Məhkəmə qərarları › İş №3(060)-2780/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2780/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2780/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında 31 oktyabr 2024-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15064.99 AVRO məbləğində vəsaiti 11 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15064.99 AVRO məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 12 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə inzibati xəta protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında tərtib edilmiş protokol üzrə özlərini təqsirli bilməyərək bildirdi ki, 15064.99 AVRO məbləğində pul vəsaiti BS-xx.xx.2022-ci il saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “CİA BAlTİC” LLC-ni hesabına köçürülmüşdür. Alınan mallar ölkəyə idxal edilmiş və müvafiq gömrük bəyənnamələri ilə bəyan edilmişdir. Mallar ölkəyə hissəhissə gətirilmiş, bütün mallar müvafiq gömrük bəyənnamələri ilə idxal edilmiş, həmin bəyənnamələr bank əməkdaşlarına təqdim edilmişdir. Hazırda müştərisi oduqları "xxxx" ASC tərəfindən təqdim edilmiş məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə xaricə köçürdükləri 15064.99 AVRO üçün təqdim etdikləri **********7714 YGB hökümət portalında icra edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 04 oktyabr 2022-ci il tarixli, BS-xx/xx/2022 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən 15064.99 AVRO məbləğində pul “SİA BS BALTİC” LLC-nin hesabına köçürülmüşdür. "xxxx" MMC-nin Azərbaycan Respublikasının Gömrük Komitəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda “SİA BS BALTİC” LLC firmasından qeyd edilən müqavilə əsasında idman malları alındığı göstərilmişdir. Malların **********7714 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli, **********2486 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli və **********8816 sorğu nömrəli xx.xx.2023-cü il tarixli, **********7630 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri əsasında bəyan edildiyi, lakin adı çəkilən bəyənnəmalərdə müvafiq müqvilə qeyd edilmədiyi üçün Mərkəzi bank tərəfindən MMC-yə irad bildirildiyi, həmçinin qeyd edilən bəyənnamələrdə BS xx/xx/2022 saylı, xx.xx.2022-ci il tarixli müqvilənin əks etdirilməsi tələb edilmişdir. Bu səbəbdən məktubda qeyd edilənlərə əsasən müvafiq əlavənin edilməsi xahiş olunmuşdur. AR Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il qeydiyyat tarixli cavab məktubunda görünür ki, BS-xx/xx/2022 saylı xx.xx.2022-ci il tarixli dəyəri 15064.99 AVRO olan müqaviləyə əsasən 3 bəyannamə üzrə müvafiq olaraq 13208 AVRO, 740 AVRO, 965.02 AVRO dəyərində mal alınmış, 15064.99 AVRO ödəniş edilmişdir. Ödəniş alınmış mallardan 152 AVRO çox olmuşdur. Bunun səbəbi, bundan əvvəlki BSxx/xx/2022 müqaviləsi üzrə alınmış mallara görə daha az ödəniş edilməsi olmuşdur. Ümumilikdə “SİA BS BALTİC” LLC firması ilə 2022-ci ildə bağlanmış müqavilənin cəmi dəyəri ABŞ dolları ifadəsində 82956.17 USD, bəyannnamələr üzrə alınmış malların cəmi dəyəri 82409.81 USD, ödənilmiş məbləğ isə 80286.08 USD olmuşdur. Ümumilikdə “SİA BS BALTİC” LLC firmasına alınmış mallara görə 2123.73 USD məbləği ödənilməmişdir. Bu məbləğ tərəflərin razılığına əsasən “Sumqayıt” FK-na güzəşt edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt FK-nun xx.xx.2022-ci il tarixdə köçürtdüyü 15064.99 AVRO üçün təqdim etdiyi **********7714 YGB hökümət portalında icra olunmuşdur. AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətindən xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Nümayəndə1 Razim oğlu "xxxx" MMC-nin qanuni təmsilçisidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkilini, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifəli şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15064.99 AVRO məbləğində vəsaiti 11 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və həmin vəsait hesabına alınmalı olan mallar ölkəyə idxal edilmiş, bu barədə Bank BTB” ASC xx.xx.2024-cü il tarixli məktub təqdim edərək Sumqayıt FK-nun xx.xx.2022-ci il tarixdə köçürtdüyü 15064.99 AVRO üçün təqdim etdiyi **********7714 YGB hökümət portalında tam icra olunduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki hüquqi şəxs olan "xxxx" MMC-nin hərəkətlərində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin hərəkətlərində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar