu da qeyd edir ki, bu hesabatın onlarda olub-olmamasını müəyyən etmək üçün mütləq firmaya yoxlama açılmalı və yoxlamanın əsasında bu müəyyən edilməlidir. Hazırda yoxlamalar dayandırılmış, hətta risk qrupu olan sahə kimi yoxlama açılsaydı belə həmin yoxlamanın vahid reyesteri aparılmalı idi. “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında qanunun 2, 8, 13, 14, və 20-ci maddələrin tələbləri tərtib edilən protokolda əksini tapmalı olduğu halda tapmamışdır. Bu səbəbdən də “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması” haqqında qanunun 1.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin İXM-nin inzibati xətanın anlayışından bəhs edən 12.1-ci maddəsinə göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazid olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Təqsirsizlik prezumpsiyası” prinsipindən bəhs edən həmin məcəllənin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Protokol tərtib etmiş orqan göstərir ki, firma tərəfindən təsərrüfat fəaliyyəti zamanı ətraf mühitə təsirin uçotu aparılmamış və ödənc haqlarının ödənilməsi təmin edilməmişdir. Əsas kimi isə yalnız özlərinin tərtib eldikləri akta istinad edilmişdir. "Əfraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqindən bəhs edən 17-ci maddəsində qeyd olunmuşdur ki, AR-da ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinq sistemi yaradılır və fəaliyyət göstərir. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi X11si və təbiətdən istifadənin idarə olunması, ona nəzarəti təmin edir, müvafiq məlumat bankları və informasiya sistemlərinin yaradılmasını nəzərdə tutur. Dövlət monitorinqi Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi X11si və təbiətdən istifadənin idarə olunması, ona nəzarəti təmin edir, müvafiq məlumat bankları və informasiya sistemlərinin yaradılmasını nəzərdə tutur. Dövlət monitorinqini, ekzogen proseslərin yayılması, inkişafı və dinamikasını öyrənmək üçün müşahidələrini, ərazilərin seysmik fəallığını öyrənmək və zəlzələlərin proqnozunu vermək üçün müşahidələrini və müşahidə obyektlərinin vəziyyətinin qiymətləndirilməsi və onların ilkin şəraitə nəzərən dəyişmənin araşdırılmasını əhatə edir. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir. ''Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, Ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinq sistemini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradır və bu fəaliyyəti Azərbaycan Respublikasının digər müvafiq icra hakimiyyəti orqanları ilə birgə həyata keçirir. Həmin Qərarın 4-cü bəndinə görə Təbiətdən istifadəçilər X11si sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə ətraf mühitin və təbii ehtiyatların monitorinqi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş formalar əsasında lazımi məlumatlar təqdim edirlər. Göründüyü kimi bu sahədə ilk növbədə dövlət orqanlarının özlərinin monitorinqləri olmalıdır. Yəni ilk növbədə qanunun tələbinə riayət etmək dövlət orqanının borcudur ki, qanunu pozmuş şəxslər barəsində tədbir görülməsini tələb etsinlər. İşin hallarını bu aspektdən təhlil edilən zaman aşkar edilir ki, dövlət orqanı olaraq hazırki protokolu tərtib etmiş AR ETSN 4 saylı RETSİ yuxarıda adıçəkilən əsasnamənin 4-cü bəndinin tələblərinə uyğun olaraq şirkətə hər hansı forma təqdim etməmişlər. Digər tərəfdən protokol tərtib etmiş orqan "Hikmət 87" firmasının" ətraf mühitə zərər verən fəaliyyət növü ilə məşğul olmasını hansı qaydada müəyyən etməsi, bu meyarların nədən ibarət olması məlum deyildir. Bildirir ki, şirkətə sadəcə olaraq xx.xx.2023-cü tarixli məktub daxil olmuş və məktubda idarəyə gəlmələri bildirilmişdir. Lakin qeyd edilən xx.xx.2023-cü il tarixli məktubu almamışlar. Özü şəxsən idarəyə getmiş, lakin o, idarəyə gedəndə artıq protokol tərtib edilmişdi. Bildirir ki, firmanın təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, firma tərəfindən həqiqətən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsiriliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Sahib Həmidov izahatına əlavə olaraq bildirmişdir ki, “Hikmət 87” firması hər il Dövlət Satatistika Komitəsinə “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi” barədə elektron qaydada hesabatlar təqdim edir. Belə ki, həmin hesabatda onun hər ay nə qədər benzin və dizel yanacağı satdığı öz əksini tapmışdır. Bundan başqa Firmanın xx.xx.2007-ci il tarixdə AR ETSN-nin təsdiq etdiyi “Ekoloji Pasortu” var. Məhz sadaladığı sənədlər əsasında 4 saylı RETSİ onlara “X11 Dövlət Fonduna ödəməli olduqları” aylıq ödəmlərinin miqdarını müəyyən etməli və elektron qaimə təqdim etməli idi ki, onlar köçürmələr etsinlər. 4 saylı RETSİ-də onlara məxsus “Ekoloji Paport”-un olması barədə məlumatın olmaması, həmin idarə tərəfindən sənəd dövriyyəsinin elektron qaydada aparılmaması onların günahı deyil. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının hüquqşünası və nümayəndəsi Nümayəndə1 bildirdi ki, 4 saylı RETSİ tərəfindən “Hikmət 87’ firmasının barəsində tərtib edilmiş protokol tam qanunsuz və əsassızdır. Protokolda göstərilir ki, “Hikmət 87” firması tərəfindən İXM-nin 239-cu maddəsinin tələbləri pozulmuşdur. Bildirir ki, “Hikmət 87” firmasına göndərilən xx.xx.2023 tarixli məktubda onların AR Nazirlər Kabinetinin 2022-ci il 308 nömrəli qərarında göstərilən tələblərə riayət etməməsi qeyd olunmuşdur. Həmin qərarda aidiyyatı ödənişlərdən və həmin ödəniş qaydalarından danışılır. Həmin Normanın 5-ci maddəsində qeyd olunur ki, təbiətdən istifadəçilər üçün müvafiq müddətə çirkləndirici maddələrin ətraf mühitə atılmasının (axıdılmasının) və tullantıların yerləşdirilməsinin yol verilən həcmləri AR ETSN tərəfindən qoyulan limitlərlə müəyyənləşdirilir. 5.12.2-ci maddənin ikinci bəndində "Təbiət istifadəçiləri" sözləri "Təbiətdən istifadəçilər" sözləri ilə, "yerli təbiəti mühafizə orqanlarının müəyyən etdiyi vaxtda ilin hər rübündə hesaba keçirirlər" sözləri "hər ayın 10-dan gec olmayaraq ödəyirlər sözləri ilə əvəz edilməsi qeyd olunmuşdur. Təbiətdən istifadəçilər ödənişləri 2 ay ardıcıl olaraq ödəmədikdə ETSN məhkəməyə müraciət edir. Müvafiq qanundan görünür ki, hər hansı ödəniş təqdim edilmədikdə həmin qərarın tələbi məhz məhkəmə yolu ilə müəyyən edilmiş ödənişin və təbiəti mühafizə orqanının müəyyən etdiyi miqdarın ödənilməsindən ibarətdir. Lakin tərbiq edilən protokol məhz ətraf mühitə zərərli təsirin uçotunun aparılmamasına görə tətbiq edilmişdir. “Hikmət 87” firması olaraq bu uçotu 2007-ci ildə ETSN ilə razılaşdırılmış qaydada və həmin Nazirliyin təsdiqi ilə aparıb "xxxx" əldə edilmişdir. Bu iş “X11si haqqında” qanunun 18-ci maddəsinin və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun 4.20 maddəsinin və eləcədə 2002-ci il 13 iyul tarixli 112 nömrəli qərarın Atmosfer havasına atılan zərərli maddələrin və onun zərərli fiziki təsirlərin dövlət uçotu qaydalarının 8-ci maddəsinin tələblərinə uyğun qanun çərçivəsində aparılır. Belə ki, “X11si haqqında” qanunun 18-ci maddəsinə görə Hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat X11si sahəsində AR-nın müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun 4-cü maddəsinə görə bu Qanun qüvvəyə minənədək həyata keçirilən nəzərdə tutulan fəaliyyət ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin fəaliyyətlə bağlı obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin fəaliyyətə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), X11si sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. Azərbaycan Respublikasının 13 iyul 2002-ci il tarixli, NK-nin 112 nömrəli qərarının 8-ci maddəsinə əsasən tabeliyində olan müəssisə, idarə və təşkilatlarda atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirin ilkin uçotunu müəyyən edilmiş qaydada aparır və bu uçotun düzgünlüyünü və vaxtında təhvil verilməsini təmin edir, ETSN ilə razılaşdırılmış, Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş qaydada və müddətdə, atmosfer havasına atılan zərərli maddələrin tərkibini və onların miqdarını, eyni zamanda atmosfer havasına göstərilən zərərli fiziki təsirin növlərini və miqyasını müəyyən edir, atmosfer havasına atılan zərərli maddələr və onların miqdarını, ona zərərli fiziki təsirin növlərini və miqyasını instrumental nəzarət ölçü cihazları vasitəsi ilə təyin edirlər, müvafiq avadanlıqlar olmadığı hallarda isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işlənib hazırlanmış hesablama metodikalarından (təlimatlarından) istifadə etməyə icazə verilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş forma və təlimatlara müvafiq olaraq, atmosfer havasına zərərli təsir haqqında hesabatları aidiyyəti orqanlara təqdim edirlər. Həmin hesabatlara zərərli maddələrin miqdarının və zərərli fiziki təsirin hansı metodika ilə təyini barədə məlumat əlavə edirlər. Qəza halları zamanı atmosfer havasına müəyyən edilmiş normadan artıq zərərli təsirlər olduğu hallarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təcili məlumat verirlər. Nümayəndə1 eyni zamanda bildirir ki, elektorn kabinetləri mövcuddur və bütütn dövlət orqanları ilə aparılan əməliyyatları həmin kabinetdən aydın şəkildə görmək olar, lakin 4 saylı RETSİ tərəfindən bizə göndərilmiş hər hansı xəbərdarlıq, çağırış məktubunu görmədiklərini, halbuki, 2017-ci ilin 1 yanvar tarixindən bütün Dövlət orqanlarına hesabatlarını elektron qaydada göndərdiklərini bildirmişdir. Bildirir ki, hər ay müvafiq dövlət orqanları tərəfindən onlara təqdim edilən hesabat qaydalarına uyğun olaraq, o cümlədən Dövlət Statistika Komitəsinə “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi” barədə hesabat verirlər. Qeyd edir ki, 2 manata görə adama 8000 manat cərimə tətbiq etmək heç bir məntiqə sığmır. Protokolu tərtib edən orqanının nümayəndəsi ölçü cihazları adı çəkmişdir. Buna münasibətdə bildirir ki, onların ölçü cihazları yoxdur, həmin cihazları gömrükdən keçirtmək mümkün deyildir, çünki, bunun üçün xüsusi sertifikat olmalıdır və həmin cihazları xüsusi sertifikatlaşdırılmış qrurmlar gömrükdən keçirə bilər. Məhz buna görə firmanının təbiətə, atmosferə atılan axıdılan tullantılarla bağlı onların miqdarını özündə əks etdirən 2007-ci il tarixdən ETSN ilə razılaşdırılmış və təsdiq edilmiş "xxxx"-u mövcuddur. Qeyd edir ki, dəfələrlə 4 saylı RETSİ-nə ödəməli olduqları məbləğlərlə bağlı müraciətlər etmiş, lakin onlar özlərini yan çəkmişlər. Hətta idarənin mühasibinə “X11si üzrə Dövlət Fonduna” hansı məbləğdə vəsait ödəməli olduqları barədə elektron qaimə təqdim etməsini xahiş etsə də, onlara elektron qaimə verilməmiş, “gedin nə ödəyirsiz ödəyin deyə” cavab verilmişdir. Bunun hansı yanaşma olduğunu başa düşmədiyini bildirir. Bu protokolun evdə və ya hansı ünvanda tərtib edildiyini hələ də anlamır. Göstərilənləri nəzərə alaraq "xxxx" firması barəsində tərtiob edilmiş proptokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 04 oktyabr 2022-ci il tarixdə ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi tərəfindən "xxxx" firmasına xəbərdarlıq məktubu göndərilmiş, həmin məktub məntəqə direktoru Natiq Kazımov oxuyub tanış olsa da, məktubun surətinə qol çəkməkdən imtina etmiş, bu barədə 05 oktyabr 2022-ci il tarixli “Akt” tərtib olunmuşdur. 10 oktyabr 2023-cü il tarixdə ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi tərəfindən "xxxx" firmasına eyni məzmunlu xəbərdarlıq məktubu göndərilmiş, həmin məktub 13 oktyabr 2023-cü il tarixdə müəssisə rəhbərliyi tərəfindən qəbul edilmişdir. 31 oktyabr 2023-cü il tarixdə ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi tərəfindən yenidən "xxxx" firmasına eyni məzmunlu xəbərdarlıq məktubu göndərilmiş, lakin çatdırılmasını təsdiq edən sənəd təqdim edilməmişdir. "xxxx" Firmasına məxsus Sumqayıt şəhəri, Koroğlu prospekti kənarında fəaliyyət göstərən yanacaqdoldurma, avtomobillərə texniki xidmət sahələrin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı aparılmamış və ödənc haqlarının ödənilməsinin təmin edilməməsi ilə bağlı 14 noyabr 2023-cü il tarixli, 82676 saylı Akt tərtib olunmuşdur. İş materiallarına əlavə edilən, "xxxx" firmasının rəhbərliyi tərəfindən təqdim olunan X2 görünür ki, müəssisə tərəfindən 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr aylarında malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında və satılmış malların və göstərilmiş xidmətlərin dəyəri, ƏDV və aksiz vergisi daxil olmaqla İİ hissədən ibarət olan rəsmi statistik hesabatı Dövlət Statistika Komitəsinə təqdim etmişlər. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" firması xx.xx.2007-ci il tarixdə "xxxx" əldə edilmiş, həmin Pasport Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılmış, təsdiq edilmişdir. Məhkəmə iş materiallarını o cümlədən tərəflərin təqdim etdiyi sənədləri araşdıraraq hesab edir ki, “Hikmət-87 Firması tərəfindən Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İXM-nin 239-cu maddəsinə görə Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, bu xəta üzrə tərkib əlamətlərinin yaranması üçün ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması tələblərinə əməl edilməməlidir. Tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli aktda tələbləri pozulduğu qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş "Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydalarına və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla) dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödəniş hər ayın 10-dan gec olmayaraq “X11si üzrə Dövlət Fondu"na ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. Məhkəmə qeyd edir ki, ətraf mühitin müəssisə monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərüffat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılması nəticəsində Nazilər Kabinetinin qeyd olunan qərar ilə Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər, dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödənişlərin miqdarı müəyyən edilməklə, həmin ödənişlərin ödənilməsi qaydaları müəyyən edilir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, "xxxx" firması inzibati xəta törətməmiş, başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, iş materilarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi ilə xx.xx.2007-ci il tarixdə razılaşdırılmış "xxxx"un giriş hissəsində 1. Müəssisə haqqında ümumi məlumatlar və onun rekvizitləri,

2. müəssisənin fəaliyyəti zamanı əmələ gələn bərk maye və qazşəkilli tullantıların kəmiyyət və keyfiyyət xarakteristikasına dair məlumatların əks olunduğu göstərilmişdir. Bundan başqa həmin "xxxx"-un giriş hissəsində - Ekoloji pasportda toplanan məlumatların aşağıdakı təbiəti mühafizə məsələlərinin həlli üçün nəzərdə tutulduğu qeyd edilmişdir ki, onlardan biri də istehsal məhsulunun və atılan tullantıların (bərk maye, qaz) ətraf mühitə təsiri və təbiətdən istifadəyə görə rüsumların miqdarının təyin olunması olduğu göstərilmişdir. Ekoloji Pasport dedikdə - müəssisənin təbii ehtiyatlardan istifadə səviyyəsini və ətraf mühitə təsir dərəcəsini əks etdirən göstəricilər sistemi ilə ifadə edilmiş məlumatlar kompleksinin daxil olduğu ekoloji normativ sənəddir. AR Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli fərmanı ilə təsdiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında əsasnamənin 10.76 bəndində göstərilmişdir ki, qüvvədə olan qanuncericiliyə uyğun olaraq ətraf mühitə zərər vura bilən müəssisələrə onların ətraf mühitə təsir göstəricilərinə dair ekoloji sənədlər yəni Atılabilən tulantı həddi (ABTH) buraxlıla bilən axıntı həddi (BBAH) ekoloji pasport verilir. Məhkəmə qeyd edir ki, Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydalarına dair AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı qərarında göstərilmişdir ki, bu qaydalar təbiətdən istifadənin ödənişli olması, ətraf mühitə zərərli maddələr atılması (axıdılması, yerləşdirilməsi) üçün iqtisadi tənzimləmə üsullarının əsas prinsiplərini müəyyən edir. Həmin qaydalarda ətraf mühitə zərərli maddələrin atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödəniş normativlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tətbiq edir. Həmin qaydalarda göstərilir ki, təbiətdən istifadəçilər üçün müvafiq müddətə çirkləndirici maddələrin ətraf mühitə atılmasının (axıdılmasının) və tullantılarının yerləşdirilməsinin yol verilən həcmləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qoyulan limitlərlə müəyyənləşdirilir. Bundan başqa qaydalarda göstərilir ki, ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərə - çirkləndirici maddələrin müəyyən olunmuş limitlər (normativlər) çərçivəsində atılmasına (axıdılmasına) görə ödənişlər; çirkləndirici maddələrin müəyyən olunmuş limitlərdən (normativlərdən) artıq atılmasına (axıdılmasına) görə ödənişlər daxildir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, “Hikmət 87” firması 2023-cü il ərzində Dövlət Statistika Komitəsinə “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında” hesabatlar təqdim etmişdir ki, məhz həmin hesabatlarda firmanın hər ötən ay ərzində hansı miqdarda dizel və ya benzin yanacağı satır. Həmin satış miqdarına əsasən hər 1 tona (çəkiyə) uyğun olaraq qaydalarda göstərildiyi kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq İdarəsi “X11 üzrə dövlət Fonduna” ödənilməli olan rüsumları müəyyən etməli idi. Məhkəmə hesab edir ki, "xxxx" Firmasının həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aşağıdaki hallar mövcud olmalı idi. 1. Firmanın öz hərəkətlərinin hüquqazidd xarakterini dərk etməsi, 2 bu hərəkətlərin zərəli nəticələrini qabaqcadan görməsi. 3 bu nəticələri arzu etməsi 4. Belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu halda onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan da məlum olur ki, "xxxx" Firmasının qanunvericiliyin müəyyən etdiyi tələblərdən yayınmaq, qanunla qorunan ictimai münasibətlərə qəsd etmək, hüquqazid hərəkət etmək niyyəti olmamış, yaxud təqsirli sayılan hansısa hərəkətə yol verməmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" Firması yanacaqdoldurma, avtomobillərə texniki xidmət (yuma, yağ dəyişmə və s.) sahələrin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı aparılması üçün xüsusi texniki vasitə yəni ölçü cihazları olmadığı üçün bu prosesi özü həyata keçirə bilməzdi. Məhz bu səbəbdən müəssisə 09 fevral 2007-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılmış və təsdiq edilmiş "xxxx" əldə etmişdir. Bundan başqa müəssisə tərəfindən hər ay malların satışı, xidmətlərin göstərilməsi ilə bağlı Dövlət Statistika Komitəsinə hesabatlar təqdim etmişlər. Yəni məhz satılan benzin və dizel yanacağının miqdarı əsas götürülməklə protokol tərtib etmiş orqan həmin məhsulun satılması nəticəsində atmosfer havasına atılan zərərli maddələrin miqdarını müəyyən etməli və hesablanmış məbləğlə bağlı elektron qaimə təqdim etməli idi. Bu səbəbdən məhkəmə "xxxx" Firmasının hər hansı hüquqazidd əməl törətmək niyyəti olmadığı və inzibati xəta törətmədiyi qənaətinə gəlir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin "xxxx" İdarəyə təqdim edilmiş olsaydı bu məzmunda protokol tərtib edilməzdi fikirinə münasibətdə qeyd edir ki, ETSN tərəfindən təsdiq edilmiş pasportun həmin idarədə olmaması şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas vermir. Məhkəmə eyni zamanda protokol tərtib etmiş orqanın nümayəndəsinin “Dövlət Statiskita Komitəsinə” təqdim edilmiş hesabatlar 4 saylı RETSİ-nə də təqdim edilsəydi "xxxx" firması tərəfindən “X11si üzrə Dövlət fonduna” ödənilməli olan rüsumlar idarə tərəfindən müəyyən edilərdi və bu barədə protokol tərtib edilməzdi fikirinə münasibətdə qeyd edir ki, 4 saylı RETSİ nə 04 oktyabr 2022-ci il tarixli nə 10 oktyabr 2023-cü il, nə də 31 oktyabr 2023-cü il tarixli məktublarda ay ərzində satılan dizel və ya benzin yanacağı barədə hesabatların məhz onlara da təqdim edilməli olması barədə heç bir qeyd etməmiş, bu məlumatları onlardan tələb etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin "xxxx" X6 Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, məhkəmə iclasında təqdim etməmiş və ya təqdim edilən sənədlər iş üzrə məhkəmə baxışı zamanı müəyyən edilmiş digər sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Hikmət-87 Firması əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hikmət-87 Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar