Məhkəmə qərarları › İş №3(060)-2779/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2779/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2779/2022 27.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis leytenantı X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Ağdaş rayonu, Ağdaş şəhəri, X14 küçəsi 13 ünvanında qeydiyyatda olan və Ağdaş rayonu, 17-ci dalan, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 26 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində uşaq xəstəxanasında Zərərçəkmiş şəxs mübahisə zəmnində döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 27 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis leytenantı X8 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində xx.xx.2018-ci il təvəllüdlü övladı X5 pnevmaniyadan müalicə etmək məqsədilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına apardığını, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində övladı X3 gətirmək üçün mətbəxə yollandığını, palatadan çıxan zaman qapının arxasınca bərk bağlanaraq səs çıxartdığını, bu zaman 7 saylı palatada müalicə alan nəvəsinin yanında qalan təxminən 50 yaşlarında olan qadının öz palatasından ona qarşı təhqiramiz ifadələr işlədərək qapını möhkəm örtməyini kobudcasına ona irad tutmuşdur. Üzrxahlıq etmək üçün həmin qadının olduğu 7 saylı palataya keçdiyini, lakin bu zaman həmin qadının yenidən ona qarşı kobud ifadələr işlədərək onun üzərinə hücum çəkərək saçını yonduğunu və dırnaqları ilə onun sinə və qol nayihələrini cızmışdır. Daha sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərəkgöstərdi ki, xx.xx.2022-ci il tarixdə 10 aylıq nəvəsi X9 ilə birgə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına müraciət etdiyini, həmin vaxt qonşu palatada əvvəllər tanımadığı qadının öz övladı ilə birgə qaldığını, həmin vaxt qeyd etdiyi qadının uşağının xəstəxananın dəhlizində səs-küy salaraq o tərəf bu tərəfə qaçmağa başlamışdır. Bunu həmin qadına irad tutduğunu ona "öz uşağına yiyə dur" deyə müraciət etmişdir. Onun öz uşağına acıqlanaraq qapını bərk şəkildə örtərək çölə çıxmağını, qapını bu cür örtməyini həmin şəxsə irad tutmuşdur. Bu zaman həmin qadın onu təhqir edərək onun üzərinə gəldikdə o da Zərərçəkmiş şəxs saçını yolmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, Zərərçəkmiş şəxs Seyidağa qızının hadisə zamanı Şəxs tərəfindən döyülməsi faktı material üzrə alınmış izahatlar və MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsindən daxil olmuş 1386 saylı ekspert rəyi ilə tam təsdiqini tapmışdır. Lakin mövcud qanunvericiliyə görə Şəxs Zərərçəkmiş şəxs Seyidağa qızına yetirmiş olduğu xəsarətlər cinayət tərkibi yaratmır. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsinin 1386 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Seyidağa qızının bədəni üzərində sağ körpücük nahiyənin, sağ bazu oynağının qançırı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 17-19 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü-özünə yetirməsi inkar olunur. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı polis baş leytenantı X2 NK-1/2369 saylı, xx.xx.2022-ci il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar