Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2802/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Saatlı rayonu, Qırağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu, Qıraqlı ərazi dairəsi, Qıraqlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllədə yerləşən “Park Palace” şadlıq evində xüsusi icazə olmadan məsafədən idarə olunan pilotsuz uçan aparat əldə etmiş və istifadə etmiş, bununla da Azərbaycan Respublikasının İXM-nin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xəta üzrə təqsirli bilərək izahatında göstərmişdir ki, o, özünə məxsus olan “DJİ Mini 4 pro” markalı dron ilə Saatlı rayonunda tədbirlərdə video çəkilişlərin aparılması ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində toy məclisinin çəkilişi üçün dəvət almış və Sumqayıt şəhəri Xəzər bağlarında yerləşən ünvanda və “Park Palace” şadlıq evində ona məxsus olan dron ilə çəkiliş aparmışdır. O, həmin dronu təxminən üç il əvvəl Kürdəmir sakinindən almış, alarkən dron üçün icazə sənədinin tələb edilməsi barədə və qanunda icazə sənədi olmadan istifadə edilməsinin inzibati xəta kimi nəzərdə tutulmasından məlumatı olmamışdır. O, himayəsində bir azyaşlı uşağının olduğunu bildirmiş və məhkəmədən aşağı həddə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Kamran Hümbətova ünvanlanan 26 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində növbətçi hissənin telefonuna zəng edən şəxs Sumqayıt şəhəri, Xəzər bağları ərazisində dron uçurulması barədə məlumat vermişdir. Daxil olmuş məlumatla bağlı keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində ünvan 4 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları, fərdi ev ünvanında yaşayan, xx.xx.2001-ci il təvəllüdlü X1 toy məclisi ilə əlaqədar Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1996-cı il təvəllüdlü Şəxs özünə məxsus olan “DJİ Mini 4 Pro” markalı kameralı dron ilə T.R.Məhərrəmlinin yaşadığı ünvanın üzərində və toy məclisinin baş tutduğu Sumqayıt şəhəri, 6-cı məhəllədə yerləşən “Park Palace” şadlıq evinin böyük zalında videoçəkiliş aparmışdır. Əşyanın götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı Elbrus Qədirov tərəfindən hal şahidlərinin iştirakı ilə məsafədən idarə olunan pilotsuz uçuş aparatı vətəndaş Şəxs götürülmüş, aparata baxış zamanı aparatın iki hissədən- uçuş və mikro monitor hissələrdən ibarət olması, aparatın üzərinə “DJİ Mini 4 Pro” sözlərinin yazıldığı müəyyən edilmişdir. Protokola əşyanın götürülməsi zamanı çəkilmiş fotoşəkil əlavə edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllədə yerləşən “Park Palace” şadlıq evində xüsusi icazə olmadan məsafədən idarə olunan pilotsuz uçan aparat əldə etmiş və istifadə etmişdir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin etirafedici izahatı və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki pilotsuz uçuş aparatının (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla) əldə edilməsi sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci bəndinə əsasən mülki pilotsuz uçuş aparatları (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalar hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 592-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki pilotsuz uçuş aparatlarının (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla) əldə edilməsi və ya satılmasına görə mülki pilotsuz uçuş aparatları müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.3-cü maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, İXM-nin 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş Şəxs xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət olmuş 01 (bir) ədəd “DJİ Mini 4 Pro” markalı kameralı mülki pilotsuz uçuş aparatı müsadirə olunmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2802/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2802/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver