Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2783/2023 24.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Tələbkar Rüstəmova (Ramazanova) Ləman Mehman qızının iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-3778/2022 saylı, xx.xx.2022-ci il tarixli və həmin məhkəmənin 2(012)-2445/2023 saylı, xx.xx.2023-cü il icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Sənan Qasımlı izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3778/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X1 xeyrinə xx.xx.2020-ci il təvəllüdlü Rəhim Ramazanovun və xx.xx.2021-ci il təvəllüdlü Kənan Ramazanovun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşağa görə sabit pul məbləğində 193 (yüz doxsan üç) manat, cəmi 386 manat aliment tutulmalıdır. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 2(012)-2445/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3778/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, Rəhim və Kənan Ramazanovların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları Şəxs anaları Ləman Ramazanovanın xeyrinə hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi icraatına daxil olduğundan sonra qərarın könüllü icrası barədə bildiriş və qərar borcluya təqdim edilmişdir. Bundan sonra elektron icra informasiya sistemindən əldə olunmuş məlumat əsasında borclunun iş yeri "xxxx" QSC müəyyən olunmuş, qanunvericiliyin tələbinə uyğun icra vərəqəsi üzrə tələb tam olaraq borclunun əmək haqqına yönəldilmişdir. Borclunun əmək haqqı 386 manat olduğundan təxminən hər ay 372 manat tutularaq tələbkara ödənilmiş, lakin alimentin miqdarı əvvəlcə 386 manat, daha 440 manat olduğundan hər ay üzrə ödənişlərdən cüzi hissə qalmışdır. Bu günki tarixə yığılmış aliment borcunun miqdarı 1248 manat təşkil edir. Borclu bu gün borcdan qismən ödəniş etmək istəsə də, Ləman Ramazanova borcum tam ödənilməsini tələb etmişdir. Elektron icra informasiya sistemindən əldə olunmuş məlumatda borclunun adına “QAZ 2705” yük markalı ** FM *** dövlət nömrə nişanlı və “VAZ 210430” minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması müəyyən olunmuş, hər 2 avtomobilin axtarışı barədə 03 noyabr 2022-ci il tarixli qərar qəbul edilmiş və onların üzərinə həbs qoyulması ilə bağlı Sumqayıt şəhər məhkəməsinə təqdimat verilmişdir. Lakin nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Təqdaimtın nəticəsindən məlumatı olmasa da onu dəqiq bilir ki, tərəfindən “Borclunun əmlakının axtarılması haqqına” qəbul etmiş olduğu qərar BDYPİ tərəfindən icra edilmiş və hal-hazırda da həmin avtomobillər borclunun mülkiyyətindədir, mülkiyyətindən çıxarılmamışdır. Qeyd edir ki, həmin təqdimatın nəticəsi ilə maraqlanacaq, qanunamüvafiq icra tədbirlərini davam etdirəcəkdir. Əlavə olaraq bildirdi ki, borclu məhkəmə iclasında yaranmış fasilədən istifadə edərək yığlmış aliment borcundan daha 100 manat ödəmişdir. Bu səbəbdən qalıq borcu ödəmədiyi üçün Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən də Abşeron Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən onun tələbkara ödənilməmiş 1248 manat aliment borcu vardır. O, "xxxx" QSC-də yol mantyoru vəzifəsində çalışır. Hər ay əmək haqqından 70 faiz tutularaq aliment borcuna yönəldilir. Belə ki, əvvəllər onun əmək haqqı 386 manat olmuş, hər ay 372 manat pul tutularaq aliment borcuna yönəldilmiş, daha sonra əmək haqqı qalxaraq 460 manat olmuş, onda da 440 manatdan pul tutularaq onun aliment borcuna yönəldilmişdir. O, ikinci dəfə ailə həyatı qurmuş, yoldaşı hamilədir. Elektron sistemdə qeyd olunan avtomobillərdən “Vaz 210430” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətində olmaqla işlək vəziyyətdə olmasa da, hal-hazırda onun həyətindədir, digər avtomobildən məlumatı yoxdur. Onun özü də tələbin həmin avtomobilə yönəldilməsinə etiraz etmir, lakin satışının həyata keçirilməsi qaydasını bilmir. O, məhkəmə iclasında elan edilmiş fasilə zamanı tələbkarın bank hesabına daha 100 manat ödəniş etmişdir. Öhdəliyinə düşən aliment borcunun ödənilməsindən imtina etmir, ödənişdən yayınmır, aldığı əmək haqqına uyğun olaraq qətnamə çıxan gündən bugünədək mühasibatlıq tərəfindən tələbkarın xeyrinə tutumalar aparılır. Qalıq borcunu dekabr ayında tam olaraq ödəyəcəyinə söz verir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Rüstəmova (Ramazanova) Ləman Mehman qızı bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3778/2022 saylı, xx.xx.2022-ci il tarixli və həmin məhkəməsinin 2(012)-2445/2023 saylı, xx.xx.2023-cü il icra sənədlərinə əsasən borclunun ona 1248 manat aliment borcu vardır. Aliment borcu yalnız borclunun əmək haqqından tutulur, o, əlavə heç bir ödəniş etmir. Borclu həftə sonları yarmarkada, həftənin 3-cü və 4-cü günləri isə Müşviqabad qəsəbəsində yerləşən yarmarkada işləyir. O, borclunun yarmarkada işləyərkən şəxsən videosunu çəkmişdir. O, dəfələrlə Ədliyyə Nazirliyinə şikayət etdikdən sonra borclu ödəniş etmişdir. Borclunun pulu olduğu halda, ödəniş etmir, 3 ildir ki, uşaqlarını görmək üçün gəlmir. Uşaqları onun qardaşı saxlayır. Borcludan şikayətçidir, aliment borcunun tam ödənilməsini, əks təqdirdə həbs olunmasını məhkəmədən xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2023-cü il tarixdə şəxsən təqdim edilmişdir. İş materillarına əlavə edilmiş Elektron İcra İnformasoya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borclu Natioq Ramazanovun mülkiyyətində “QAZ 2705” yük markalı ** FM *** dövlət nömrə nişanlı və “VAZ 210430” minik markalı **-DD-*** avtomobillər var. “Borclunun əmlakının axtarılması barədə” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs adına olan “QAZ 2705” yük markalı ** FM *** dövlət nömrə nişanlı və “VAZ 210430” minik markalı **-DD-*** avtomobillərin axtarışı barədə qərar qəbul edilmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mktubdan görünür ki, borclunun əmək haqqısından aylıq tutmalar aparılması məqsədilə işlədiyi "xxxx" QSC-yə məktub göndərilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-275/2023 saylı qərardadından görünür ki, borclu Şəxs mülkiyyətində olan “Qaz 2705” yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı və “VAZ 210430” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 təqdimatı sənədlərdə olan natamamlığa görə geri qaytarılmış, qeyd olunan qərardad xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “borclunun icra sənədində göstərilən ünvanda yaşamaması yaxud ona məxsus yetərli əmlakın olmaması barədə” qərardan görünür ki, borclu Şəxs ünvan 1 ünvanında yaşamadığı aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, həmin tarixdə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş “Qəbz”dən görünür ki, xx.xx.2023-cü il tarixdə borclu tərəfindən Zərərçəkmiş şəxs hesabına 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrlü səbəbdən olmamış, sonuncunun hərəkətində inzibati xəta tərkibi yoxdur və onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, sonuncu öz öhdəliyini yerinə yetirməkdən üzrsüz səbəbdən boyun qaçırmır, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edildikdən dərhal sonra qanunvericiliyin tələbinə uyğun olaraq onun əmək haqqından tutulmalar həyata keçirilmiş, belə ki, icra məmuru tərəfindən icra vərəqəsinin surəti icra edilməsi üçün müvafiq müşayiət məktubu ilə "xxxx" QSC göndərilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdən borclunun aldığı əmək haqqına uyğun olaraq hər ay tələbkarın xeyrinə tutmalar aparılmış, lakin ötən dövr üzrə ödənilməmiş 1148 manat borc qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra məmuru tərəfindən tələbkara ödənilməli olan qalıq 1148 manat aliment borcunun ödənilməsini təmin etmək üçün “İcra Haqqında” AR Qanununda nəzərdə tutulmuş qaydada bütün mümkün icra tədbirləri həyata keçirilməmiş, borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsassız olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Belə ki, “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlakına və borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Lakin məhkəmə iclasında iş materillarını araşdırarkən müəyyən edilmişdir ki, qanunun yuxarıda sadalanan tələbləri icra məmuru tərəfindən tam olaraq həyata keçirilməmişdir. Belə ki, icra məmuru Sənan Qasımlı məhkəmə iclasında borclunun mülkiyyətində olan “QAZ 2705 yük markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı və “VAZ 210430” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimat verildiyini, məhkəmə tərəfindən İdarəyə heç bir cavab verilmədiyini bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilən icra işindəki sənədlərdən görünür ki, həmin təqdimat və ona əlavə edilmiş sənədlər natamam olduğundan xx.xx.2023-cü il tarixli qərardadla geri qaytarılmışdır. İcra məmuru qərardadda qeyd olunan natamamlıqları aradan qaldıraraq yenidən eyni məsələ ilə əlaqədar məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş, məhkəməni əsasız və qanunsuz olaraq Natiq Ramazov barəsində sərt inzibati tədbir görülməsinə yəni sonuncunun inzibati məsuliyyətə cəlb edilməsinə müvəffəq olmağa çaılışmışdır. Bundan başqa icra məmuru tərəfindən borclunun faktiki olaraq yaşadığı ünvanda tələbin yönəldilə biləcəyi əmlakın olub-olmaması yoxlanılmamış, yoxlama aparıldığı halda həmin əmlaklarla bağlı qanuni tədbirlər görülmədən, borclu barəsində daha sərt inzibati təsir tədbirinin görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, və ya protokolda qeyd etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. AR İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2783/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2783/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver