Məhkəmə qərarları › İş №3(060)-2800/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2800/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2800/2025 29.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs Fərman qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Cəbrayıl rayonu, 2-ci Yarəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonu, Yarəhmədli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2846,66 manat tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin X3 bildirmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və 47 (qırx altı) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və qanunamüvafiq tədbirlər görülmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixli qərarla Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə borclu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarla borclu Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Dəfələrlə borcluya borcun ödənilməsi tələb olunsada, borclu tələbkara borcu olmadığını əsas gətirərək icra sənədinin icrasından qərəzli olaraq yayınır. Tələbkar 1000 manat ödənildiyi halda qalan borcu tələb etməməsi barədə ərizə verəcəyini də bildirsə də, tələbkar ödənişlər həyata keçirmir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, Gülşən onun köhnə qonşusu olub. Yaxın münasibətləri olduğu üçün Gülşən ondan 2800 manat borc almışdır. Qısa müddətə qaytaracağını bildirsə də, sonradan ölkə üzrə yaranmış pandemiyə ilə əlaqədar işsizliyi əsas gətirərək borcunu qaytarmamışdır. Daha sonra, borclu bir neçə dəfə iş yerini və yaşayış ünvanını dəyişərək borcu ödəməkdən yayınmışdır. Hazırda o, borcunun cəmi 1000 manatı ödənildiyi halda qalan məbləğdən imtina etməyə hazırdır. Hazırda borc məbləğini tam tələb edir. Göstərilən halların nəzərə alınmasını və borclu barəsində inzibati tətbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, tələbkardan 1200 manat faizə borc pul götürmüşdür. 3 il ərzində borcunu faiz ilə birgə ödəmişdir. Hazırda heç yerdə işləmir, ona görə də borcunu ödəmək iqtidarında deyildir. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədinin icrasından qərəzli olaraq yayınmadığını və maddi vəziyyətini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və 46,60 (qırx altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq barədə qərardan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və rəsmi olaraq borcluya təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və 46,60 (qırx altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş üzrə xx.xx.2024-cü ildə icraata başlamaq barədə qərar qəbul edilmiş, borcluya xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası barədə bildiriş rəsmi təqdim edilmiş, borclu həm 10 günlük könüllü icra müddətində tələbi icra etməmiş, həmçinin ondan sonra da bu günə kimi ödəniş etməmişdir. Hazırda isə borclu ödəniş etmək üçün ona vaxt verilməsini bildirmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni maddi vəziyyətinin yaxşı olmaması və borcun ödənilməsindən boyun qaçırmamasını icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 05 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar