Məhkəmə qərarları › İş №3(060)-2786/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2786/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2786/2023 08.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs MMC barəsində inzibati xəta haqqında 20 noyabr 2023-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində 20 noyabr 2023-cü il tarixli, EP ******* saylı protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC 120000 ABŞ dolları məbləğində vəsaiti 29 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 50000 ABŞ dolları məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 30 oktyabr 2023-cü il tarixində hüquqi şəxsin yuxarıda qeyd olunan ünvanında törədilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasında təmsil edilmədiyindən, məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən Mərkəzi Banka ünvanlanmış 13002- 01/70 saylı, xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlər təqdim edilməmişdir. Həmin məktuba əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC xx.xx.2021-ci il tarixində 120 000 ABŞ dollarını xaricə köçürmüşdür. Böyük Britaniyanın “TDM Experts LTD” şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən TDM Experts LTD” şirkəti 550 000 ABŞ dolları məbləğində mis telləri Şəxs MMC-yə satmağı öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi (5.1.6.), maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması ( 5.1.8.), “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi (5.1.9.) Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) funksiyaları sırasına aid edilmişdir. Həmin qanunun 8.1-ci maddəsinə əsasən Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəzarət etdiyi bütün subyektlər, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3-cü maddəsində göstərilmişdir ki, normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanununun 4.1.3-cü maddəsində maliyyə bazarları tənzimləyicisinin qərarları normativ xarakterli aktlar sırasına aid edilmişdir. Göründüyü kimi Mərkəzi Bank maliyyə bazarları tənzimləyicisi olmaqla, onun qəbul etdiyi normativ xarakterli aktlar maliyyə bazarlarının bütün iştirakçıları üçün məcburi hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Mərkəzi X1 20 fevral 2020-ci il tarixi 06/1 №li qərarı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs MMC 50 000 ABŞ dolları məbləğində vəsait hesabına alının malları ölkəyə idxal etməmişdir. Bu səbəbdən həmin hüquqi şəxs inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ 5000, Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 15 000 (on beş min) ABŞ dolları məbləğində (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun manatla) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar