Məhkəmə qərarları › İş №3(060)-2768/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2768/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2768/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt səhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində 25 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1530/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar Babaşova Zərifə Saleh qızına olan 809 (səkkiz yüz doqquz) manat aliment borcunu üzürsüz səbəbdən ödəməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1530/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Babaşova Zərifə Saleh qızı ilə Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanaraq iddiaçı Babaşova Zərifə Saleh qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-68/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü Babaşov Adəm Amil oğlu üçün müəyyən edilmiş alimentdən imtina etmiş və bununla bağlı gələcəkdə iddia qaldırmamağı öhdəsinə götürmüş, aliment yalnız tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü Babaşlı Nuray Amil qızının saxlanması üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmiş və cavabdeh Şəxs göstərilən alimenti xx.xx.2022-ci il tarixdən ödəməyi öhdəsinə götürmüşdür. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Əvvəl aliment 350 (üç yüz əlli) manat olmuş, sonradan barışıq sazişinə əsasən tələbkar bir uşağın alimentindən imtina etmiş və bir uşağa aliment kəsilmişdir. Həmin vaxt da borclu heç bir ödəniş etməmişdir. Dəfələrlə borcluya aliment məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilsə də, aliment məbləğini ödəməmiş və onun çağırışlarına gəlməmişdir. Bundan sonra borclu barəsində axtarış elan edilmiş və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Tərəfindən borclu Şəxs barəsində AZərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati haqqında protokol tərtib olunaraq Sumqyıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1530/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Babaşova Zərifə Saleh qızı ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanaraq iddiaçı Babaşova Zərifə Saleh qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-68/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü Babaşov Adəm Amil oğlu üçün müəyyən edilmiş alimentdən imtina etmiş və bununla bağlı gələcəkdə iddia qaldırmamağı öhdəsinə götürmüş, aliment yalnız tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü Babaşlı Nuray Amil qızının saxlanması üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmiş və o göstərilən alimenti xx.xx.2022-ci il tarixdən ödəməyi öhdəsinə götürmüşdür. Tələbkar uşaqları atıb getmiş və 02 (iki) il müddətində uşaqlara tək baxmışdır. İşin bu yerə gəlib çıxacağını bilmədiyini, uşaqları hər dəfə rayona gedərək gördüyünü və onlara eytiyacları olan şeyləri aldığını bildirmişdir. Vaxt verilsə 200 (iki yüz) manat ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan tələbkar Babaşova Zərifə Saleh qızının xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, borclu Şəxs məhkəmə tərəfindən müəyyən olunmuş aliment miqdarını ödəməmiş və hal-hazırda 809 (səkkiz yüz doqquz) manat aliment borcu yaranmışdır. Alimentin ödənilməsini, əgər ödəmirsə barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə 809 (səkkiz yüz doqquz) manat məbləğində alimentin borcunun ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 25 oktyabr 2022-ci il, saat 16:15-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar