Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2772/2024 18.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “QRANİT Firmas”- nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və işçisi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 29 oktyabr 2024-cü il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsi tərəfindən (bundan sonra AMBGİ) “QRANİT” FİRMASİ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.1-ci maddəsinə əsasən tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən AMBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 3300/012/004207 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən “QRANİT” FİRMASİ-nın ünvanına gələn **********1674 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 1 ədəd minik avtomobili “Samur” gömrük postundan ölkə ərazisinə daxil olarkən qısa idxal bəyannaməsi təqdim edilməməsi ilə bağlı raport daxil olmuş, raportun araşdırılması zamanı məlum olmuşdur ki, “QRANİT” FİRMASİ-nın ünvanına gələn 1 ədəd 2024-cü il buraxılışlı, “Lixiang L7” markalı nəqliyyat vasitəsi **********1674 sorğu nömrəli gömrük böyannaməsi ilə bəyan olunmuşdur. İş üzrə "Gömrük Xidmətinin Vahid X1 baxış keçirilərək müəyyən edilmişdir ki, “**********1674 sorğu nömrəli gömrük bəyannaməsi” markalı nəqliyyat vasitəsi Samur gömrük postunu 18 oktyabr 2024-cü il tarixdə keçmiş, həmin nəqliyyat vasitələrinə dair xx.xx.2024-cü il tarixdə **********0439 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib olunmuşdur. Qısa idxal bəyannaməsində 99JR657/10ZF046 nömrəli daşıyıcı yük avtomobilinin nömrəsi düzgün göstərilməmişdir. Qısa idxal bəyannaməsində 99JR657/10ZF046 nömrəsi deyil, 90016ZAA/902865BA qeyd olunmuş, nəticədə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən AR gömrük sərhədindən keçmə barədə Dövlət Gömrük Komitəsinə təhrif olunmuş məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş AMBGİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “QRANİT” FİRMASİ-nın etibarnamə üzrə nümayəndəsi və işçisi Nümayəndə məhkəmədə çıxış edərək tərtib edilmiş protokol üzrə özlərini təqsirli bildiklərini, “QRANİT” FİRMASİ-nın ünvanına Çindən onların ünvanına yüklər göndərildiyini təsdiq etmişdir. Belə ki, nəqliyyat vasitəsi gömrük sərhəddini xx.xx.2024-cü ildə Samur gömrük postundan keçmiş, həmin nəqliyyat vasitəsinə dair xx.xx.2024-cü il taixli, **********0439 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib olunmuşdur. Qısa idxal bəyannaməsində yük avtomobilinin nömrəsi 90016ZAA/99002865BA olaraq göstərilmişdir. Lakin, həmin nəqliyyat vasitəsində, yəni yük maşınında nasazlıq yarandığından daşıyıcı şirkət xəbər etmədən minik avtomobillərini başqa nəqliyyat vasitəsinə yükləmişdir. Bu səbəbdən idxal etdikləri avtomobillər 99JR657/10ZF046 nömrəli yük avtomobillə ölkəyə gətirilmişdir. Bu səbəbdən qısa idxal bəyannaməsi ilə gömrük bəyənnaməsində fərlilik yaranmışdır. Nümayəndə hüquqi şəxsin təqsirli bilinəcəyi halda yüngül məbləğdə cərimə edilməsini məhkəmədən xahiş etdi. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli, **********0439 qısa idxal bəyannaməsində sərhəddən keçən nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi 90016ZAA/99002865BA dövlət qeydiyyat nişanı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli **********1674 sorğu nömrəli gömrük bəyannaməsindən məlumdur ki, göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi 99JR657/10ZF046 nişan qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”-dən alınan “Malın çatdırılması və boşaldılması “haqqında çıxarışda nəqliyyat vasitəsinin nömrəsinin fərqli qeyd olunduğu təsdiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, QRANİT” FİRMASİ tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi və işçisinin izahatı, o cümlədən işdəki digər sübutlarla təsdiq edilir. İşdə bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də “QRANİT” FİRMASİ İXM-nin 485.1-ci maddəsilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, həm Qısa idxal bəyənnaməsində eyni zamanda təqdim edilmiş Gömrük bəyənnaməsində Gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. İXM-nin 485.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “QRANİT” FİRMASİ-nın məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “QRANİT” FİRMASİ barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: “QRANİT” FİRMASİ (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2772/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2772/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver