Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2766/2023 08.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi X7 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi X7 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən Ramin Mustafayevin “Liman firması”nda mətbəxdə təbii qaz ilə işləyən kərpic sobasının alışması zamanı xəsarət alması həmin firmanın direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibari xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. X6 (bundan sonra – şikayətçi) həmin qərardan Sumqayıt Şəhər Məhkəməsinə şikayət edərək qərarın qanunsuz və əsassız olduğuna görə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Liman Firması” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə Sumqayıt şəhər prokuroru tərəfindən başlanılmış inzibati icraat materialına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2455/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərarına əsasən 500 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qərarından sonra X8 Xidməti Abşeron-Xızı regional şöbəsinin MN ******* nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarından görünür ki, eyni maddə ilə yenidən İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur və bununla da İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin tələbləri pozulmuşdur. Yəni, bir əmələ görə iki dəfə inzibati tənbeh tədbiri verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Həmin qərarın aid olduğu işin materialları araşdırılarkən məlum olmuşdur ki, Sumqayıt şəhər Prokurorunun 06 oktyabr 2023-cü il tarixli qərarı baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qərara görə vətəndaş X3 əməyin mühafizəsi üzrə nəzəri bilikləri yoxlanılmadan və ilkin təlimatlandırma aparmadan “Liman Firması”da aşbaz vəzifəsində işləməsinə yol verdildiyi üçün hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə inzibati icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsinə əsas ondan ibarət olmuşdur ki, 07 iyul 2023-cü il saat 19:59-da Sumqayıt şəhər X12 Xəstəxanasından şəhər prokurorluğuna xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 Sumqayıt şəhər, Nəsimi parkı, "xxxx" kafesinin mətbəxindəki təbii qaz ilə işləyən kərpic sobasını alışdırması zamanı hər iki qolundan və sifətində yanıq xəsarətlərini alması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə tərəfindən araşdırma aparılmışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsinin Sumqayıt şəhər şöbəsinin məhkəmə-tibb ekspertizası tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 1306 nömrəli rəyində göstərilmişdir ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: hər iki əlin, sifətin l-ll dərəcəli termiki yanığı. Qeyd olunan xəsarətlər yerli hərarətin (alovun) təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yanğm-texniki ekspertizası tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 10/6169 nömrəli rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, Nəsimi parkına yerləşən "xxxx" kafesinin mətbəxində partlayışın mənbəyi, mətbəxdə quraşdırılmış “kürə” sobasının daxilində olmuşdur. Partlayışa səbəb, “kürə” sobasının qaz kranının açıq vəziyyətində sobanın forsunkasından sobanın daxilinə təbii qazın sızması, qaz hava qarışığının əmələ gəlməsi və həmin qarışığın sobaya daxil edilən açıq alovun təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.237 bəndinin və “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4; 6 bəndlərinin tələbləri pozulmuşdur. Sumqayıt şəhəri, Nəsimi parkında yerləşən "xxxx" kafesinin administratoru X1 mətbəxində quraşdırılmış “kürə” sobasını işə saldıqda (yandırdıqda) sobanın odluğuna qaz kranının açıq vəziyyətində yandırılmış alışdırıcı mənbəni yaxınlaşdırdığına görə, onun özü tərəfindən “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.237 bəndinin tələbi pozulmuşdur. X2 əməyin mühafizəsi üzrə nəzəri bilikləri yoxlanılmadan və ilkin təlimatlandırma aparılmadan işləməsinə yol verildiyinə görə, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4; 6 bəndlərinin tələbləri partlayış hadisəsi baş vermiş "xxxx" kafesinin sahibi tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsində (bundan sonra – Əmək Məcəlləsi) göstərilmişdir ki,-əməyin mühafizəsi-işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir (3.10). İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır (207). Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. İşəgötürən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini həyata keçirilməsini təmin etməlidirlər (215). İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur (217). İşəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir (222.6). İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir (238). Qeyd olunanlardan görünür ki, “Liman Firması”nın işçisi olan Ramin Mustafayev mətbəxdə təbii qaz ilə işləyən kərpic sobasının alışması zamanı xəsarət almış və bu onun əməyin mühafizəsi üzrə nəzəri biliklərinin yoxlanılmması və ilkin təlimatlandırma aparılmaması səbəbindən baş vermişdir. Bu səbəbdən firmanın rəhbəri X6 İXM-in 198.1.7ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Şikayətçinin əsas dəlili ondan ibarət olmuşdur ki, eyni inzibati xətaya görə “Liman Firması” barəsində inzibati tənbeh tədbirə tətbiq edilmişdir. Onun da inzibati məsuliyyətə cəlb edilməsi qanunun tələblərinə ziddir. Qeyd edilməlidir ki, İXM-də göstərilmişdir ki, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar (18.1.). Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1- 18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.). Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir (18.3.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi “Liman Firması”nın inzibati məsuliyyətə cəlb edilməsi eyni əmələ görə həmin firmanın rəhbəri olan X4 inzibati məsuliyyətə cəlb edilməsini istisna etmir. Eyni zamanda İXM-in 134.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsində göstərilmişdir ki, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 198.1.7-ci maddəsinin sanksiyasında beş yüz manatdan min manatadək cərimə tətbiq edilməsi nəzərdə tutulsa da, “Liman Firması”nın Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, X8 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən hüquqi şəxsin rəhbəri barəsində həmin maddənin sanksiyasının yuxarı həddində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxsin barəsində cərimə tətbiq edilməsinə baxmayaraq onun rəhbəri tərəfindən maddənin sanksiyasının yuxarı həddində cərimə tətbiq edilməsi ədalətli hesab edilə bilməz. Bu səbəbdən şikayət qismən təmin edilməli, qərar dəyişdirilməli, X6 barəsində tətbiq edilməli olan inzibati cərimə 500 manat məbləğində müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi X7 inzibati tənbehvermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2766/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2766/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver