Məhkəmə qərarları › İş №3(060)-2761/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2761/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2761/2022 23.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X2, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X10 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı Regional Şöbəsinin rəisi X9 tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan şəxs X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinin rəisi X9 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərarına əsasən, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 şikayət ilə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinin rəisi X9 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərarına əsasən, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Qərara əsasən guya onun tərəfindən X5, X6, X3 və X8 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri müəyyən olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, 2022-ci il avqust ayının ortalarında yeni icarə götürdüyü, hələ fəaliyyətə başlamayan, ünvan 1 ünvanında yerləşən, "İN Studio" Gözəllik Salonunda Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı tərəfindən guya işçilərin qeyri-qanuni, yəni əmək müqaviləsi bağlanmadan əməyə cəlb edilməsi aşkar edilmişdir. Bundan sonra, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tədbrlərin görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Sumqayıt regional ərazi şöbəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən iş üzrə heç bir araşdırma aparılmamış onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı inzibati xəta haqqında protokol, daha sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, polis əməkdaşının ”İN Studio” Gözəllik salonuna gəldiyi tarixdə salon fəaliyyətə başlamamış, salonun fəaliyyət göstərəcəyi ünvanda yalnız təmizlik işləri aparılmışdır. Mübahisələndirilən qərarda adları göstərilmiş, guya onun tərəfindən əmək müqaviləsi bağlanmadan əmək fəaliyyətinə cəlb edilmiş şəxslərin heç biri qeyd olunan tarixdə əmək fəaliyyəti ilə məşğul olmamışlar. Beləliklə də, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılan şəxs X4 şikayəti müdafiə edərək göstərdi ki, uzun müddət fəaliyyəti dayanmış gözəllik salonunun mülkiyyətçisinin müraciətinə əsasən, həmin salonu işlətməyə razılaşmış, bu məqsədlə də salonu təmizləməyi bacısından və gələcəkdə orada işləmək istəyən qadınlardan xahiş etmişdir. Həmin gün, o, salonda olmayarkən, polis əməkdaşları qanunsuz olaraq salona gəlmiş, salonda təmizlik işləri aparan qadınlara psixoloji təsir edərək, orada işləmələri barədə izahata imza etdirmişlər. Həmin qadınlar salonda işləməmələri barədə X13 Xidmətində izahat versələrdə, onların bu izahatları nəzərə alınmamış və o, əsassız olaraq cərimə edilmişdir. Ona görə də, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin nümayəndəsi X18 göstərdi ki, hazırda mübahisələndirilən qərar üzrə inzibati icraat Sumqayıt ŞPİ-nin məlumatı əsasında başlanmışdır. İnzibati araşdırma zamanı istər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, istərsədə polis əməkdaşları tərəfindən izahatı alınmış şəxslər salonun hələ fəaliyyətə başlamadığını, sadəcə onlar salonda təmizlik işi apardıqları barədə izahat vermişlər. Onlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu ziddiyyətli məqama aydınlıq gətirə bilməmiş, gözəllik salonunun həqiqətəndə fəaliyyət göstərib, göstərmədiyini araşdıra bilməmişlər. Qərar ləğv edilsə belə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu halın yenidən araşdırılması və yoxlanılması mümkün olmayacaqdır. Lakin hal-hazırda şikayətçi də məhkəməyə heç bir sübut təqdim etmədiyinə görə hesab edir ki, şikayət əsassızdır və məhkəmədən şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında göstərdi ki, o, X2 bacısıdır. Onlar salonda təmizlik işi aparmışlar ki, işləməyə başlasınlar. Həmin vaxt salona polis əməkdaşları gəlmişdir. Onlar həyacanlanmış və hansısa sənədə qol çəkmişlər. Sonradan onlara məlum olmuşdur ki, guya salonda işləmələri barədə izahat vermişlər. Halbu ki, onlar izahat yazmamışlar. Lakin onlar əmək müfəttişliyində baş verənlər barədə izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5, X6 və X8 şahid X1in izhatına uyğun izahat verdilər. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı Regional Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və X4 barəsində Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı Regional Şöbəsinin rəisi X16 tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamış, nəticədə X4 əsassız olaraq 3000 manat məbləğində cərimə edilmişdir. Belə ki, işin araşdırılan halları, o cümlədən məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X10 izahatı ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında icraat “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı regional şöbəsinin yoxlamasının nəticələri əsasında yox, Sumqayıt şəhər Pİ-nin müraciəti əsasinda başlanılmışdır. Lakin inzibati xəta haqqında icraat zamanı Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və mübahisələndirilən qərar qəbul edilərkən, polis əməkdaşları tərəfindən alınmış bütün izahatların eyni məzmunlu və eyni xətlə yazılmasına diqqət yetirilməmiş, inzibati xəta haqqında icraat zamanı həmin şəxslərin tamam başqa izahat vermələri, gözəllik salonunun fəaliyyətə başlamadığını, hələ orada təmizlik işləri aparıldığını, ümumiyyətlə həmin obyektin uzun müddət işləmədiyi barədə göstərdiyi hallar hər tərəfli araşdırılmadan, obyektə baxış keçirilmədən, yaxınlıqda fəaliyyət göstərən obyektlərdə çalışan işçilərin izahatı alınmadan qərar qəbul edilmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı regional şöbəsinin nümayəndəsi bunu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə izah etmiş və həmin Qanunun tələblərinə müvafiq olaraq obyektə baxış keçirib, əlavə araşdırma apara bilmədiklərini bildirmişdir. Göründüyü kimi X2 təqsiri sübut olunmadığı halda, o təqsirli bilinərək əsassız olaraq cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələri). Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibinin olması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilinmədiyindən, şübhəli xüsusat da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməli olunduğundan gəlinən nəticələr ləğv edilməlidir. İnzibati tənbeh vermə haqqında qərarın qanuniliyini sübut etmə öhdəliyi daşıyan inzibati orqan mübahisələndirilən qərarın qanuniliyini sübut edən əsaslı şübhə yaradan mötəbər sübutlar təqdim etmədiyindən, inzibati xəta haqqında materialın yenidən araşdırılması üçün həmin orqana göndərilməsi də istisna edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq, o cümlədən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, o cümlədən İXM-nin 134.1.3 və 135-ci maddələrində nəzərdə tutulmuş hallarda, qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul olunmuş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli, X4 barəsində Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı regional şöbəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və X4 barəsində Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar