Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2752/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30102187 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30102187 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, 09 sentyabr 2025-ci il tarixdə “SMS-Radar” xidmətinin fəaliyyətini mobil telefonunda aktivləşdirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində mülkiyyətində olan 77MY781 dövlət qeydiyyat nişanlı avtomobilin qadağan olunmuş yerdə saxlanılması əsası ilə barəsində Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsi ilə EQ30102187 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi ona məlum olmuşdur. Proqrama yüklənmiş materiallar tərtib olunmuş protokolların qanunsuz olmasını təsdiq edir. Həmçinin inzibati xətanın mövcud olmaması fotoşəkillərdən aydın görünür. Ona inzibati xəta haqqında protokol, inizbati tənbeh vermə haqqında qərar və digər sənədlərin təqdim edilməsindən boyun qaçırılsa da, “SMS-Radar” xidmətində yerləşən məlumatlar kifayət edir ki, onun tərəfindən inzibati xətaya yol verilməmiş, inzibati xəta haqqında iş üzrə protokol və inizbati tənbeh vermə haqqında qərar yol polisi əməkdaşı tərəfindən qərəzli olaraq tərtib olunmuşdur. Onun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2, 105.1 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X4 şikayətinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. X2 həmçinin iddia edilən inzibati xəta hadisəsi qeydə alınan zaman səlahiyyətli şəxs tərəfindən çəkilmiş fotoşəkilləri və iddia edilən inzibati xətanın qeydə alındığı yerdə özü tərəfindən digər istiqamətdən çəkilmiş fotoşəkili məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin fotoşəkillərin müqayisəli tədqiqi ilə bir daha təsdiq edirlir ki, avtomobilini hərəkət hissələrinin kəsişməsindən azı 15 metr məsafədə saxlamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30102187 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30102187 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hyundai Santafe” minik markalı 77MY781 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 12:18-də Sumqayıt şəhəri, 36-cı məhəllə, 7-Nov. ünvanında hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə həmin avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərara əlavə edilmiş foto şəkillərdən görünür ki, “Hyundai Santafe” minik markalı 77MY781 dövlət qeydiyyat nişanlı avtomobil yolun sol kənarında olan ikinci böyük ağacın yanında durmuşdur. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş iddia edilən inzibati xətanın qeydə alındığı yerdə digər istiqamətdən çəkilmiş fotoşəkildən görünür ki, yuxarıdakı abzasda qeyd edilən 77MY781 dövlət qeydiyyat nişanlı avtomobilin yolun sol kənarında durduğu ikinci böyük ağacın olduğu yerdən hərəkət hissələrinin kəsişməsinə qədər olan məsafə təxmini 15 metrə yaxındır (məsafənin uzunluğunu fotoşəkildə olan digər obyektlərin müqayisəli tədqiqi ilə müəyyən etmək mümkündür). Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Normanın dispozitiv şərtlərindən də göründüyü kimi nəqliyyat vasitəsi kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə İXM-in 346.5-ci maddəsinin tərkibi yaranır. İndiki halda isə X4 “Hyundai Santafe” minik markalı 77MY781 dövlət qeydiyyat nişanlı avtomobili kəsişən hərəkət hissəsinin kənarından 15 metrə yaxın məsafədə saxlamışdır. Beləliklə də, X3 əməlində İXM-in 346.5-ci maddəsinin tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30102187 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30102187 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2752/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2752/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver