Məhkəmə qərarları › İş №3(060)-2745/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2745/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2745/2022 21.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Mehman Əsədovun, Zərərçəkmiş şəxs- X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində X2 boyun və baş nahiyələrinə bədən xəsarətləri yetirərək onu döymüşdür Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Mehman Əsədov bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində X2 boyun və baş nahiyələrinə bədən xəsarətləri yetirmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, X6 onun həyat yoldaşı Elnarənin bacısı Esmiranın keçmiş qeyri rəsmi həyat yoldaşıdır. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində keçmiş bacanağı X4 onun Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən evinə uşaqlarını görmək üçün gəlmiş və aralarında münaqişə baş vermişdir. Aralarında mübahisə baş vermiş lakin, nə o, nə də həyat yoldaşı X1 vurmamış ona xəsarət yetirməmişdir. Mübahisə etdiyi üçün peşmandır. Bunların nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirdi ki, 19 08.2022-ci il tarixdə o, uşaqlarını görmək üçün keçmiş həyat yoldaşı Esmiranın bacısı Elnarənin Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən evinə getmişdir. Uşaqlarının, baldızı Elnarənin həyat yoldaşı Esmiranın həyətdə olduqlarını görmüş və düşüb uşaqları ilə görüşmüşdür. Bu zaman baldızı Elnarə həyat yoldaşı Əhmədə zəng edərək onun gəldiyini deyərək həyat yoldaşını evə çağırmışdır. Daha sonra o, münaqişə baş verməməsi üçün uşaqları ilə görüşüb öz maşınına əyləşib getmək istəyən zaman Şəxs velosipedlə onun qarşısını kəsmişdir. O, sükan arxasında olan zaman Əhməd yaxınlaşıb onun ünvanına nəlayiq söyüşlər söyərək əli ilə sinəsinə, boynuna və baş nahiyəsinə ardıcıl zərbələr endirməyə başlamış, eyni zamanda Əhmədin həyat yoldaşı Elnarə də, nəlayiq söyüşlər söyərək onun maşınını əli ilə, həmçinin təpiklə vurmağa başlamışdır. Şəxs ilə barışmaq istəmir, onun tənbeh edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə bacısı Elnarənin yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində keçmiş qeyri rəsmi həyat yoldaşı X6 ilə bacısının həyat yoldaşı Şəxs arasında mübahisə baş vermişdir. Lakin mübahisə zamanı nə Əhməd nə də bacısı Elnarə onun keçmiş həyat yoldaşı Qələndərov Zaura və onun maşınına xəsarət yetirməmişlər. X6 özü münaqişəyə səbəb olmuşdur. Bu mübahisələri yaratmaqda Zaurun əsas məqsədi onunla yenidən barışmaq istəməsidir. Lakin o, keçmiş həyat yoldaşı ilə yenidən bir ailə kimi yaşamaq istəmir, onun təklifi ilə razılaşmadığı üçün Zaur müxtəlif bəhanələr gətirərək belə münaqişələr yaradır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, X6 onun bacısı Esmiranın keçmiş qeyri rəsmi həyat yoldaşı olmuşdur. Zaur xx.xx.2022-ci il tarixdə öz uşaqlarını görmək üçün onların yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisinə gəlmişdir. O, Zaurun gəldiyini görüb həyat yoldaşı Əhmədə zəng edərək onu evə çağırmışdır. Daha sonra onlar arasında mübahisə baş vermişdir. Lakin mübahisə zamanı nə həyat yoldaşı Əhməd nə də o, Qələndərov Zaura və onun maşınına xəsarət yetirməmişlər. X6 özü münaqişəyə səbəb olmuşdur. Bu mübahisələri yaratmaqda Zaurun əsas məqsədi onun bacısı Esmira ilə yenidən barışmaq istəməsidir. İşdə olan Sumqayıt ŞPİ-ın 1-ci PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə həvalə edilmişdir. İşdə olan MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsindən daxil olmuş 1160 saylı ekspert rəyindən aydın olur ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır : Döş qəfəsinin ön səthinin sol yarısının və mərkəzi hissəsinin, sol təpə ənsə nahiyyəsinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əl ilə yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar