Məhkəmə qərarları › İş №3(060)-2804/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2804/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2804/2025 17.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Qüdrətli Pərvin Fətəli oğlunun iştirakı ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 30149938 saylı qərardan X2 Fətəli oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Fətəli oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, EQ 30149938 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərar ləğv edilməsini, şikayətinin təmin edilməsini xahiş etmişdir. Qüdrətli Pərvin Fətəli oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, N.Nərimanov küçəsində maşınını nəqliyyat vasitələrinin hərəkət hissəsinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 9-10 metr aralı saxlamasına baxmayaraq sms radar tətbiqi vasitəsi ilə İXM-nin 346.5-ci maddəsi ilə təqsirli bilinib 40 AZN və 2 bal cərimə olunmuşdur. Məsələ ilə bağlı dəfələrlə 102-yə zəng edib bildirmişdir. Cavab gəlməyəndən sonra My Gov mobil tətbiqi vasitəsi ilə Baş Dövlət Yol Polis İdarəsinə müraciət ünvanlamışdır. Müraciətdə qeyd etdiyi mail ünvanına daxil olmuş və müraciətinin Sumqayıt Şəhər Polis İdarəsinə göndərildiyi yazılmışdır. Bir müddət sonra Sumqayıt Şəhər Polis İdarəsindən mobil telefonuna zəng daxil olmuş, qərardan narazı qaldığı halda məhkəməyə müraciət edə biləcəyini bildirilmişdir. Bir həftə bundan qabaq yaşadığı ünvana Sumqayıt Şəhər Polis İdarəsindən rəsmi məktub daxil olmuş və başlanmış araşdırmanın dayandırıldığı qeyd edilmişdir. Bildirmək istəyir ki, avtomobilinə yazılan cərimə qanunsuzdur, çünki qanunda göstəriləən 5 metr məsafəyədək aralı saxlamışdır. EQ 30149938 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərar ləğv edilməsini, şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Qüdrətli Pərvin Fətəli oğlu bildirdi ərizəsinə uyğun çıxış edərək məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 30149938 saylı qərara əsasən Qüdrətli Pərvin Fətəli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 30149938 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. Qərardan şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş şəkillərdən görünür ki, şikayətçinin avtomobilini saxladığı ərazidən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən çox məsafə vardır. Lakin inzibati xətanın qeydə alındığı zaman KHAZAR LX minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həqiqətən dayanacaqdan hansı məsafədə olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Qüdrətli Pərvin Fətəli oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30149938 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qüdrətli Pərvin Fətəli oğlunun şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 30149938 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar