Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2765/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Sənan Qasımlının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1980-cı ildə Xaçmaz rayonu, Xudat qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Xətai Rayon Məhkəməsinin 2(011)- 5029/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və həmin məhkəmənin 2(011)-2948/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, nəticədə 4970 manat aliment borcu yaranmışdır. Bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru Sənan Qasımlı izahatında bildirdi ki, borclu Şəxs Xətai Rayon Məhkəməsinin adı çəkilən icra sənədlərini üzürsüz səbəbdən icra etmədiyi üçün ümulikdə 4970 manat aliment borcu yaranmışdır. Borclu tərəfindən hər ay ödəniş olunmuş, lakin yığılan aliment borcu onun ölkə xaricində olduğu dövrdə yığılmışdır. Axtarışla gətirilmiş, izahatı alınmış və aliment ödəmək öhdəliyinin olduğu barədə xəbərdar olunmuşdur. Bir ay sonra borclu zəng edərək işlədiyi barədə məlumat vermiş, aliment onun əmək haqqının 70 %-nə yönəlmişdir. Hal-hazırda borclu aliment borcundan 1000 manat ödəniş etmiş, tələbkarla əlaqə saxlanılmış, tələbkar borclu tərəfindən 1000 manat ödəniş olunduğunu, qalan 3970 manat borcun bir ay ərzində ödənəcəyi barədə tələbkarla razılığa gəldiklərini və ərizə ilə borclu barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 4970 manat aliment borcu olduğunu qəbul edir. Hal-hazırda həmin borcdan 1000 manat ödəniş etmiş və qalan borc məbləğinin bir ay müddətində ödənilməsi barədə tələbkarla razılığa gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5029/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 22 iyun 2007-ci il təvəllüdlü Ruslan Nurəliyev və 15 fevral 2010-cu il təvəllüdlü Qasım Nurəliyevin yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 manat məbləğində olmaqla, cəmi 386 manat məbləğində sabit pul şəklində aliment tutularaq Firuzə Paşayevaya ödənilməlidir. Qərarın könüllü icrası barədə bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2948/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs Firuzə Paşayevanın xeyrinə tutulan alimentin miqdarı artırılmış, 22 iyun 2007-ci təvəllüdlü Ruslan və 15 fevral 2010-cu il təvəllüdlü Qasım Nurəliyevin yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 manat məbləğində məbləğində sabit pul şəklində aliment tutularaq Firuzə Paşayevaya ödənilməlidir. Qərarın könüllü icrası barədə bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Elektron İcra İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. X5 Sədrəddinovnanın xx.xx.2024-cü il tarixli ərizəsindən və həmin tarixli mədaxil qəbzindən görünür ki, borclu Şəxs tərəfindən qətnamə üzrə 4970 manat borcdan 1000 manat pul ödənilmiş, qalan 3970 manat borcun bir ay ərzində ödənəcəyi barədə tələbkarla razılığa gəldiklərini və ərizə ilə borclu barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini bildirmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, tələbkarın ərizəsini, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs qətnamə üzrə 4970 manat borcdan 1000 manatını ödənmiş, tələbkar ərizəsindən qalan 3970 manat borcun bir ay ərzində ödənəcəyi barədə sonuncu ilə razılığa gəldikləri müəyyən olunmuşdur. Göstərilnələrə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, icra məmuru “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirmədən və borcun ödənilməməsinin nəticələri barədə borclu ilə profilaktik söhbətlər aparmadan daha sərt inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şəxsa yığılmış aliment borcunun ödənilməsinin vacibliyi izah edidikdən dərhal sonra o, borcundan 1000 (bir min) manatını taparaq tələbkara ödəmiş, eyni zamanda qalıq borcun ödənilməsi barədə tələbkarla razılığa gəlmişdir. İcra İdarəsinə tələbkar tərəfindən göndərilən məktubun surəti məhkəməyə təqdim edilmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2765/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2765/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver