Məhkəmə qərarları › İş №3(060)-2805/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2805/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2805/2025 14.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru X4, X1 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İXP7425883 saylı xx.xx.2025-ci il tarixli inzibati təbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat (3 cərimə balı) məbləğində cərimə olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsinə əsasən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 Giriş qadağandır” yol nişanının tələblərinin vəya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevretmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrini, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1,1.3,1.11 üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönməyə və yaxud maneəni kənardan keçməyə görə 100 manat cərimə edilir. Ona bu inzibati xəta haqqında qərar X12 ərazisində işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” əsas gətirilərək tərtib olunmuşdur. Bu qərar qəbul olunmazdan əvvəl Yol Polis Xidməti İnspektoru Polis Serjantı (bundan sonra Yol Polis Əməkdaşı) X5 irəli sürdüyü iddia ilə bağlı sübutunun (video görüntü) olub-olmadığını soruşdu. Bu zaman Yol Polis Əməkdaşı bu barədə sübutun hal-hazırda vətəndaşa göstərilə bilməyəcəyini, tərtib olunacaq protokolun qərarsız” olacağını “qərarsız” protokolun qurum daxilində araşdırıldıqdan sonra vətəndaşa məlumat veriləcəyi bildirdi. Görüntüləri nəyə görə göstərə bilmədiyi soruşulduqda heç bir səbəb gətirilmədi. Protokoldan şikayət edə biləcəyi bildirildi. O tərtib olunmuş protokoldan e-Polis tətbiqi vasitəsiylə xx.xx.2025 tarixində Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə” şikayət etdi. Ona xx.xx.2025-ci il tarixində bu şikayətin Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki cənab Fəqan Azadəliyevə yönləndirildiyinə dair icraata dair məktub göndərildi, icraata dair məktubda Müraciət icraata daxil olduqdan sonra 10 gün müddətində araşdırmanın nəticəsi barədə Baş DYP İdarəsinə və vətəndaşa məlumat vermənizi xahiş edirik” yazılmasına rəğmən ona bu barədə məlumat verilmədi. Müraciətə baxılmamağı ilə bağlı 102 Xidmətinə xx.xx.2025 və xx.xx.2025 tarixlərində müraciət etdi. Müraciət qeydə alınmağına baxmayaraq heç bir halda geri dönüş edilmədi. Məlumat almaq üçün xx.xx.2025-ci iltarixində Sumqayıt Şəhər Yol Polis İdarəsinə yaxınlaşdım. Proses haqqında inzibati tədqiqatçıya məlumat verdim. Videogörüntünün əldə oluna bilməyəcəyi, yalnızca məhkəməyə müraciət etməli olduğu bildirildi. Yol Hərəkəti Qaydaları, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalara dair çıxarılan inzibati tənbəh vermə haqqında qərar TP 758301 başlıqlı sənədi aldı. Göründüyü kimi, qeyd etdiyi bu prosesdə gecikməyə səbəb proses ardıcıllığında iştirak edən səlahiyyətli orqan və ya vəzifəli şəxslərdən biri və ya bir neçəsi tərəfindən hərəkətsizlik (İXM. Maddə 596) olmuşdur. Proses 20 gün ərzində tamamlanmamışdır. İXP7425883 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın qanunauyğunluğu iddiaçı tərəfindən sübut olunmadığı təqdirdə ləğv edilməyini xahiş edir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 şikayətin mahiyyətinə uyğun izahat verərək xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru X8 bildirmişdir ki, şikayətçi işıqforun qadağanedici işığında hərəkət etmiş, bu səbəbdən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati xəta hadisəsi tərəfindən aşkarlanmış, YPX avtopatrulu yan istiqamətdə dayandığına görə pozuntu videoqeydiyyata alınmamış, lakin həmin ərazi təhlükəsizlik kameranın əhatə dairəsində olmuşdur. Təhlükəsizlik kamerası qeydiyyatı 1 ay müddətində saxlanıldığından hazırda görüntülərin təqdim edilməsi mümkün deyil. Qəbul etdiyi qərarı müdafiə edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Nurlan Qurbanlı barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Sülh və Heydər Əliyev küçələrinin kəsişməsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyinə görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş elektron müraciətdən görünür ki, Nurlan Qurbanlı xx.xx.2025-ci il tarixində həmin qərardan DİN BDYPİ-yə elektron müraciət etmişdir. İş materiallarında olan DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13-16/2-Q- 1848xx/xx/2025 nömrəli məktubu ilə müraciət araşdırılması üçün Sumqayıt ŞPİ-yə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İXM-in 53.2-ci maddəsinə əsasən Nurlan Qurbanlının təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə əlavə sübut təqdim edilməsi tələb edilsə də, qərarı mübahisələndirilən tərəf məhkəmə iclasında izahat verməklə kifayətlənmiş, əlavə hər hansı sübut təqdim etməmişdir. Qərarın qəbul edilməsinə uzun müddət keçdiyi üçün şəhər təhlükəsizlik kamerasında olan görüntülərin saxlanılmamasına münasibətdə məhkəmə bildirir ki, xx.xx.2025-ci il tarixli qərar şikayətçi tərəfindən həmin gün mübahisələndirilmiş, xx.xx.2025-ci il tarixində müraciət araşdırılması üçün Sumqayıt ŞPİ-yə göndərilmişdir. Bununla da, qərarı qəbul etmiş tərəfindən videogörüntüləri arxiv etməsi üçün səbəb mövcud olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bununla da, məhkəmə nəticəyə gəlir ki, yalnız qərarı qəbul etmiş vəzifəli şəxsin izahatı ilə şikayətçi Nurlan Qurbanlının inzibati xəta hadisəsi üzrə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin olunsun. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar X3 adına qeyd edilmiş xx.xx.2025 -ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin, ona hesablanmış dəbbə pulunun və cərimə balının silinməsi, cərimə və dəbbə pulu ödənildiyi təqdirdə geri qaytarılması üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar