Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2782/2024 18.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Sumqayıt şəhər X6 Şöbəsinin inspektoru, polis leytenantı X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər X6 Şöbəsinin inspektoru, polis leytenantı X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Şahin Səlimov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şahin Səlimov şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər DYPŞ Yol patrul Xidməti inspektoru, polis leytenantı Bəhruz Ələmov tərəfindən qərəzli olaraq barəsində “təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə” İXM-nin 329.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarla həmin məddədə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Barəsində qanunsuz protokol tərtib etmiş inspektorun qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə DİN-nə müraciət etsə də, nəticəsi olmamış, xx.xx.2024-cü il tarixdə barəsində qəbul edilmiş müvafiq qərarın surəti ona rəsmi təqdim olunaraq məhkəməyə şikayət etmsini tövsiyyə etmişlər. Aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilməli və həmin qərarın qəbul edilməsinə əsas olmuş protoklu tərtib edən Sumqayıt Şəhər DYPŞ Yol patrul Xidməti inspektoru Bəhruz Ələmov barəsində intizam tədbirlərinin tədbiq edilməsi üçün xüsusi qərardad çıxarılmalıdır. Səlahiyyətli orqan tərəfindən onun təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə dair heç bir araşdırma aparılmamış, hansısa foto, video görüntü, o cümlədən digər iş üçün əhəmiyyətli olan sübutlar olmadan barəsində qanunsuz qərar qəbul edilmişdir. Bundan əlavə tərtib edilmiş protokolda qayda pozuntusunun guya saat 01:10-da Səməd Vurğun küçəsində qeydə alındığı göstərilsə də, əslində inspektorun onu qərəzli olaraq saxlayıb protokol tərtib etdiyi ərazi Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsidir. Bu o, deməkdir ki, protokol sonradan, oraya yanlış məlumatlar daxil edilməklə tərtib edilmişdir. Protokolun qərəzli yazılmasına əsas səbəb budur ki, yol patrul xidməti əməkdaşı gecə saatlarında (saat 01 radələri) onu saxlayaraq əvvəlcə avtomobilin işıq sisteminin düzgün işləmədiyini ona bildirmiş, o avtomobilin işıqlarını yandırıb söndürmüş və ona hər şeyin qaydasında olduğunu göstərmiş, ondan sonra ona “sənə bir kəmər yazıram, get” demişdir. Halbuki, o həmin vaxt kəmərdən istifadə etmişdir. Bu özbaşınalığın əsas səbəbi odur ki, gecə saatlarında yol patrul xidməti əməkdaşı onu çox böyük ehtimal ki, spirtli içki təsiri altında olub-olmamağını yoxlamaq üçün əsasssız saxlamış və görəndə ki, spirtli içki təsiri altında deyil, qanunsuz saxlamağına bəraət qazandırmaq üçün törətmədiyi inzibati pozuntuya görə barəsində qanunsuz protokol tərtib etmişdir. DİN Sumqayıt Şəhər DYPŞ tərəfindən barəsində qanunsuz qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və həmin qərar əsasında ona tədbiq edilmiş cərimə, dəbbə pulu silinməsi və barəsində qərəzli olaraq inzibati tənbeh vermə haqqında protokol və qərar qəbul etmiş Yol patrul Xidməti inspektoru, polis leytenantı Bəhruz Ələmovun intizam məsuliyyəti məsələsinə baxılması üçün xüsusi qərar çıxarılsını məhəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan görünür ki, Şahin Səlimov İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın təsviri hissəsindən görünür ki, Şahin Səlimov xx.xx.2024-cü il tarixdə, saat 01:10-da “təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə” barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunan halın araşdırılması məqsədi ilə Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı məhkəmə iclasına dəvət edilsə də, sonuncu məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İXM-nin tələbləri pozulmuş, nəticədə qeyd edilən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Şahin Səlimov barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.11, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2782/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2782/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver