Məhkəmə qərarları › İş №3(060)-2800/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2800/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2800/2023 28.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi, bacısı Nümayəndə, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 27 noyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2263 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən tələbkar X3 olan 18550 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 27 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmədə protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2263 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən tələbkar X3 olan 18550 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Borclu dəfələrlə icraya dəvət edilmiş, öhdəliyini icra etməsi üçün izahlar verilmişdir. Aliment öhdəliyini icra etməməsi ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qərardadı ilə Şəxs Qamaddin oğlu barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qərarı ilə 20 gün müddətinə inzibati həbs olunmuşdur. Hal-hazırda icra sənədi üzrə borc 18550 manat təşkil edir. Qeyd edilənlərə əsasən icra məmuru borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, X4 ilə nikahları pozulduqdan bir müddət sonra barışaraq uzun müddət bir ailə kimi birgə yaşamaışlar. Lakin, həmin dövr üçün icra sənədinin geri qaytarılması barədə tələbkarın ərizəsi olmadığı üçün həmin dövr üzrə də borc hesablanmağa davam etmişdir. O, onurğasından 2 dəfə əməliyyat olunub. Bir neçə gün sonra 3-cü əməliyyata gedəcək. Bir neçə gün əvvəl aliment borcundan 242 manat ödəyib. Bu gün isə 1000 manat ödəniş edib. Qeyd olunanların nəzərə alınaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs nümayəndəsi, bacısı Nümayəndə məhkəmə iclasında bildirdi ki, qardaşı onun himayəsindədir. Aprel ayında əməliyyat olunacaq. Bununla bağlı olaraq 6 000 manat kredit götürmüşlər. Borcun ödənilməsi ilə bağlı tələbkardan möhlət istəmişlər. Tələbkar özü işləyir, həmçinin sosial yardım alır. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hazırki iş üzrə tərəflərin izahatlarını, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, borclunun və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-in 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, Şəxs onurğaarası diskin yerdəyişməsi və yırtığı diaqnozu qoyulmuşdur. Ödəniş qəbzləri ilə müəyyən edilir ki, Şəxs aliment borcundan xx.xx.2023-cü il tarixində 242 manat, xx.xx.2023-cü il tarixində isə 1000 manat ödəniş etmişdir. Məhkəmə Şəxs xəstəliyini və aliment borcundan müəyyən məbləğdə ödəniş etməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran halları müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar