Məhkəmə qərarları › İş №3(060)-2759/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2759/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2759/2024 01.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 01 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunarq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 22:10 radələrində Sumqayıt şəhəri, 39-cu məhəllədə yerləşən “Cənnət” kafesində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X8 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, icraatına daxil olmuş raporta əsasən xx.xx.2024-cü il tarixində saat 22:10 radələrində Sumqayıt şəhəri, 39-cu məhəllədə yerləşən “Cənnət” kafesində Şəxs və digər şəxsərin xanımla mübahisə edərək hesabı ödəməkdən yayındıqlarını görmüşlər. Polis əməlkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək nizam-intizama dəvət etmişlər. Həmin şəxslər özhərəkətlərini davam etdirmişlər. Buna görə də həmin şəxslər 3-cü bölməyə gətirilmiş, həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmişdir. Qeyd edilən raport əsasında polis əməkdaşlarının, Şəxs, onunla mübahisə edən şəxsin və kafeni işlədən xanımın izahatları alınmışdır. Şəxs izahatında bildirmişdir ki, o hesab ödəməkdən yayınmamış, sadəcə digər şəxsi yola salmaq istəmişdir. Polis əməkdaşlarına isə tabesizlik göstərməmiş, onlarla birlikdə dəvət əsasında gəlmişdir. Belə ziddiyyətli hal olduğu üçün protokol tərtib etmiş ki, məsələyə məhkəmə hüquqi qiymət versin. Göstərilən halları, həmçinin Şəxs iki azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 39-cu məhəllədə yerləşən “Cənnət” kafesində yeznəsiylə birlikdə 2 bakal pivə içmişlər. Bu zaman yeznəsinə zəng gəlmiş, onlar çölə çıxmış, yeznəsini taksi ilə yola salan zaman həmin restoranda ofisiant işləyən qadın ona “hesabı ödəməmiş hara qaçırsan” sözlərini demiş, o da cavabında “heç yerə qaçmıram, mənim siqaret və telefonum içəridədir” sözlərini demişdir. Bu zaman qısa müddət ərzində oraya bir neçə şəxs və polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları məsələnin araşdırılması üçün onu bölməyə dəvət etmişlər, o isə heç nə etmədiyini, nə üçün onun bölməyə getməli olduğunu bildirmişdir. Lakin, sonradan polis əməkdaşları ilə birlikdə 3-cü Polis Bölməsinə getmişdir. Hazırda etdiyi əməldən çox peşmandır. Göstərilən halları nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 39-cu məhəllədə yerləşən “Cənnət” kafesində işləyir, xx.xx.2024-cü il tarixdə sonradan tanıdığı Şəxs və digər şəxs kafedə pivə içmişlər. Bir anda həmin şəxslərin kafedə olmadıqlarını görmüş və baxmış ki, onlar hesabı ödəmədən yolu keçib gedirlər. Onlara yaxınlaşaraq hesabı ödəmələrini bildirmiş, lakin Şəxs hesabı ödəməkdən imtina etmişdir. Belə ki, əlini cibinə salaraq gah pul çıxarmış, gah pulu cibinə qoymuş, gah da içkili halda danışmışdır. Pulu ödəməsini təkid etdikdə Şəxs və yanında olan şəxs ucadan danışmağa başlamışdır. Əraziyə xeyli sayda insanlar toplaşmış və polislər də gəlmişdir. Polis əməkdaşları da hesabı ödəməsini təklif etdikdə Şəxs ödəniş etməmiş və küçədə digər şəxslə səs-küy salmaqda davam etmişlər. Bundan sonra polis əməkdaşları həmin şəxsləri 3-cü Polis Bölməsinə aparmışdır. Eyni zamanda bildirmişdir ki, Şəxs telefonu həmin vaxt kafedə olmamışdır, o bütün əşyalarını da götürüb hesabı ödəmədən getmək istəmişdir. Hesabı isə yalnız polis bölməsinə gətirildikdən sonra ödəmişdir. Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin Pos Patrul Xidməti taborunun polis nəfəri X9 izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində digər poli əməkdaşı ilə xidmətdə olan zaman sonradan adları onlara məlum olan Şəxs və X3 “Cənnət” kafesinin qarşısında uca səslə danışaraq bir nəfər xanımla mübahisə etməsini müşahidə etmişlər. Yaxınlaşaraq həmin şəxsləri sakitliyə dəvət etsələr də, onlar içkili halda öz əməllərini davam etdirmişlər. Onlara məlum olmuşdur ki, mübahisə hesabı ödəməməyə görə olmuşdur. Şəxs və digər şəxs küçədə ictimai qaydanı pozmağa davam etdikləri üçün onları 3-cü Polis Bölməsinə dəvət etmişlər, lakin onlar bölməyə gəlməkdən də imtina etmişdir. Bundan sonra məcburən təlimata uyğun qaydada fiziki gücdən istifadə edərək onları 3-cü Polis Bölməsinə gətirmişlər. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, hüquqlarını müdafə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyil. Belə ki, müdafiə etdiyi şəxs hər hansı ictimai qaydanı pozmamışdır. Yalnız, hesabın ödənilməsi məsələsi ilə bağlı anlaşılmazlıq yaranmışdır. Göstərilən halı nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 22:10 radələrində Sumqayıt şəhəri, 39-cu məhəllədə yerləşən “Cənnət” kafesində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 23:25 radələrində sərxoş olmuşdur (1,5 promilli). Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs halında törədilməsini, həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən isə inzibati xətanın sərxoş halda törədilməsini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sansiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 01 noyabr 2024-cü il tarixdən saat 17:30-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəlləinin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 01 noyabr 2024-cü il tarixdən saat 17:30dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar