Məhkəmə qərarları › İş №3(060)-2758/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2758/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2758/2024 01.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində 39cu məhəllədə yerləşən Cənnət kafesinin qarşısında səs-küy salaraq polisin qanuni tələbinə məhəl qoymamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə bölmədə olduğu zaman Namiq adlı şəxs və onun qaynı Şamil adlı şəxsi polis bölməsinə gətirmişlər. Bölmədə raport tərtib olunmuş və araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sözügedən hər iki şəxs 39cu məhəllə ərazisində yerləşən Cənnət kafesində pivə içmiş, sonra Namiq adlı şəxsə telefon zəngi gəlmiş və evə getmək məcburiyyətində olmuşdur. Həmin vaxt onun qayını telefonunu və siqaretini kafedə qoyaraq Namiqi yola salmaq üçün çölə çıxmışdır. Həmin vaxt anlaşılmazlıq olmuş, kafedə işləyə xanım elə zənn etmişdir ki, bu şəxslər pulu ödəmədən getmişlər. Buna görə xanım onların yanına yaxınlaşaraq nə üçün pulu ödəmədiklərini soruşmuş, bu zaman aralarında söz mübahisəsi yaranmış, mübahisə zamanı orada xidmət aparan polis əməkdaşları oraya yaxınlaşmış və şəxslərdən nə üçün pulu ödəmədiklərini soruşmuşlar, mübahisə bir neçə dəqiqəlik böyümüş, polis əməkdaşları məsələyə ətraflı aydınlıq gətirilməsi üçün həmin şəxsləri bölməyə dəvət etmişlər. Bölmədə həmin şəxslərin və polislərin izahatları alınmış, toplanmış material baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki,hadisə deyilən kimi olmuşdur. Kafedə pivə içmişlər, daha sonra o gedəsi olmuşdur. Buna görə qaynına onu yola salmasını demiş, daha sonra xanım içəridən çıxaraq nə üçün pulu vermədiklərini soruşmuş, qayını da kafeyə qayıdacağını, telefonun içəridə olduğunu demiş, daha sonra polis əməkdaşları oraya yaxınlaşmışdır. Pulu qayını Şamil ödəyəcəkdi. Polis əməkdaşları Şamili bölməyə dəvət etmiş, onu etməmişlər, o, özü avtomobilə əyləşərək polis ölməsinə getmişdir. O, heç kimi söyməmiş, ola bilsin ki, həmin vaxt kobud danışmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, bundan əvvəl də bu şəxslər iki dəfəyə oraya gəlmiş, pulu verməmiş, çöldə məcbur onlardan pulu almışlar. Ona görə bu dəfə işçili onları qəbul etmək istəməmişdir. Həmin gün içəridə qab yuyan zaman orada işləyən oğlandan həmin şəxslərin hesabının nə qədər olduğunu soruşmuş, 13 manat olduğunu demiş, o, çıxdıqda həmin şəxslərin orada olmadığını görmüş, oğlandan hesabı ödəyib-ödəmədiyini soruşduqda ödəmədiklərini demiş, ətrafa baxdıqda həmin şəxslərin təxminən 150 metr aralıda getdiklərini görmüş, yaxınlaşıb pulu ödəmələrini bildirmiş, bundan sonra bu şəxs qışqırmağa başlamış, səsə hər kəs yığışmağa başlamışdır. Ödənişi də bölmədə almışdır. Bu şəxs yanındakı şəxsə pulu verməsini deyərək qışqırırdı, lakin hər hansı nalayiq ifadə işlətməmişdir. Pul ödənilmişdir, şikayəti yoxdur. Məhkəmədən nəzərə alaraq şəxsin bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT polis nəfəri, polis serjantı X8 bildirdi ki, xidmət aparan zaman 39-cu məhəllə ilə 41-ci məhəllənin arasında yerləşən Cənnət kafesinin qarşısında səs-küy eşidərək oraya yaxınlaşmışlar. İki şəxs xanımla mübahisə edirdi. Əsas mübahisə edən bu şəxsin yanındakı şəxs olmuşdur. Həmin şəxs qışqırırdı ki, hesabı vermirəm, bu şəxs isə qışqıraraq ona hesabı verməsini deyirdi. Daha sonra səs-küyü azaltmaq üçün həmin şəxsləri bölməyə dəvət etmək istəmişlər, digər şəxs gəlməkdən imtina etmiş, bu şəxs də onu avtomobil əyləşdirməyə maneçilik yaratmışdır. Daha sonra nalayiq ifadələr işlətmişlər. Digər şəxsi məcbur avtomobilə əyləşdirdikdən sonra bu şəxs də özü avtomobilə əyləşmişdir. Digər şəxsi avtomobilə əyləşdirən zaman bu şəxs ünvansız nalayiq ifadələr işlətmişdir. Əsas müqavimət göstərən şəxs digər şəxs olmuşdur. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT polis nəfəri, polis baş serjantı X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 10, 11-ə işləmiş radələrdə xidməti ərazidə gəzən zaman səs-küy gəldiyini eşitmiş, oraya yaxınlaşan zaman iki şəxs və bir qadının arasında hesaba görə mübahisə yaranmışdır. İlk öncə bu şəxs yanında olan digər şəxsi sakitləşdirməyə çalışmış, lakin sonradan digər şəxsi avtomobilə əyləşdirmək istəyən zaman maneçilik yaratmışdır. Əsas nalayiq ifadələr işlədən, müqavimət göstərən şəxs digər şəxs olmuş, bu şəxs müqavimət göstərməmişdir. Bu şəxs yalnız qışqıraraq digər şəxsə pulu verməsini demişdir, nalayiq ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, kafeyə getmiş, bir iki bakal pivə içmiş, daha sonra Namiqə zəng gəlmiş, onu yola salmaq üçün çıxmışlar, o, geri qayıdacaqdı. Xanım elə zənn etmişdir ki, onlar qaçırlar, çıxıb onlardan pulu tələb etmişdir. O, xanıma izah etməyə çalışmışdır ki, o, getmir, Namiqi taksi ilə yola salıb özü qayıdacaqdır. Daha sonra səs-küyə polis əməkdaşları gəlmiş, onu bölməyə aparmaq istəyən zaman nə üçün onu bölməyə apardıqlarını soruşmuşdur. Namiq də orada ona pulu verməsini demişdir. O da onsuzda pulu verəcəyini demişdir. İş materiallarında olan A/2266 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vardır. İş materiallarını araşdıraraq, protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidləri, müdafiəçini dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq, polisin qanuni tələbinə tabe olmayaraq maneə yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində, yəni AR İXM-in 535.1-ci maddəsi ilə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib İXM-nin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar