Məhkəmə qərarları › İş №3(060)-2770/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2770/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2770/2022 05.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Qərar qəbul etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin Patrul Xidməti İnspektoru Polis sıravisi X1, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ-nin 13 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, 13 oktyabr 2022-cı il tarixli qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X4 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, 13 oktyabr 2022-cı il qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhər Koroğlu küçəsində hərəkətdə olduğu zaman yol polisi əməkdaşı X3 onu saxlayaraq qanunsuz olaraq cərimə yazmışdır. Guya xarici işıqlar normalara uyğun deyil. Guya İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozmuşdur. Lakin, bu qərar tamamilə əsassız və böhtan xarakterli qərardır. Çünki xarici işıq cihazları norma daxilindədir. Zavod istehsalıdır. Lakin buna baxmayaraq, yoxlamadan, gözə yarı ona cərimə qərarı yazılıb. Etiraz etsə də birbaşa qərar qəbul olunub. Bu da qanunsuzdur. AR-nın İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilənlərin nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və həmin polis əməkdaşının cəzalandırılması ilə bağlı müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək göstərdi ki, polis əməkdaşı ona protokol tərtib edərkən, o buna etiraz etmiş, buna baxmayaraq polis əməkdaşı onu cərimə etmişdir. Buda qanuna ziddir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş polis əməkdaşı X3 şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı, 13 oktyabr 2022-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ Yol patrul xidməti inspektoru Bəhruz Ələmov tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, qərarda göstərilən qayda pozuntusunun nədən ibarət olduğu göstərilməmiş, X4 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinsə də, qərarda onun avtomobilində hansı avadanlıqdan istifadə edilməsi öz əksini tapmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 115.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. Məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yuxarıda qeyd edilən normaların tələbləri baxımından yoxlanılarkən müəyyən edilmişdir ki, X2 normativ tələbləri pozmaqla avadanlıqların dəyişdirilməsinə yol verilməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, sübutlar toplanmamışdır. Qərarı qəbul etmiş şəxs bununla bağlı tam araşdırma aparmadan, heç bir başqa sübut olmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, 13 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar İXM-nin tələblərinə əməl edilmədən qəbul edildiyi üçün ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 tənbeh edilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nin TP ******* saylı, 13 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞnə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar