Məhkəmə qərarları › İş №3(060)-2752/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2752/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2752/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Masallı rayonu, Köçərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu, Köçərli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarix saat 22:00 radələrində Yaşıldərə Y/M ərazisində küçədə qonşusu Zərərçəkmiş şəxs qarşı yüksək səslə içkili halda nalayiq küçə söyüşləri və ifadələr işlətmiş, ətrafdakı insanları qorxutmuş, bununla da ictimai qaydanı kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs qonşusu Zərərçəkmiş şəxs evinə gedərək saat 22 radələrində qapısını döyərək əlinə daş alaraq yüksək səslə nalayiq ifadələr işlətmiş, qapısını döymüş və ictimai qaydanı pozmuşdur. Zərərçəkmiş şəxs azyaşlı qızı ilə evdə olmuş və bundan qorxmuşlar. Buna görə də zərərçəkmiş şəxs qayınanasına zəng etmiş və şəxsin ona zərər verə bilmə ehtimalını bildirmiş, qayınanası gəlmişdir. Daha sonra hadisə şəxsin evinin qarşısında davam etmiş, qayınanası həmin şəxsə nəyə görə gəlininə qarşı nalayiq ifadələr işlətməsini soruşduqda həmin şəxs yenə də öz əməllərinə davam etmiş, 5-ci PB-nin əməkdaşları hadisə yerinə getmiş, şəxsi bölməyə gətirmişlər, bölməyə gətirildikdən sonra içkili olması müəyyən edilmiş və barəsində protokol tərtib edilmişdir. Odur ki, şəxs barəsində islahedici tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, saat 10-11 radələrində evə gəlmiş, uşağı ona bildirmişdir ki, Könül xanım pulunu istəyir. Yaşıldərə massivində yollar pis vəziyyətdəri, onlar bəzən qonşularla pul yığaraq yolu düzəltdirirlər. Öz vəsaitləri hesabına çəkilmiş kanalzasiya sistemi vardır, həmin kanalzasiya ilk öncə 8 nəfər arasında çəkilmişdir. Yeni gələn qonşular həmin kanalzasiya sisteminə qoşulmaq üçün pul ödəyirlər. Bir şəxs kanalzasiya üçün 200 manat bir, 200 manat da bir olmaqla 400 manat pul gətirib vermiş, o da həmin pulu özündə saxlamışdır. Bundan 5-6 ay əvvəl başqa bir qonşu da həmin kanala qoşulmuş, pul qonşuluqda olan Elsevər adlı şəxsə verilmişdi. Könül xanım da həmin şəxsin qapısını teztez döyərək ona düşən hissədə pulunun qaytarılmasını istəmişdir, o da yol düzəldəcəklərini bildirdikdə xanım istəməmişdir. Evə gəldikdə Elsevərin ona 50 manat pulu qaytardığını görmüş, səbəbini soruşduqda Könül xanımın pulu tələb etdiyinə görə hər kəsin pulunu qaytardığını bildirmişdir. Hazırda həmin hadisə onun başına gəlmişdir. Qonşulardan yığılan pullar onda olmuş, Könül xanım gəlib öz pulunu tələb etmiş, o da xanıma az məbləğdə pul qaldığını, digər qonşular da pulu verdikdən sonra yolu düzəldəcəklərini, əgər onun pulunu qaytarsa digər qonşuların da pulunu qaytarmalı olacağını və yolun düzəlmədən qalacağını bildirmiş, Könül xanım ona əgər pulunu indi qaytarmasa başına oyun açacağını bildirmişdir. Bundan sonra o, uşağı vasitəsi ilə xanıma 100 manat göndərmiş, xanım isə 50 manat pulu ona qaytarmışdır. Axşam evində bir az spirtli içki qəbul etmiş, bu zaman evin qapısı bərk şəkildə döyülmüş, qapıda olan kişi ondan xanıma nə dediyini soruşmuş, o da heç nə demədiyini, xanımın pulunu tələb etdiyini, o da qaytardığını bildirmişdir. O, həmin şəxslərlə profilaktiki söhbət etdikdən sonra onu anlamış və getmişlər. Bundan 10 dəqiqə sonra xanım gələrək onun yanında zəng etmiş və şəxsin içkili olduğunu, gəlib onu aparmaqlarını demişdir. Bundan sonra onların tanışı olan bir polis nəfəri oraya gəlmiş, nə olduğunu soruşmuş, daha sonra onun içkili olduğunu soruşmuş, o, evində yemək yeyib içki qəbul etdiyini bildirdikdə həmin polis onu həbs etdirəcəyini bildirmiş, daha sonra başqa polis əməkdaşları gəlmiş və bölməyə getmişlər. Polis bölməsində olarkən onu sərxoşluğunu yoxlamaq üçün narkoloji dispanserə aparmış, orda 100 qram spirtli içki qəbul etdiyini bildirmişdir. Daha sonra nə yazıldığından xəbəri yoxdur. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında müdafiəçi Vəkil iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 8 ildir ki, oraya köçmüşdür və köçdüyü vaxtdan orada kanalzasiya sistemi yoxdur. Evin təmir işləri ilə atası məşğul olmuşdur. Atası orada kanalizasiya işini təşkil etmiş və həmin vaxt 8 nəfər olmuşlar. Onlar oraya köçməmişdən öncə həmin qonşu ilə mübahisə olmuşdur. O vaxt pulu böyük kimi atası yığmış, bu qonşu atasının üzərinə gələrək nə üçün qonşudan yığılan pulların onda qaldığını bildirmiş və həmin pulları ondan tələb edərək almışdır. Bundan sonra qonşular nə pullarını geri ala bilməmişlər, nə də o şəxs həmin pulları yolun düzəlməsinə sərf etməmişdir. Təxminən iki ay yarım əvvəl oraya yeni köçən qonşu kanalizasiya sisteminə qoşulmaq istəyir. O, qonşu qadından həmin yeni qonşunun icazə alıb-almadığını soruşmuş, o da bu şəxsin evini göstərərək ondan icazə aldığını və pulu ona verəcəyini, yerə daş tökəcəklərini demişdir. İki aydan sonra o, bu şəxsin nömrəsini axtarmış, daha sonra onun qızının telefon nömrəsini alaraq ona demişdir ki, atası yolu düzəltdirsin, artıq gediş-gəliş mümkün deyildir. Qızı da məlumatı olmadığını, atasına deyəcəyini bildirmişdir. Axşam saat 21:50-də qızının nömrəsindən ona zəng gəlmiş, telefondakı həmin şəxs olmuş, ondan nə haqla yolun təmiri ilə maraqlandığını soruşmuş, o da pul verən şəxslərdən birinin də özü olduğunu demiş, o da ümumiyyətlə yolu təmir etməyəcəyini, pulu da verməyəcəyini demiş və bununla söhbət böyümüşdür. Bundan sonra həmin şəxsin oğlu gəlmiş, ona 100 manat gətirmiş, o da qalan 50 manatı qaytamışdır. Bundan bir az sonra qapı bərk şəkildə döyülmüş, qızı qorxaraq ağlamağa başlamışdır. O, həyətə çıxdıqda həmin şəxsin səsini eşitmiş, şəxs nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, qayınına və qayınanasına zəng edib çağırmışdır. Bundan 20-25 dəqiqə sonra onlar gəlmiş, həmin şəxsin evinə gedib qapını döymüş, açmadıqlarından qızına zəng etmiş, qızı da atasının içkili olduğunu demişdir. Daha sonra kişi qapını açmış, qayınanası həmin şəxsdən nə üçün gəlinini təhqir etdiyini soruşmuş, bu zaman münaqişə yaranmışdır. O, bacısının yoldaşı polis olduğundan ona yığmış və həmin yerə polis göndərilməsini xahiş etmişdir. Həmin polis özü də oraya yaxınlaşmışdır. 5-6 dəqiqədən sonra əməliyyat qrupu gəlmiş, onun və həmin şəxsin izahatı alınmışdır. Hadisə 4-cü gün baş vermiş, növbəti həftənin 1-ci günü artıq yola daş gətirilmiş, 2-ci gün daş yayılmışdır. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Beləliklə, məhkəmə prosess iştirakçılarının izahatlarını dinləyərək, toplanmış sübutlar işin halları ilə birlikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması tərəflərin ifadəsi, mübahisənin faktiki xarakteri və yaranma ardıcıllığı və işdə olan digər sənədlərlə təsdiqini tapır. Məhkəmə, Şəxs xəta törədiləndən sonra küçəyə yük maşını ilə çınqıl daşının tökdürülməsi önündə çəkdirdiyi fotoşəkillərin məhkəməyə təqdim edilməsində mübahisənin yaranması əsasına yanlış təsəvvür yaratmağa cəhdi kimi qiymətləndirir. İş materiallarında olan A/2697 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, yaşını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar