Məhkəmə qərarları › İş №3(060)-2804/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2804/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2804/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində inzibati xəta haqqında 01 sentyabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC 160000,00 Avro məbləğində vəsaiti 26 avqust 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 78000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 27 avqust 2022-ci il tarixdə hüquqi şəxsin qeyd edilən ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi məhkəməyə etiraz təqdim edərək, İXM-nin 53.1, 53.1.2 və 105.1-ci maddələrinə əsasən hazırki iş üzrə “Çinarlı-2020" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərtib edilmiş protokola əsasən "xxxx" MMC tərəfindən 160000.00 avro məbləğində vəsaitin 26 avqust 2020-ci il tarixdə xaricə köçürülməsi və 2 il müddətin keçməsinə baxmayaraq 78000.00 Avro məbləğində vəsait hesabına alınan malların (xidməti) ölkəyə idxal edilməməsi, valyuta vəsaitinin geri qaytarılmaması qeyd olunaraq MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ehtimal olunur. İnzibati protokol qanuniliyi baxımından düzgün tərtib edilməmişdir. Belə ki, İXM-nin 430.4-cü maddəsinin dispozısiyasında avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə Ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə" inzibati məsuliyyət nəzərdə tutulur. Mərkəzi Bankın hüquq departamenti tərəfindən tərtib edilmiş 01 sentyabr 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda isə ''Çinarlı-2020" MMC tərəfindən “160000.00 avro məbləğində vəsaitin 26 avqust 2020-cı il tarixdə xaricə köçürülməsi və 2 il müddətin keçməsinə baxmayaraq 78000.00 Avro məbləğində vəsait hesabına alınan malların (xidməti) ölkəyə idxal edilməməsi, valyuta vəsaitinin geri qaytarılmaması göstərilmişdir. Digər tərəfdən, Mərkəzi Bankın hüquq departamenti tərəfindən qeyd olunan protokol tərtib edilərkən heç bir araşdırma aparılmamış, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsinin səbəbi öyrənilməmiş, bu barədə ‘'Çinarlı-2020" MMC-dən heç bir sənəd tələb edilməmiş, yalnız Ziraat Bankın Sumqayıt filialının məlumat xarakterli məktubu əsasında inzibati protokol tərtib edilmişdir. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitarıya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü naddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası. ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12.1,-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarına əlavə edilmiş icarə sənədləri ilə təsdiq olunur ki, ünvan 1 ünvanında yerləşən 1860 kv.m tutan ərazinin 1500 kv.m hissəsi, həmçinin dəzgahlar və onların yerləşdiyi ərazi (310m2) isehsalat zərurəti ilə əlaqədar olaraq müvəqqəti olaraq “Samuray" Firması tərəfindən icarə Almaniyanın “X3 Polyrema” şirkəti arasında bağlanmış 17 avqust 2020-ci il tarixli PU2009486-1 saylı müqaviləyə əsasən Almaniyanın “X3 Polyrema” şirkəti 1 dəst EVO 1400 markalı, 3 qatlı üfürmə film xətli ekstruder dəzgahını '‘Çinarlı-2020’' MMC-ə təchiz edib quraşdırmasını dəstəkləməyi və alıcıya malları mülkiyyət hüququ əsasında verəcəyini öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə qiyməti mərhələlər üzrə, yəni 4.1.a bəndinə əsasən 310.000 EUR ilkin ödəniş kimi sifariş verildikdə ödənilməli, müqavilənin 4.1.1-ci bəndinə əsasən 240.000 EUR mallar göndərişə hazır olduqda Ödənilməli, müqavilənin 4.1.ç bəndinə əsasən 200.000 EUR dəzgah çatdırılma, quraşdırılma və istismara qəbul olunduqdan ("qəbul bəyannaməsini imzalandıqdan") sonra “TC Ziraat Bankası, Türkiyə” tərəfindən bank qarantiyası ilə təmin edilmiş bir il ərzində 4 hissədə olmaqla ödənilməli idi. Müqavilənin 4.1.a bəndinə əsasən xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində "xxxx" MMCə müvafiq olaraq xx.xx.2020-150 000 və xx.xx.2020 -160 000 avro avans (cəmi 310.000 avro) ödəniş edilmişdir. Bu ərəfədə 2 saylı Ərazi Vegilər Baş idarəsinin əməkdaşları yenicə fəaliyyətə başlamış “Çinarlı-2020" MMC-ə gələrək akt tərtib etmişlər. Onların tərtib etdiyi 01 dekabr 2020-ci il tarixli, DVX №-001132 saylı Aktda qeyd olunmuşdur ki, "xxxx" MMC operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2020-ci il tarixdən, 20.11 2020ci il tarixədək vergi ödəyicisi tərəfindən bir çek üzrə dəyəri 500 manatdan artıq olan 282 sayda çek üzrə 504796 manat məbləği nəzarət kassa aparatına daxil edilmişdir. Bu da həmin əməliyyatların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi Ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 50479,60 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********6727 saylı qərarına əsasən "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən, verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 50479,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 50479.60 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Bundan sonra "xxxx" MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli, **********6727 nömrəli qərarın ləğv edilməsi və iddiaçının depozit hesabından silinmiş 17.538,63 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt inzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-783/2021 saylı qərarına əsasən iddianın təmin edilməsi, cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsinin iddiaçı "xxxx" MMC barəsində çıxardığı xx.xx.2021-ci il tarixli, **********6727 saylı qərarın ləğv edilməsi və iddiaçının depozit hesabından silinmiş 17.538,63 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-783/2021 saylı qərarından cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin inzibatı Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-474/2021 saylı qərarına əsasən cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt inzibatı Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2-1(118)-783/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-330/2022 saylı qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(105)-474/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. DVX-nin yenicə fəaliyyətə başlamış "xxxx" MMC barəsində həyata keçirdikləri və tətbiq etdikləri qanunsuz tədbirlər və sanksiyalar, bu tədbirlərlə bağlı uzun müddət sürən məhkəmə çəkişmələri nəticəsində ‘'Çinarlı-2020" MMC-nin maddi vəziyyəti son dərəcə ağırlaşmış, istənilən bank bu vəziyyətdə MMC-yə kredit verməkdən imtina etmişdir. Digər tərəfdən pandemiya dövrünün məhdudiyyətləri ilə bağlı problemlər də "xxxx"xxxx" MMC üçün yaranmış belə bir böhranlı vəziyyətdə Almaniyanın “X3 Polyrema” şirkəti ilə bağlanmış müqavilədə mərhələlər- üzrə Ödənilməli olan pulun ödənilməsi heç cürə mümkün olmamışdır. "xxxx" MMC-nin maddi vəziyyəti üçün növbəti zərbə olsa da, MMC “X3 Polyrema” şirkəti ilə ləğvetmə razılaşmasını imzalamaq məcburiyyətində qalmışdır. Belə ki, "xxxx" MMC ilə Almaniyanın "X3 Polyrema" şirkəti arasında bağlanmış 08 06.2021-ci il tarixli ləğvetmə razılaşmasına əsasən Satıcı və Alıcı Üfürmə film istehsalı üçün EVO1400 ekstruziya xəttinin ("Mal”) alınması və çatdırılması üçün Əlavələr də daxil olmaqla 17 Avqust 2020-ci il tarixli, PU2009486-1 saylı Müqaviləni (“Müqavilə") imzalamışlar. X1 4.1a və 4 İb bəndlərinə uyğun olaraq ümumi məbləği 310,000 00 Avro ilkin ödənişləri ödəmişdir. Alıcı Müqaviləni ləğv etmək istəyir. Alıcının tələbi ilə Satıcı Malı almaqda maraqlı olan üçüncü bir şəxsi axtarıb tapdı. Satıcı və Alıcı razılaşırlar ki, üçüncü maraqlı tərəfə Malın satışı ilə əlaqəli Satıcı üçün yaranacaq əlavə xərclər Alıcının artıq ödəmiş olduğu ilkin ödənişdən çıxılacaqdır və bu çıxılmış məbləğ 18 ay içində Alıcının Satıcıdan gələcəkdə alacağı ekstruderin ümumi alış qiymətində Alıcının hesabına yazılacaqdır. Beləliklə, burada təsbit edilmiş ilkin şərtlər və qarşılıqlı razılaşmaları nəzərə alaraq tərəflər aşağıdakılar barədə razılığa gəldilər. Qüvvəyə minmə tarixdən etibarən Müqavilə ləğv olunur Alıcı daha bir ödəniş etməyə və ya Müqaviləyə əsasən hər hansı bir tədarük və ya xidmətləri qəbul etməyə məcburiyyət daşımır və Satıcı Müqaviləyə əsasən Alıcıya tədarük və xidmətlər təqdim etməyə məcburiyyət daşımır. Malın alınmasında maraqlı olan üçüncü tərəfin tələblərini qarşılamaq üçün Malı zəruri dəyişikliklərin edilməsi üçün Satıcı tərəfindən yaranacaq əlavə xərclərin kompensasiyası kimi Satıcı Müqavilənin 4.1 a və 4.1.b bəndlərinə uyğun Alıcıdan aldığı ilkin ödəmədən 78.000 Avro (“Çıxılmış Məbləğ”) məbləğini çaxacaqdır. Satıcı 232,000 Avro məbləğində geri qalan ödənişi Qüvvəyə minmə tarixindən etibarən 14 gün içində ödəyəcəkdir. Satıcı Qüvvəyə minmə tarixindən etibarən 18 ay ərzində Alıcının Satıcıdan məcburi sifariş etdiyi ekstruziya xəttinin satınalma qiymətinə X2 hesabına yazır. Tərəflər Qüvvəyə minmə tarixində Müqavilə ilə əlaqəli va ya bununla əlaqədar olaraq həll olunmamış tələb və ya mübahisələrin olmadığını müəyyənləşdirirlər. Qüvvəyə minmə tarixindən etibarən, Alıcı və Satıcı, hər hansı qanuni əsaslarla, məlum və ya bilinməyən, indi və ya gələcəkdə, bir-birinə qarşı hər hansı bir iddia və hüquqdan imtina edir. Tərəflərdən heç biri əlavə və əlavə razılaşmalarla birlikdə digər tərəfə qarşı bu Sazişin yerinə yetirilməməsi halında - hər hansı bir səbəbdən-və ya bir tərəf ondan imtina edərsə, mübahisə edərsə və ya başqa bir şəkildə ləğv edilsə belə hər hansı bir iddia ala bilməz. Bütün bunlar onu təsdiq edir ki, "xxxx" MMC-nın avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilməməsinə qəsdən yönəldilmiş heç bir hərəkəti olmamışdır, idxal edilməsi nəzərdə tutulan mal "xxxx" MMC-dən asılı olmayan üzrlü səbəblərdən idxal edilməmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş üzrə toplanmış materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi etirazı tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 01 sentyabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 01 sentyabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC 160000,00 avro məbləğində olan vəsaiti 26 avqust 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 78000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamış, nəticədə həmin müəssisə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, "xxxx" MMC-nin avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilməməsinə qəsdən yönəldilmiş heç bir hərəkəti olmamışdır, idxal edilməsi nəzərdə tutulan mal "xxxx" MMC-dən asılı olmayan üzrlü səbəblərdən idxal edilməmişdir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC müqavilə üzrə ödəməli olduğu məbləği maddi vəziyyəti imkan vermədiyi üçün ödəyə bilməmiş, nəticədə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir. ZiraatBank-ın xx.xx.2022-ci il tarixli məktubundan da göründüyü kimi müqavilənin ləğv olunması ilə bağlı köçürülən avansların 232000 EUR məbləği xx.xx.2021-ci il tarixdə müştəri hesabına geri qaytarılmışdır. Müştərinin də təqdim etdiyi məktuba əsasən xx.xx.2020-ci il tarixdə 150000 EUR məbləğ geri qaytarılan 232000 EUR- dan silinərək, qalan qalıq 82000 EUR xx.xx.2020-ci il tarixli 160000 EUR dan qismən bağlanılmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış ləğvetmə razılaşmasına əsasən malın alınmasında maraqlı olan üçüncü tərəfin tələblərini qarşılamaq üçün Malı zəruri dəyişikliklərin edilməsi üçün Satıcı tərəfindən yaranacaq əlavə xərclərin kompensasiyası kimi Satıcı Müqavilənin 4.1 a və 4.1.b bəndlərinə uyğun Alıcıdan aldığı ilkin ödəmədən 78.000 Avro məbləği çıxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, idxal edilməsi nəzərdə tutulan mal "xxxx" MMC-dən asılı olmayan üzrlü səbəblərdən idxal edilməmişdir. Başqa sözlə "xxxx" MMC müqavilə üzrə pulu ödəyə bilmədiyindən, 78.000 Avro ziyana düşmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar