Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2804/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu 1 saylı Sumqayıt Regional Asan Xidmətinin 8i- 33165 saylı xx.xx.2022-ci il tarixli və Sumqayıt şəhəri 3 saylı Notariat ofisinin 8i-6005 saylı xx.xx.2021-ci il tarixli icra qeydlərini üzrsüz səbəbdən icra etməmiş, həmçinin icra məmurunun heç bir çağırışına gəlməmişdir. Nəricədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirmişdir ki, 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin notariusunun 8i- 33165 saylı xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən tələbkar X1 xeyrinə borclu Şəxs 1675 manat pul tutulmalıdır. Həmçinin Sumqayıt şəhəri 3 saylı Notariat ofisinin 8i-6005 saylı xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs xeyrinə 1.420,88 manat tutulmalıdır. İcra sənədi üzrə borclu məlumatlı olsa da borcunu ödəməkdən imtina etmiş, üzrsüz səbəbdən icra şöbəsinə gəlməmiş və dəfələrlə söz versə də bu günə kimi ödəniş etməmişdir. Son aylarda isə icra məmuru kimi onun telefonunu blok etmiş, digər nömrələrdən zəng vurduqda isə telefonu açaraq icra məmuru olduğunu bilən kimi söndürmüşdür. Qeydiyyatda olduğu ünvanda isə yaşamadığı üçün şəxs barəsində axtarış qərarı qəbul edilmişdir. İcra məmuru həmçinin bildirmişdir ki, hazırki iş üzrə Şəxs barəsində daha öncə də, 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmin prosesdə Şəxs borcu qısa müddətə ödəyəcəyinə söz verdiyi üçün məhkəmə iş üzrə icraata xitam vermişdir. Borclunun qərzəli olaraq icranı təmin etməməsini, icra məmurunun çağrışlarından yayınmasını nəzərə alaraq onun barəsində tədbir göülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. İşləmədiyi və maddi imkanı olmadığı üçün ödəniş edə bilmir. Hazırda da yalnız dost-tanışları ilə əlaqə saxlayıb borc taparaq 100 manat ödəniş edə bilər. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izhatında bildirmişdir ki, borclu Şəxs dəfələrlə söz versə də borcunu ödəmir, hər dəfə icra məmurunu aldadır, özü isə şöbəyə belə gəlməkdən yayınır. Göstərilən halları nəzərə alaraq onun barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin notariusunun 8i-33165 saylı xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, tələbkar X1 xeyrinə borclu Şəxs 1675 manat pul tutulmalıdır. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı Notariat ofisinin 8i-6005 saylı xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Şəxs xeyrinə 1.420,88 manat tutulmalıdır. İş materillarında olan Şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs imkanının olmadığını, ona görə ödəniş etmədiyini, nə vaxt imkan olsa ödəniş edəcəyini, bu səbəbdən də onu narahat eməmələrini xahiş etmişdir. İş materillarında olan 10 fevral 2023-cü il və 20 aprel 2023-cü il tarixli axtarış qərarlarından görünür ki, borclu Şəxs axtarışı elan edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs iki icra sənədi üzrə borcu olsa da bu günə kimi heç bir ödəniş etməmiş, icra idarəsinə könüllü gəlməkdən imtina etmiş, bu səbəbdən də axtarış qərarları ilə onun icra idarəsinə gəlməsi təmin edilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında imkanı olmadığı üçün ödəniş etmədiyini, nə vaxt imkanı olarsa o zaman ödəniş edəcəyini və onu narahat etməmələrini xahiş etmişdir. Məhkəmə iclasında da ödəniş edə bilmədiyni, yalnız dostlarından 100 manat borc tapıb ödəniş edə biləcəyini bildirmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. O icra sənədindən məlumatı olsa da icra sənədini qərəzli olaraq icra etməmiş, borcları ödəməkdən qəsdən yayınmış və icra məmurunun çağırışlarına gəlməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2804/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2804/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver