Məhkəmə qərarları › İş №3(060)-2780/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2780/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2780/2023 23.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6359/2022 saylı, xx.xx.2022-ci il tarixli, e-2(060)-1419/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-2545/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(0600-2471/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrsüz səbəbdən yerinə yetirilmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6359/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 14 sentyabr 2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat və uşağın 3 yaşınadək ananın himayəsində saxlanması üçün 150 manat sabit pul məbləğində aliment X6 xeyrinə tutulması, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən əsas borc üzrə 3037,22 manat, faiz borcu üzrə 632,11 manat, cərimə üzrə 24,18 manat, 0,26 manat komisyon haqq olmaqla, cəmi 3693 manat 77 qəpik məbləğində pulun və ödənilmiş 57 manat 40 qəpik dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, 2(060)-2545/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1472,5 manat əsas, 386,27 manat faiz, 18.45 manat cərimə, cəmi 1877,22 manat borc və ödənilmiş 39,18 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, 2(060)-2471/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 755,50 manat məbləğində borcun tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Borclu bugünədək qeyd edilən icra vərəqələri üzrə heç bir ödəniş etməmişdir, lakin o tələbkara əlbəəl pul verdiyini bildirmişdir. Tələbkar ərizə ilə icra idarəsinə müraciət etmişdir, buna görə də protokol tərtib edilmişdir. Hal-hazırda yığılmış aliment borcu 4802 manat təşkil edir. Borclunun bütün icra vərəqələrindən məlumatı olsa da, hal-hazıradək heç bir ödəniş etməmişdir. Bunun da səbəbini işləməməsi izah etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o heç bir yerdə işləmədiyi üçün ödənişlər edə bilməmişdir, xanıma əlbəəl pul vermişdir, lakin nə qədər pul verdiyini xatırlamır. Özü böyrək xəstəliyindən əziyyət çəkir, işləyə bilmir. İş tapsa işləyib hazırki borclarını ödəyə bilər, köhnələri isə tədricən iş tapsa ödəyə bilər. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X7 müdafiə etdiyi şəxsin xəstə olmasını, hal-hazırda işləmək imkanı olmamasını bildirərək onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında bildirdi ki, borclu hal-hazıradk aliment borcundan ödənişlər etməmişdir, lakin onun uşağı ürək qüsurlu olduğu üçün müalicə üçün təxmini 400-500 manat az-az ödəniş etmişdir. Özü epilepsiya xəstəsidir, alimenti tələb edir. Bunların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6359/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 14 sentyabr 2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat və uşağın 3 yaşınadək ananın himayəsində saxlanması üçün 150 manat sabit pul məbləğində aliment X6 xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən əsas borc üzrə 3037,22 manat, faiz borcu üzrə 632,11 manat, cərimə üzrə 24,18 manat, 0,26 manat komisyon haqq olmaqla, cəmi 3693 manat 77 qəpik məbləğində pulun və ödənilmiş 57 manat 40 qəpik dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2545/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1472,5 manat əsas, 386,27 manat faiz, 18.45 manat cərimə, cəmi 1877,22 manat borc və ödənilmiş 39,18 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2471/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 755,50 manat məbləğində borcun tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini qərəzli olaraq icra etməmiş, borcları ödəməkdən qəsdən yayınmışdır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 23 noyabr 2023-cü il tarixdən, saat 15:29-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 23 noyabr 2023-cü il tarixdən, saat 15:29-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosounun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar