Məhkəmə qərarları › İş №3(060)-28/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-28/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-28/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X1 iştirakı ilə, xx.xx.1994-cü ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.7-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsi dövlət yol polisi şöbəsinin YPX inspektoru polis serjantı, X4 tərəfindən 18.11.2020-ci il tarixdə inzibati xəta haqqında AP ******* №li protokol tərtib olunmuşdur ona görə ki, AE 229733 saylı sürücülük vəsiqəsi ilə **-GO-*** dövlət qeydiyyat nişanlı “Ford transit” markalı avtomobili idarə edən xx.xx.1994cü ildə Göyçay rayonunda doğulmuş, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan sürücü Şəxs tərəfindən nömrə nişanı standartlara uyğun olmadığına görə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 333.1-ci maddələri ilə protokol tərtib olunmuşudur. Sumqayıt şəhər polis idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 333.1-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 30.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 14 dekabr 2020-ci ilə təyin olunmuşdur. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tərbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli məlumatına əsasən işin baxılması 08 fevral 2021-ci il tarixə təyin olunmuşdur. 08.02.2021-ci ildə Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili məhkəməyə Azərbaycan Respublikası Narkoloji Mərkəzi tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunu təqdim etmişdir. Həmin protokoldan görünür ki, Şəxs 18 noyabr 2020-ci ildə saat 12:10-da təkrar müayinədən keçərkən onda alkoqol sərxoşluğu (0,00) müəyyən edilməmişdir. Bu səbədəndə iş üzrə sərxoşluğun təyini ekspertizası təyin olunmuşdur. 03.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin 23.02.2021-ci il tarixli məktubu 03.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və işin baxılması 07.04.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis bölməsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X3 hüquqlarını müdafiə etdiyi şəxsin özünü təqsirli bilmədiyini bildirərək izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs AE 229733 saylı sürücülük vəsiqəsi ilə **-GO-*** dövlət qeydiyyat nişanlı “Ford transit” markalı avtomobili idarə edir. 18.11.2020-ci il tarixdə Şəxs həmin avtomobili idarə edərkən avtomobilin nömrə nişanı standartlara uyğun olmadığına görə yol polisi əməkdaşları tərəfindən saxlanılmış və ona spirtli içki qəbul edib-etməməsini müəyyən etmək üçün həkim müayinəsindən keçməli olduğu bildirilmişdir. O, da heç bir etiraz etməyərək həkim müayinəsindən keçmiş və müayinə zamanı onun sərxoş halda avtomobil idarə etməsini ona bildirmişlər. O, da bununla razı olmayaraq həmin tarixdə Azərbaycan Respublikası Narkoloji Mərkəzində təkrar yoxlamadan keçmiş və onda sərxişluq əlamətlərinin mövcud olmadığı müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X3 qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 6372 №li 18.11.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (18.11.2020-ci il) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Narkoloji Mərkəzinin 18 noyabr 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 18 noyabr 2020-ci ildə saat 12:10-da təkrar müayinədən keçərkən onda alkoqol sərxoşluğu (0,00) müəyyən edilməmişdir. İş üzrə təyin edilmiş sərxoşluğun təyini ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin 23.02.2021-ci il tarixli 19/51-2219 saylı məktubundan (rəyindən) görünür ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı hər 1 (bir) saata 0.20-0.40 promil təmizlənir. Şəxs barəsində tərtib edilmiş protokollarda müxtəlif nəticələrin olması normal haldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkilini dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə təkzib edilir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun AR İXM-nin 342.7-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 6372 №li 18.11.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (18.11.2020-ci il) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AE 229733 saylı sürücülük vəsiqəsi 26.04.2018-ci ildən 26.04.2028-ci ilədək etibarlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırma növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 124-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar