Məhkəmə qərarları › İş №3(060)-2794/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2794/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2794/2025 26.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərid Nəsimiyev Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı Regional Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı Regional Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X1 Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Cəmiyyət rəhbərliyindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-46255/2025 nömrəli məktubla 07 (yeddi) iş günü müddətində aidiyyəti sənədlər tələb olunsa da, təqdim edilməmişdir. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt vətəndaşın müraciəti ilə təsdiq edilir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Şəxs MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən DƏMX nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, vətəndaş X1 şikayəti əsasında həmin şikayəti araşdırmaq məqsədi ilə Şəxs MMC-ə xx.xx.2025-ci il tarixli 3-17-5/2-46255/2025 nömrəli məktub göndərilmiş və 7 iş günü ərzində zəruri sənədləri təqdim etmək xahiş olunmuşdur. Lakin Şəxs MMC bu günədək zəruri sənədləri təqdim etməmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Vətəndaşın müraciətinə cavab vermək və lazımi tədbirləri görmək üçün Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmədən işə müvafiq qaydada baxılmasını və tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli “inzibati xəta haqqında” protokoldan görünür ki, vətəndaş X1 Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Cəmiyyət rəhbərliyindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-46255/2025 nömrəli məktubla 07 (yeddi) iş günü müddətində aidiyyəti sənədlər tələb olunsa da, təqdim edilməmişdir. Nəticədə, Şəxs MMC-nin direktoru X2 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı töərtmişdir. Bu fakt vətəndaşın müraciəti ilə təsdiq edilir. İş materiallarında olan rəis Aqşin Əhədov tərəfindən Şəxs MMC-in rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-46255/2025 nömrəli məktubdan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti ilə əlaqədar Şəxs MMC-ə 07 (yeddi) iş günündən gec olmayaraq zəruri sənədlərin göndərilməsi ilə bağlı məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-17-5/2-81171/2025 nömrəli bildirişdən görünür ki, Şəxs MMC 10 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli, İnzibati xəta haqqında protokol üzrə inizbati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Qeyd olunan vaxtda Şəxs MMC X3 Xidməti Abşeron Xızı Regional Şöbəsinə və ya video konfrans vasitəsi ilə dəvət olunur. İş materiallarında olan X1 şikayət ərizəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən X4 MMC-də (VÖEN **********) baş mühasib vəzifəsində çalışmış və 12 fevral 2025-ci il tarixində Azərbayca Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə (tərəflərdə birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) əsasən əmək müqaviləmə öz təşəbbüsü ilə xitam verilmişdir. Lakin bu günədək onunla son haqq-hesab aparılmamışdır. xx.xx.2023-xx.xx.2025 tarixləri arasında istifadə olunmamış 40 (qırx) təqvim günü əmək məzuniyyətinə görə - 4227 (dörd min iki yüz iyirmi yeddi) manat məbləğ kompensasiya, 2024-cü il dekabr ayı üzrə ödənilməmiş əməkhaqqının qalıq məbləği - 500 (beş manat), 2025-ci il yanvar ayı üzrə əməkhaqqı - 3000 (üç min) manatı, ümumi tələb edilən məbiəğ: 7727 (yeddi min yeddi yüz iyirmi yeddi) manat. Yuxarıda qeyd olunan hüquqi əsaslara uyğun olaraq onunla əmək münasibətlərinə xitam verildiyi tarixə qədər hesablanmış bütün ödənişlərin ona ödənilməsini işəgötürəni dəfələrlə tələb etsə də, bu günədək yuxarıda sadalanan ödənişlər ona ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq əmək hüquqlarının bərpası və ödənilməmiş məbləğin ona ödənilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş ASİS sistemindən çıxarışın məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixli məktub şəxsi kabinetə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş ASİS sistemindən digər çıxarışın məzmunu anlaşılmır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 539.3-ci maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: İnzibati xəta haqqında protokolun mahiyyətindən görünür ki, vətəndaş X1 Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Cəmiyyət rəhbərliyindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-46255/2025 nömrəli məktubla 07 (yeddi) iş günü müddətində aidiyyəti sənədlər tələb olunsa da, təqdim edilməmişdir. Nəticədə, Şəxs MMCnin direktoru X2 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Cəmiyyət rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3- 17-5/2-46255/2025 nömrəli səlahiyyətli şəxsin imzası olmayan məktubun surəti iş materiallarına əlavə edilsə də, həmin məktubun hüquqi şəxsə çatması ilə bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. ASİS sistemindən sənəd göndərilməsini təsdiq edən 2 ədəd çıxarış iş materiallarına əlavə edilmişdir ki, onlardan biri xx.xx.2025-ci il tarixə aid olmaqla hansı sənədin göndərilməsini özündə ehtiva etdiyi məlum deyil. Digər ASİSdən çıxarış isə ümumiyyətlə, oxunulmaz vəziyyətdədir. Bununla da, Şəxs MMC-yə sənədlərin təqdim olunması ilə bağlı məktubun lazımı qaydada çatdırılması sübuta yetirilmədiyindən Cəmiyyət İXM-in 539.3-cü maddəsi ilə təqsirli hesab edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 53, 105.1, 114.1.4, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə birbaşa və ya Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar