Məhkəmə qərarları › İş №3(060)-2764/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2764/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2764/2022 24.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru - X3, İcra sənədi üzrə tələbkar - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı bağlar massivi, ev 1220-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə inzibati xəta haqqında MN seriyalı, ******* və MN seriyalı, ******* nömrəli protokollar tərtib olunmuşdur. Protokollardan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2003/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəblərdən icra etməmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1755/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 500 manat inzibati cəriməni qərarın qüvvəyə mindiyi gündən 25 gün müddətində icra etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-2764/2022 və 3(060)-2763/2022 №li işlər bir icraatda 3(060)-2764/2022 nömrə ilə birləşdirilmiş, 3(060)-2763/2022 №li iş birləşdirildiyi üçün icraatına xitam verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2003/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 1600 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Şəxs icra vərəqəsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan icra etməmiş və 1630,00 manat ödənişi təmin etməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1755/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan bildirişin surətindən görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1755/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icra edilməsi üçün xəbardar edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərtib etdiyi protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2003/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1755/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 500 manat məbləğində cərimə edilmiş, lakin icra sənədlərini icra etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1755/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2003/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1755/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 500 manat məbləğində cərimə edilmişdir. Lakin maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. O, heç yerdə işləmir və hazırda ürəyindən müalicə alır. Məhkəmə tərəfindən ona vaxt veriləcəyi təqdirdə 1-2 həftəyə borcundan ödəniş edəcəkdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X2 göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2003/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1600 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması qət edilmişdir. Lakin borclu indiyə qədər icra sənədini icra etməmiş, borcundan heç bir ödəniş etməmişdir. O, borcunun qaytarılmasını, əks təqdirdə borclunun daha ağır tənbeh edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. İcra ilə bağlı bütün tədbirlər görülmüş ancaq icra sənədlərinin icrası təmin olunmamışdır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbiəğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrinin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.1-28.3-1-ci maddələrinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, o 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar