Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-28/2023 09.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X1 barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinin baxmağa hazırlanması məsələsinə baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə Tovuz rayon Əlimərdanlı kənd sakini X2 Azərbaycan Respublikası İXM-nin 274-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bu qərardan narazı qalan X2 Tovuz Rayon Məhkəməsinə şikayət verərək bu qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(062)-42/2022 saylı qərardadına əsasən X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 dekabr 2022-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət üzrə material aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsi bununla bağlı Azərbaycan Respublikası İXM-nin 129.1.3cü və 129.4-cü maddələrinə istinad etmiş və qərardadını onunla əsaslandırmışdır ki, X2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, məhəllə 9-da qeydiyyatda olduğuna görə səlahiyyətli şəxsin qərarından Sumqayıt şəhər Məhkəməsinə şikayət verməli idi. Məhkəmə Tovuz Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırkı işə Tovuz Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, X1 barəsində inzibati tənbeh tətbiq edilməsinə səbəb olmuş inzibati xəta Tovuz rayonu ərazisində törədilmişdir, X2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, məhəllə 9-da qeydiyyatda olsa da Tovuz rayon Əlimərdanlı kəndində yaşayır. Səlahiyyətli orqanın qərarından şikayəti inzibati xətanın törədildiyi yer üzrə Tovuz Rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, məhkəmənin mövqeyinə görə səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət düzgün olaraq Tovuz Rayon Məhkəməsinə verilmişdir. Barəsində qərar çıxarılmış şəxsin işə onun yaşadığı (qeydiyyatda olduğu) yer üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılması barədə əsaslandırılmış vəsatəti yoxdur, o səlahiyyətli orqanın qərarından inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə müraciət edərək iradəsini ifadə etmiş, işə həmin məhkəmədə baxılmasını istəmişdir. Məhz bu baxımdan və Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsaslanaraq, məhkəmə işi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmiş Tovuz Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, bununla bağlı fikir ayrılığı var, bu fikir ayrılığı məsələsi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həll edilməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, İnzibati Xətalar Məcəlləsində məhkəmələr arasında məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığı olduqda inzibati xəta haqqında işin bir məhkəmədən digərinə göndərilməsi ilə bağlı müddəa yoxdur. Ancaq məhkəmə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinad edərək hesab edir ki, qanunun analogiyası tətbiq edilməli və Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından hazırkı iş üzrə məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığı məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 129, 118-cı maddələrini, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarının 2-ci bəndini, Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinə dair 3(060)-434/2022 saylı iş materialları məhkəmə aidiyyatının müəyyən edilməsi məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. . HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-28/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-28/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver