Məhkəmə qərarları › İş №3(060)-2791/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2791/2022

28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2791/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Daşkəsən rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli, MN №1368363 saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-də ünvansız nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivində PPX əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib oğurluqda şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. Bundan sonra polis əməkdaşları onu müayinə olunmaq üçün Sumqayıt şəhəri Narkoloji Dispanserə aparmış, sidiyindən verdiyi analizin nəticəsində narkotik vasitə olan metamfetamin və marixuanadan istifadə etdiyi aşkar olunmuşdur. Bölməyə daxil olan zaman ucadan nalayiq ifadələr işlədərək səs-küy salmağa başlamışdır. Əməlindən peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il saat 19:40-da inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 17:00-da azad edilmişdir. İş materiallarında olan A/1706 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:40 radələrində marixuana və metamfetamin qəbulu faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.2022ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-də ünvansız nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir və onun 01 (bir) gün inzibati qaydada tutulmağı nəzərə alınaraq o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin ona 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 50 (əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar