Məhkəmə qərarları › İş №3(060)-2762/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2762/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2762/2022 24.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Ən Ucuz” marketin qarşısında içkili vəziyyətdə söyüş söyərkən xidmətdə olan PPX əməkdaşları onu nizam intizama dəvət edən zaman tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən kafelərin birində bir qədər işki qəbul etdikdən sonra evə gedərkən bəzi şeylər almaq məqsədi ilə “Ən Ucuz” marketə daxil olmuş, sərxoş olduğundan marketdə alış-veriş edən digər vətəndaşlarla kobud rəftar etmiş, marketin mühafizəçiləri ona çölə çıxmasını demiş və o bundan əsəbləşərək marketin əsas giriş qapisinin şüşəsini yumruq zərbəsi ilə qırmışdır. Əməlindən peşman olduğunu, himayəsində 02 azyaşlı uşağının olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Post-patrul xidməti taboru, polis nəfəri Şahid bildirdi ki, xx.xx.2022-ci il tarixdə xidməti ərazidə xidmət apararkən növbətçi hissədən zəng gələrək 17-ci mikrorayon ərazisində yerləşən “Ən Ucuz” marketə getməkləri bildirildi. Marketin qarşısına gəldikdə bir nəfər şəxsin qışqıraraq söyüş soyduyünü və əlindən qan axdığını görmüşlər. Onu nizam intizama dəvət etsələr də, o öz əməllərini davam etdirərək onlara tabe olmamış və avtopatrul maşınına əyləşdirilərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. Həmin şəxs Şəxs tanıdığını, sakit insan olduğunu, lakin içki qəbul edən zaman əsəbi olduğunu bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:25 radələrində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində azad olunmuşdur. İş materiallarında olan A/1676 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatını dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir, o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, 1 gün müddətində inzibati qaydada tutulmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Ən Ucuz” marketin qarşısında içkili vəziyyətdə söyüş söyərkən xidmətdə olan PPX əməkdaşları onu nizam intizama dəvət edən zaman tabesizlik göstərmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 150 (yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar