Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2783/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2247/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 16378,72 manat Zərərçəkmiş şəxs ödənilməli olsa da borclu üzrsüz səbəbdən bu günə qədər heç bir ödəniş etməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2247/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi 19 iyul 2024-cü il tarixdə icraata daxil olmuş, müvafiq olaraq icraata başlama haqqında qərar qəbul olunmuş, bildiriş göndərilmiş, lakin vətəndaşa bildiriş çatmadığından barəsində axtarış elan edilmiş, axtarış nəticəsində 11 oktyabr 2024-cü il tarixdə icra idarəsinə gəlmiş, qərar və bildirişlə tanış olmuş və ona borcu ödəməsi üçün 10 gün müddət verilmişdir. 10 gündən sonra bir daha vətəndaşla əlaqə saxlanılmış, borcu ödəməsi tələb olunmuş, lakin vətəndaş razılığa gəldiklərini bildirsə də heç bir rəsmi sənəd təqdim etmədiyindən və tələbkar pulunu tam tələb etdiyindən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş, izahatı alınmış, izahatında müvafiq qeydlər aparsa da hal-hazırda ödəniş edə bilməyəcəyini bildirmişdir. Şəxs barəsində axtarış elan olunsa da özü könüllü olaraq icra idarəsinə gəlmiş və sonrakı çağırışların hər birinə gəlmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, tələbkarın dedikləri ilə razı deyildir. Evini satışa qoymasını demişdir. Tələbkar onunla danışmaq istəmədiyi üçün, qayınını onun yanına göndərmişdir. Aralarında razılığa gəlmişlər ki, evini satıb bir ilin ödənişini ödəsin, qalan məbləği də 20 aya 500 manat olmaqla hiss-hissə ödəsin. Tələbkar da buna görə gəlib-getməli olduğunu bildirərək əlavə 50 manat da verilməsini xahiş etmiş və razılaşmışlar. Tələbkar Bakıya gəldikdə qayını ona 50 manat əlavə pul ödəmişdir. Daha sonra aralarında razılaşmalarına baxmayaraq tələbkar icra idarəsinə gəlməmişdir. Tələbkara zəng edərək icra idarəsinə gəlib aralarında razılaşma olması ilə bağlı ərizə yazmasını demiş, lakin tələbkar gəlməmişdir. Daha sonra icra məmuru onun barəsində protokol tərtib edəcəyini bildirmiş və əgər razılaşma varsa tələbkarı çağırmasını demiş, tələbkar isə gəlməsi üçün ondan əlavə olaraq 60 manat pul istəmişdir. O, tələbkarla aralarında müqavilə bağlamışdır. O, dükan işlədirdi və tələbkar heç bir ödəniş etmədən onun dükanından mal aparırıdı. Onlar da çatdıra bilmədiklərindən tələbkara demişlər və bundan sonra tələbkar onlarla prinsip aparmağa başlamışdır. Onların telefon zənglərinə cavab verməmiş, onu tapmaq üçün Xaçmaz rayonuna da getmişlər, lakin tapa bilməmişlər. Daha sonra yanvar ayında ona məhkəmə bildirişi gəlmişdir, tələbkar verdiyi pulu ondan tam şəkildə tələb etmişdir. O, həmin pulun hissəhissə ödənilməsi ilə bağlı tələbkarla müqavilə bağlamışdır, hazırda tam şəkildə ödəməyə imkanı yoxdur, müqavilədə göstərilən kimi ödəməyə hazırdır və ödəyir. Hazırda 400 manat ödəniş etmiş və qəbzi təqdim etmişdir. Həmçinin o, çağırışlardan yayınmamışdır. Bir dəfə evə polis gəlmiş, ona zəng olunan kimi gəlmişdir, bildirişlərdən xəbəri olmamışdır. Evin satışından əldə etdiyi pulla borcunu ödəyəcəkdir, lakin ev satılana qədər hissə-hissə əlavə ödənişlər edəcəkdir. 3 gündür ki, övladı dünyaya gəlmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, qətnamə çıxdıqdan sonra iki ay müddətində icra olunmalı idi. Məhkəmə iclası zamanı borclu şəxs torpağı olduğunu və satıb ödəyəcəyini bildirmişdir. Bundan başqa icra məmuru borcluya 10 gün ödəniş üçün könüllü icra müddəti vermiş, bildiriş göndərmiş, lakin borclu gəlməmişdir, bundan əlavə də borclu dəfələrlə dəvət olunmuş, lakin çağırışlara gəlməmişdir. Daha sonra barəsində axtarış elan olunmuş, tapılaraq icra məmuruna təhvil verilmişdir. Bir dəfə Üzeyir adında şəxs ondan xahiş etmişdir ki, vaxt versin, imkansızlıq səbəbindən ödəyə bilmir, ödəyəcəkdir, lakin o şəxs də yalan danışmışdır. Bir gün də borclun şəxsin qayını onun yaşadığı Xaçmaz rayonuna onunla danışmaq üçün gəlmiş, onlara da vəziyyəti izah etmişdir. Hazırda borclu şəxs ona 400 manat ödəniş etmişdir, lakin həmin məbləğlə razı deyildir, borcun tam həcmdə ödənilməsini tələb edir. Borclu evini satışa qoyduğunu bildirmişdir, qayını da böyük məbləğdə pul əldə edib ödəyəcəklərini bildirmiş, lakin bu günədək borc ödənilməmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi və müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2247/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 16240 manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs bank hesabına 400 manat ödəniş edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən icra sənədinin lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, borclu icraata başlama haqqında qərar və bildirişlə 11 oktyabr 2024-cü il tarixdə tanış olmuş, bundan sonra ona könüllü icra müddəti verilmiş, hazırda borcundan qismən ödəniş etmiş, barəsində axtarış elan olunmasına baxmayaraq könüllü olaraq icra idarəsinə gəlmiş və çağırışlardan yayınmamışdır. Lakin borclu tərəfindən icra sənədinin lazımi qaydada icra olunmaması onun əməlində inzibati xəta tərkibi yaratmışdır. Eyni zamanda qeyd olunanlarla yanaşı məhkəmə tərəfindən cəza təyin edilərkən borclunun ailə vəziyyəti, maddi imkanı və himayəsində yeni doğulmuş körpə uşağın olması nəzərə alınır. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil X3 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2783/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2783/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver